Bir anlıq robot Sofiyanı düşündüm. Dünya turuna çıxıb. Ölkələri gəzir, tərifləyir, insanlarla görüşür, suallarını cavablandırır. Buna görə də yaxşıca pul alır. Sofiya Azərbaycana gəlmişkən təsəvvür edək ki, bu robotu bir azərbaycanlı yaradır. Sizcə nə baş verərdi? Yaxın oturun, izah edim.
Ondan başlayaq ki, bu robotun adı Sofiya yox, ən yaxşı halda Sevil olardı. Adını qısaldıb Seva çağırardılar. Bir şeyə diqqətinizi çəkim. Robotun əsli ilə bizə gələn variantı arasında dərin bir dietik uçurum var. Bizi ziyarət edən Sofiya balıq ətlidir. Görünür, onu göndərənlər də kişilərimizin zövqünü və qadınlarımızın halətini nəzərə alıblar. İndi əgər robotu bizdən biri yaratsaydı, çox güman ki, bu detalı vacib sayıb nəzərə alardı.
Hə, onu deyirdim axı. İllərdir müşahidə edirəm, bizdə belə robot ixtiraları xırda-xırda olsa da var, amma televiziya bunu önə çəkmir. Çox güman ki, bizdən birinin yaratdığı Seva adlı robot cəmiyyət tərəfindən diqqət görməyəcəkdi. Ona görə də, məcbur qalıb neyləyəcəkdi?
Evrika!
Robot Sevanı tanıtmaq üçün məcbur qalıb orasına-burasına əl gəzdirəcəkdilər. Slikon dodaq, botokslu yanaqlar, tatuaj qaşlar, kəsilmiş burun. İndi bunu elə yazıram ki, guya robotun harasısa Allah verəndir. Zalımın balası, onsuz da robotdur da. Ha botokslu yanaq, ha slikonlu dodaq.
Yox, əzizim, bizim üçün fərqi var. Bununla da iş bitmir.
Bu binəva robot Sevaya yaxşıca bir proqram da yükləyəcəkdilər. Məsələn, yaxşıca burcuda bilsin, oynaya bilsin, tullanıb-düşsün, təpik atasın, şpaqat açsın. Bunu da bildimi? Veriy qud!
Sonra bunun beyninə bir dənə də manıs mahnılardan ibarət proqram yükləndimi, oldu bu məsələ. Yox, olmadı. Hanı bu Sevanın sponsoru, pul buraxanı? Sizcə Sevaya kim sponsor çıxardı? Adı sirr qalsın, amma mütləq bir sponsor çıxardı. Ya kolbasa sexinin müdiri, ya da hansısa avtosalonun yiyəsi. Nə fərqi, əsas odur ki, oldu bu iş.
Sevaya bir intagram hesabı da lazımdı. Hesabı açılır, bu işlə xüsusi adamlar məşğul olur. 30-40 min bekar adam izlədimi, haydi irəli! Bizim bu Sevaya bir klip də çəkirlər. Mahnısının sözlərini də özxü yazır, musiqisini də.

Bu mahnı ilə tutuzduran Seva efirlərə ayaq açacaq. Toylara dəvət alacaq. Gördü ki, gündəmdən düşür, onun başına qalmaqal yaratmaq üçün bir-iki düşük cümlə də yükləyəcəklər, vəssalam.
Beləcə bizim robot Seva zamanla, mühitlə ayaqlaşmağa məcbur qalacaq. Bircə qorxum var. Bizim bu Seva da onu yaradanlara qarşı çıxıb başına oyun açmasa yaxşıdır. Təcili bu Sevaya bir ər tapmaq lazımdır. Hə, bax onu buraxaq bizim ixtiraçıların öhdəsinə. İnanıram ki, tezliklə onun başı öz ailəsinə qarışacaq...
Əsas odu ki, bizim bu möhtərəm robotu adam yerinə qoyub Ərəbistanın vətəndaşı kimi də qəbul ediblər. Görünür, robotda özlərində olmayan nələrisə tapıblar və deyiblər, axır ki, bir insan çıxdı orataya.
Sofiyanın bir cümləsi çox kədərli idi:
- Azərbaycan mətbəxi çox dadlıdır, amma təəssüf ki, mən dadına baxa bilmirəm.
Anan ölsün, ay Sofiş.
Bir az düşündükcə dərk edirəm ki, biz də yavaş-yavaş hissiyatsızlaşamağa başlayırıq. Texnoloji inkişaf bizi robotlaşdırmırmı? Misal üçün, hər gün feysbukda zamanımız uçub gedir. Bir dəqiqənin içində bütün hisslərimiz bir-birinə qarışır. Eyni anda ard-arda birinin ölüsünə kədərlənib, birinin doğumuna sevinib, birinin də statusuna gülürük. Bu üç hissi eyni anda necə yaşayırıq, bir neçə saniyə içində necə həzm edirik, anlamıram.
Hər şey o qədər əlçatan olub ki, artıq teatrlar, sirklər də insanlara maraqlı deyil. Heç kim başını əziyyətə verib düşünmək istəmir. Əlinin altınd internet olan biri tapmaq istədiyi şeyi iki dəqiqəyə axtarıb tapır. Onun nəyinə lazımdı teatr, film, ədəbiyyat?


Bakı -°C
