adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Rafiq Tağı ki Rafiq Tağı...

14430 | 2011-11-26 11:49
(əvvəli ötən sayımızda)
   
   
   
   Mən Rafiq bəyin tünd xasiyyətinə bələdəm, eləyər, eləyər.
   
   Xırdalasaq, görün bu bircə cümlədə onun kimliyini göstərən nə qədər incə məqamlar gizlənib.
   
   "Evimi sataram" - yəni, silah -sursata pulum yoxdur, yəni, bərk ayaqda borc pula, onun-bunun hesabına iş görüb özümü abırdan salmaram, yəni, öz külüm də AXCP əhlilə göyə sovrulandan sonra oğul-uşaq miras borclarımın xəcalətini çəkməz və nəhayət, yenə də yəni, mən də mənəm.
   
   Hə, yeri düşmüşkən, onu da deyim ki, Rafiq bəy haqq-hesabda düzlüyə son dərəcə qail adamdır. Borc pul alıb dalına keçən qələm sahiblərindən və başqalarından deyil.
   
   Rafiq Tağı, doğrudan da, haçansa şərəf naminə terrorçuluğa əl atmaq üçün evini satsa, aldığı "limonka"ları mütləq "diplomat"ına yığacaq. Onun "baqajnik"inə üç sıra, beş-beş düzsək, düz on beş "limonka" yerləşər.
   
   Yaxşı ki, cəbhəçilərin "klassik" qanadı çox dirənmədi. Yoxsa, Rafiq bəyin əlindən xata çıxacaqdı.
   
   Düzdür, uzun çək-çevirdən sonra "ANS"-də onun dilindən "Üzr istəyirəm!" qopartdılar. Ancaq, gözünə döndüyüm günahkar, "klassiklər"dən deyil, üzrü Elçibəyin ruhundan dilədiyini bildirdi.
   
   Onun vur-tut ikicə yolu vardı: ya qarşı tərəfdən üzr istəmək, ya da terrorist olmaq. (ABŞ-ın qulağına qurğuşun!) Yaxşı ki, o, terrorist olmadı, elə bircə bin Laden yazıçımız çatışmırdı.
   
   Yazıçı Anarın bu mövzuda Rafiq bəyə atmacasını da yada salaq. Qulağımla eşitdim, Anar müəllim Yazıçılar Birliyinin "Natəvan" klubundakı yığıncağında Birliyin bu ərköyün üzvünə üz tutub dedi:
   
   "Elçibəyin şərəfini qoruyan təşkilat vardı, ona görə mərhumun ruhundan üzr istədin, amma Mirzə Cəlilin arxasında duran dılğır bir qurum olmadığı üçün onun incik ruhundan (Rafiq Tağı bir yazısında xərifləyib Mirzə Cəlili "ədəbi kollaborasionist" adlandırmışdı) üzr istəmək yadına düşmədi".
   
   Aradan xeyli müddət keçib, hələ də Rafiq bəy Anarın bu sərrast ittihamına yönlü və yaxud yönsüz bir cavab verməyib.
   
   Qələmi yerə qoyuram, köhnə vaxtlarda dediyimiz kimi, burda bir "perekur".
   
   Əşşi, postmodernizm yançısı Həmid Herisçilə hardan bizə ürcah oldu? Modernizmi keçdik ki?! Hayıf deyildi, fikirlərimizi qələmimizin iynəyə bənzəyən ucu ilə sapa muncuq kimi düzə-düzə gedirdik. İndi dəbdə olmaq üçün gərək oxucuya xəbərdarlıq-zad eləmədən qəfil gedişlər edəsən, gözbağlaycıfason fokslar göstərəsən.
   
   Daha iş işdən keçib. Həmid də özümüzünküdür, onun postmodernist qıdıqlamaları Rafiq Tağının "ilham atlarının mehtəri" adlandırdığı (Nə qansız adamdır bu R.Tağı?!) Vaqif Yusifli haqqında yazdıqlarının yanında toya-bayrama getməlidir.
   
   Qərəz, postmodernizm kirvənin də könlünü aldıq.
   
   Valı çevirib, havanı dəyişək.
   
   Deyəsən, Allah Rafiq Tağını yaxşısını-pisini saf-çürük eləyənlərindən biri kimi yaradıb. Rafiq bəy gücsüz, yazıq, imkansız, bədbəxt, mağmın və bu seriyadan olan adamların həm dostu, həm də sözçüsüdür. Onun üçün, məsələn, il boyu səhərdən axşamacan "Azərbaycan" nəşriyyatının yan-yörəsində gicəllənən İlyas Ərnəfəs hər hansı ətli-canlı kişi, incə-mincə, xanım-xatın qadın millət vəkilindən çox-çox maraqlı tip və bədii obyektdir. O, bir ayağı o dünyada olan, huşu getmiş, haqqı tapdanan qocaya görə istənilən yekə adamı güdaza verməyə hazırdır. Onun demokratiyasında zərrəcə güzəşt yoxdur.
   
   Cəmiyyətdə problemlər yaradan obyektiv səbəbləri sadalayanda Rafiq bəy döyükə-döyükə sənə baxsa da, danışdıqlarının axırda beş qəpiklik qiyməti olmur.
   
   Ay nə bilim, təzəcə qazandığımız dövlət müstəqilliyi, keçid dövrünün əngəlləri, Qarabağ müharibəsi, qaçqınlar, superdövlətlərin siyasi məngənəsində sıxılmağımız, iqtisadi gerilik - Rafiq bəyin demokratiya şüuru bunları nəzərə almır. Onun nəzərində demokratiya demokratiyadır, vəssalam!
   
   Bayaq təxminən belə dedim ki, Rafiq Tağının tənqidi yırtıcı tənqiddir. Tənqidçi Vaqif Yusiflidən sitat gətirək: "Yazıçılar, özünüzü Rafiq Tağıdan qoruyun!" Zırıltı kəlamdır. Bu sözü elə-belə adam desəydi, fikir verməzdik, ancaq, avtoritetin sözündən sonra, indi Rafiq Tağını görəndə şəkkə düşürsən. Hətta, hərdən onun kamikadze kimi şübhəli davranışından ürəyin düşür. Allah, özün saxla!
   
   Bilirsiniz ki, dozasına görə tənqidlər müxtəlif cür olur. Rafiq bəy bu məsələdə zəhər tuluğudur və onun saçmaları tənqidin sonuncu, öldürücü stadiyasıdır. Qabaqlar elektrik dirəklərində xəbərdarlıq lövhəsi asılardı və onun ruscadan tərcüməsi beləydi: "Əl vurma, öldürər!" Bax, Rafiq bəy də hərdən həmin elektrik dirəklərindən birinə dönür.
   
   Onun yaşıdları gözlərini açıb ədəbiyyatda (elə siyasətdə də) ötəri, miyana, elə-belə, "xala xətrin qalmasın" tənqidlər görüblər. Uzun-uzadı tərifdən sonra cüzi, nəsihətvari iradlar eşidiblər. Məsələn, rəhmətlik Mirzə İbrahimov tanınmış dövlət adamını bacardığı qədər geninə-boluna öyəndən sonra deyir: Əziz yoldaş... icazə verin, bir az da sizi tənqid edim... Pauza. Rəyasət Heyətinin tən ortasında oturmuş həmən əziz yoldaş arif olduğu üçün ona məlum, lakin başqalarına naməlum üslubda tərifin qabağında xeyli təmkinli və toxdaq görünür. İclas iştirakçılarının isə gözləri bərəlir. Necə? Tənqid? Baho, deyəsən, hörmətli Mirzə müəllim çaşıb.
   
   Bu dəm Mirzə müəllimin yastı səsi yenidən eşidilir:
   
   - Əziz yoldaş... Siz çox işləyirsiniz, özünüzü yorursunuz, səhhətinizlə lazımi qədər məşğul olmursunuz. Xahiş edirəm, hərdən istirahət edin, sağlamlığınızın qeydinə qalın, siz xalqa çox lazımsınız.
   
   Və salondakılar, elə Mirzə müəllimin özü də zəif, seçmə tütün doldurulmuş qəlyanın saçaq-saçaq tüstüsünə oxşayan rahathülqum bir nəfəs alır... Əla! Fantan! Neynədi əəə Mirzə müəllim!
   
   İndi adamlar qazdan ayıqdır, belə tənqidlər yerimir. Obyektiv, bütöv tənqidlər olmasa da, fısqırıq öcəşmələr, "Dartma, yaxam cırıldı!" notları üstə boğuşmalar baş alıb gedir. Ancaq, motivindən və keyfiyyətindən asılı olmayaraq, finişə çatan tənqid lap azdır.
   
   Niyə ədəbi, ictimai-siyasi tənqidlərdə müəyyən hədd gözlənilir?! Hə, bax, indi sarı simə toxunmalı olacağam.
   
   Deyək ki, bir məşhur müxalifət nümayəndəsi başqa bir tanınmış iqtidar yetkilisini, əski və sürtük ifadə ilə desək, tənqid atəşinə tutur. Deyir, deyir, deyir... gəlib bir sərhəd ki var, ora çatanda dayanıb dəvə kimi xıxır. Yaxşı bilir ki, daha həddi aşmaq olmaz. Axı bundan o yana ikisi də eyni cür qələt qarışdırırlar. Bir az da aydınlaşdırıram; yığıb altını doldurmaq ehtirası, araçı, işdüzəldən kimi gecələr səlahiyyətli adamların qəbul otaqlarında üz-üzə gəlmələri, dəbdəbəli yaşam tərzini qazanmaqdan ötrü nəyə desən razı olmaları, kef, bazlıq məsələləri onları bir-birinin yanında boğaz eləyir. Belə məqamda onlar, dəllallar kimi razılaşma yolu ilə susurlar.
   
   Rafiq bəyin yeyib-içdiyini zəhərə döndərən, şəkildən-şəklə düşən belələridir.
   
   Son on ildə Rafiq Tağıdan çoxlarının ağzı yanıb.
   
   Vaxt vardı o, bütün müxalifət qəzetlərinin ən dəbdə olan yazarı-yazıçısı idi. "Rafiq bəy, orda oturma, burda otur!" Bir oyun durğuzurdular, gəl görəsən. Ambisiyalılar hamısı rəqibinin əleyhinə ondan bəhrələnmək istəyirdi. Ancaq, qoltuğuna qarpız verdiklərini sonradan peşman eləmək Rafiq Tağının köhnə ibnəsidir. Rafiq bəy "Qırmızı dastan" kimi yazıları yazanda müxalifət camaatının əziz-bircəsinə çevrilmişdi. Onu "bəh-bəh"lə, xahiş-minnətlə partiyaya qəbul eləmişdilər, hətta əlüstü, sorğu-sualsız Siyasi Şuranın üzvü seçmişdilər. Elə ki, "Göy dastan" ortaya çıxdı, ondan soyudular, o, öz həmfikirlərini tənqid edəndə isə "əqidə" dostlarının əlləri yanlarına düşdü. Daha sonra yazdıqlarının bəhrəsi bu oldu ki, bütün müxalifətdə duran partiyalı qəzetlər ona əyri-əyri baxmağa başladılar və müxalifət Rafiq bəyin pisini vurdu. Axırda Rafiq bəyin gözündə müxalifət, müxalifətin gözündə Rafiq Tağı çürük çıxdı.
   
   Artıq Rafiq Tağı müxalifətçilər üçün arzuolunmaz şəxsdir. Daha hər hansı bir müxalifət rəhbərinin nəyinə lazımdır "boşboğaz"ın birisini özünə yaxın buraxıb, olsun pis kişi. İndi həmin adamların onun haqda fikri məlumdur: "Rafiq Tağı vızqırdacaq!"
   
   Daha Rafiq Tağı bütün siyasi təşkilatlardan gen gəzir, bitərəfdir. Ancaq o, bitərəf kimi yenə də şərəşür, ipə-sapa yatmazdır.
   
   Bu yazıçı siyasətçilərin başına gətirdiyi oyunu indi də yazıçıların başına gətirir. O heç vaxt oxu atıb, yayını gizlətmir. Ümumi giley-güzar edib "Ad çəkmək istəmirəm" ifadəsini qətiyyən işlətmir, düznəquludur.
   
   Bayaq başqa cür demişdim, indi də bakılılar demişkən, alayı cür deyirəm: dili şirin, qələmi acı olan Rafiq Tağıdan çoxlarının xoşu gəlmir, nəinki xoşu gəlmir, hətta zəndeyi-zəhləsi gedir. Bunlar adi adamlar olsaydı, dərd yarı idi. İllət burasındadır ki, həmən adamların əksəri bərkgedən tanınmışlar, Telman Orucovun sözü olmasın (lap olsun!), "qoliaf"lardır. Amma, insaf da yaxşı şeydir, gərək onu da deyək ki, meydangirliyindən və "lotuluğ"undan qalmayan bu "yaramaz"ın Zəlimxan Yaqub kimi bir məzhəbə qulluq eləyənlərdən heç vaxt solaxay yazısı olmayıb, olmayacaq da. Onun işi nala-muxa vuranlarladır.
   
   Rafiq bəy qayğıkeş və "kəllə" həkimliyinə, adam içində ipək xasiyyətinə (dostumuz Paşa Qəlbinur kimi), yumşaq, lirik-psixoloji hekayələrinə görə böyük hörmət sahibi ola bilərdi, amma...
   
   Amma, hayıf ki, onun buynuzu da var. Bir də gördün qəfildən kimisə götürdü buynuzuna.
   
   Bir neçə müddət bundan əvvəl yenə onun beyninin qurdu tərpəndi.
   
   Hər il uzunmüddətli Əylis səfərinə çıxıb oradan "dərs gətirməyə" (Əbdürrəhim bəyi də yad edək!) gedən şirin-şəkər Əkrəm Əylisli bu il də döş oğlan kimi Bakıya qayıdanda Rafiq bəy onu burunlayıb qəzetdə haylı-haraylı qələm dostuna papaq atdı: "Əkrəm Əylisli ictimai rəylə gizlənpaç oynayır". Yəni o, nahaq yerə Əylisə gedib-gəlməyini dilə-dişə salıb fors eləyir. Kiminsə öz kəndində lövbər salmağı nə matah şeymiş?
   
   Əkrəm Əylisli Rafiq Tağının bu atmacasını eyninə almadı. Çünki Rafiq bəy haqqında mötəbər sözünü o, bildir, ya inişil deyib: "...Dostum Rafiq Tağı da orijinal görünməyin köhnə bazıdır, ixtisaslı həvəskarıdır". (Yəni Rafiqin dediklərinə bir qoz).
   
   (ardı var)

TƏQVİM / ARXİV