adalet.az header logo
  • Bakı -°C

Azərbaycanın neft hasilatının azalması təsadüfdür, yoxsa zərurət və bu proses hara gedir?

139 | 2026-01-09 12:15
A- A+

“Diş məəcunu bitəndən sonra onu bərk sıxmaqla bir neçə gün də içindəkiləri çıxarıb istifadə etmək olur. Amma bir gün gəlir nə qədər sıxılsa da ondan heç nə çıxmır. 2010-cu ildə 50 milyon ton səviyyəsini keçən Azərbaycanın neft hasilatı sonrakı illərdə tədricən və ardıcıl şəkildə azalır. Bu azalma təsadüfi deyil və dalğalanma kimi də qiymətləndirilə bilməz. Son illərin rəqəmləri göstərir ki, 2023-cü ildə hasilat 30,2 milyon ton səviyyəsinə enib, 2024-cü ildə isə bu göstərici daha da azalaraq 29,2 millyon ton olub. 2025-cu ildə 28,5 və 2026-cı ildə 27,6 milyon ton kimi açıqlanan proqnozlar da eyni istiqaməti təsdiqləyir və neft hasilatında enişin davam edəcəyini göstərir”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

“Qrafikdən də göründüyü kimi son iki ilin proqnozlarında azalma tempi ildən ilə sürətlənir. 2025-ci ildə bu fərq 0,6 milyon tona yüksəlir, 2026-cı ildə isə artıq 0,9 milyon ton təşkil edəcəyi proqnoz edilir.Bu adi riyazi ədədi silsilədir və silsilə fərqi mənfi 0,3 milyon tondur. Ədədi silsilə ilə hesablasaq, 2024-cü ildəki 29,2 milyon tonluq hasilatın 21 milyon ton səviyyəsinə enməsinin 2030-ci ilə təsadüf edəcəyini görə bilərik.Amma burda daha bir məsələ var ki, digər faktorlar nəzərə alınmır. Məsələn, bu gün neft hasilatının kəskin enməməsi üçün investisiyalar hesabına elə bir texnalogiya tətbiq edilə bilər ki, bir neçə il sonra lay ehtiyatların azalması səbəbindən azalma daha kəskin ola bilər. Və ya əksinə, hansısa quyuların yenidən işə salınması, hansısa yataqların daha böyük investisiya hesabına və daha güclü tüxnalogiya hesabına istismar edilməsi bu azalmanın tempini aşağı salar. Yəni bütün bunlar artıq neft mühəndislərinin daha dəqiq bildiyi və etdiyi məsələlərdir.Lakin bütün bu texniki dəyişənlərdən asılı olmayaraq dəyişməyən bir reallıq var ki, neft tükənir və Azərbaycan üçün neft amili əvvəlki onilliklərdəki həlledici rolunu tədricən itirir. Hasilatın azalması artıq mühəndislik və texnologiya məsələsi deyil. Bu artıq iqtisadi modelin dəyişməsi zərurətidir. Məhz buna görə də iqtisadi planlama yalnız bugünkü neft gəlirlərinə deyil, qarşıdakı illərin daha aşağı hasilat reallıqlarına söykənməlidir. Həmçinin neft hasilatındakı azalma risk kimi yox, vaxtında düzgün oxunduğu halda yeni iqtisadi mərhələyə keçid üçün obyektiv siqnal kimi qəbul edilməlidir. Və əsas məsələ bu siqnalların gecikmədən real qərarlara çevrilməsidir”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN

  • Yanvar:
  • 9

TƏQVİM / ARXİV