“Doğrudur, İslam dininin mahiyyəti məzhəbçiliyin, firqələrə parçalanmanın əleyhinədir. Ancaq tarixi proseslər və müəyyən səbəblər dinin çoxsaylı məzhəb, təriqət və cərəyanlara bölünməsinə gətirib çıxarıb. Bu tendensiya ölkəmizdən də yan keçməyib. Nəticədə inanclı əhali bir neçə məzhəb üzərindən dinə etiqad edir. Vaxtilə Hənbəli, Şafii, Zeydi fiqhi məzhəblərinə, Mötəzilə, Əşəri, Maturudi etiqadi məzhəbinə, Səfəviyyə, Xəlvətiyyə, Hürufilik, Nəqşbəndilik sufi təriqətlərinə bağlı olanlar olsa da zamanla əriyib getmiş yalnız şimal bölgəsində Şafiilik və əsasən aparıcı məzhəblər olaraq ölkəmizdə Hənəfi sünniliyi və Cəfəri şiəliyi qalmışdır ki, Şafiilər etiqadda Əşəri, Hənəfilər Maturudi, Cəfərilər isə İsnaəşəridir. Qismən də Nəqşbəndilər mövcuddur”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, müasir dövrümüzdə peyda olan vəhhabizmin Sələfi qolunun isə ölkəmizdə heç bir təməli, özəyi yoxdur:
“Çünki bu cərəyan çox sonralar yaradılmışdır. Hazırda ölkədə mötədil və ənənəvi şiəliyi siyasi İran şiəliyi kimi tanınan şüubiyyə rafiziliyinin əvəzləməsi, ənənəvi sünniliyi də özlərini Sələfilər kimi təqdim etməyə cəhd edən vəhhabiliyin əvəzləməsi təhlükəli nəticələr verə bilər. Ənənəvi və mötədil şiəlik, eyni sünniliklə uzlaşır, dil tapır, hardasa vəhdətə gəlir. Lakin vəhhabizm ilə rafizizm tam əks qütblərdə dayanaraq barışmaz düşmən mövqelərdə yer alırlar. Siyasi və radikal şiəlik ekstremist vəhhabizmlə üzləşərək əslində bir - birini inkişaf etdirirlər. Rəqabət zəmini yaradıb bir - birinə pas ötürürlər. Siyasi fars şiəliyi ilə (rafizizm) radikal ərəb vəhhabizmi üz - üzə gələndə ötən qərinəmizdəki İraq və Suriya nümunəsi yaranır. İŞİD radikal ərəb vəhhabizminin etiqad əsasları ilə, irançı İraq milisləri və Suriyadakı keçmiş Əsəd rejiminin "Şəbbiha" adlanan gizli xidmət qurumu siyasi şiəliyin, rafizizmin fərqli görkəmdəki təqdimatı ilə üz-üzə gələrək Yaxın Şərqi elə qan gölünə döndərdi ki, 60 - dan artıq dövlət birləşib iyirmi ilə yaxın vaxt, milyardlarla pul, on minlərlə əsgər qanı sərf etdi ki, bəlanı aradan qaldırsınlar”.
O, bildirib ki, ənənəvi sünnilik və ənənəvi şiəlik xurafatlarla zəngin olsa da radikalizmə, siyasətə meylli deyil:
“Özlərini "Əhli Beyt aşiqi" adlandıran siyasi şiəlik nümayəndələri və özlərini "Əhli sünnə vəl cəmaət" elan edən vəhabilik mənsubları müasir texnologiyalardan, sosail şəbəkə imkanlarından geniş istifadə edərək ölkədə dini mühiti ixtilaflı görkəmə, əcaib şəklə salırlar. Bütün müzakirə və çıxışlar, mövzular demək olar ki, bir - birinə qarşı yönəlir. Sanki bir - birini sıradan çıxarmağa çalışırlar, lakin nəticədə bir - birini inkişaf etdirir, cəmiyyətin dinə maraqlı olan hissəsinin diqqətini həmin mövzulara çəkə bilirlər. Bu da əsasən gənclərdə din haqqında ya mənfi təsəvvür ya da ikisindən birinə meyl yaradır. Orijinal və mötədil İslama qayıdışı ənənəvi şiəlik və ənənəvi sünnilik üzərindən təmin etmək daha asandır. Lakin vəhhabizm və rafizizm üzərindən əsla mümkün deyil”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
