adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

"Xoşbədbəxtlər ölkəsində" - Orxan Saffari yazır

Orxan Saffari
86534 | 2021-05-09 09:10

Azərbaycanda xoşbəxt adam görəndə artıq kədərlənirəm. Bəlkə də, içimdəki paxıllıq hissidi, kədərdi dindirir məni. Hər nədirsə, qəribə bir duyğudur. Xoşbəxt adam görən kimi o dəqiqə əl-ayağa düşürəm ki, ilahi, bu adam niyə bu qədər xoşbəxtdir? Necə oldu ki, xoşbəxt olası oldu? 

Xoşbəxt adam görən kimi başlayıram özümlə danışmağa. Deyirəm, ilahi, bu qədər iyrənc insan var, iyrənc hadisələr olur, siyasəti mundar, ictimaiyyəti qeyri-normal, məişət-mədəniyyət dağılıb, pis, qeyri-normal olan nə varsa, baş verir. Bir sözlə, bu cəmiyyətdə necə xoşbəxt olmaq olar? Xoşbəxt olmamaq üçün minlərlə səbəb olduğu halda, bu xoşbəxt olmağa səbəbi hardan tapıb, necə tapıb? 

Mən öz adıma deyirəm ki, bu qədər həyasız ola bilmərəm. Bu şərtlər altında xoşbəxt olsam, kədərimdən utanaram. Fikirləşərəm ki, mən niyə bu qədər bədbəxt adamam? Necə bacarıram xoşbəxt olmağı? 

Elə şərtlər altında elə xoşbəxt olan adamlar var ki, xoşbəxt olmağı bəs deyilmiş kimi, hələ adamın üzünə də şiniyirlər. İndi nolar adam xoşbəxt olanda, gərək bunu hər dəqiqə göstərməyə çalışsın? Bir utanma hissi yoxdurmu?! 

Bu şərtlər altında nəinki xoşbəxt adam, sağlam adam görəndə belə qanım qaralır. Əsəbləri yerində, gümrah, vaxtında yatıb, vaxtında duran, yemək rejimi qaydasında olan adamlara əməlli-başlı həsəd aparıram. İnsan bu cəmiyyətin hadisələrinin içində necə nevroz olmaya bilər? Psixoloqu intihar edən ölkənin adamı olaraq xoşbəxt olursansa, şəxsən daş olsun mənim təpəmə. Bəlkə də, mən qəfildən xoşbəxt olsam, ürəyim dayanacaq. Düşünəndə belə ətim ürpənir ki, mən xoşbəxtəm. Təsəvvür edə bilmirəm ki, məni bu cəmiyyətdə narahat edən heç bir şey yoxdur. Şəxsən mən heç ən azı bir xəstəliyi olmayan adamı ciddi qəbul edə bilmirəm. Azından əsəb, şəkər xəstəliyi mütləq olmalıdır ki, harda, hansı şərtlər altında yaşadığının fərqində olasan. 

Əgər sənin 40 yaşdan sonra keçirdiyin qeyri-normal həyat tərzinə görə prostat xəstəliyin yoxdursa, saçın tökülməyə başlamırsa, cəhənnəm saç tökülməsi, heç olmasa ağarmırsa, ayıb olsun. 

Mən bu cəmiyyətin xoşbəxt adamı nədi, heç nəyin fərqində olmayan xoşbəxt pişiyi belə olmaq istəmərəm, heç ola da bilmərəm. Addım başı bədbəxtlik, kədər. Adicə bir stiuasiya bəsdir ki, depresiyaya girəsən. Nə bilim, hər şey çox qəribədir. Ay Allah, ona görə də bu xoşbəxt adamları sənə tapşırıram, bədbəxtlərlə özüm yola gedəcəm.

TƏQVİM / ARXİV