Bu da sizə Qarabağ, bu da sizə Laçın, Zəngəzur... - Orxan Saffari yazır

Orxan Saffari
823 | 2022-01-19 14:28

Bakıda sonuncu dəfə qar gördüyümü xatırlamıram desəm, bir o qədər də yalan danışmış olmaram. Gördüyüm də elə qardı ki, görməsəm ondan yaxşıdır.  

Dizdən demirəm, topuqdan gördüyüm qar "Atamın ayaqqabıları" hekayəmdə gördüyüm vaxta təsadüf edir, onda da Əsgər görəndə "Əsgər əmi" deyirdim. 

Sonuncu dəfə qışın adına layiq qarı gördüm Lənkəranda tələbə olanda, birinci kursda. Elə ilk hekayəm olan "Atamın ayaqqabıları" hekayəsini də həmin vaxtı yazmışdım. Psevdo romantika olmasın, pəncərədən qara baxa-baxa, belə pis çıxmasın, qar pəncərəmi döyəcləyə-döyəcləyə yazmışam, amma siz də məni gəncliyimə bağışlayın, qarşımda kofe yox, içki var idi. "Fso", odur-budur qarla vidalaşmışam. 

İndi özüm əsgərəm, balaca uşaqlar da mənə əsgər əmi deyir. Qaldığım palatkanın pəncərəsindən qara baxmaq olmasa da, sızıltını, vıyıltını iliklərinə qədər hiss edirsən. Dizdən qar olanda da əsgər əmi deyən balaca uşaqlar kimi sevinirsən. 

İndi bu soyuq qış gecələrində, qarın adamın üzünü lezva kimi kəsdiyi vaxtlarda ədəbiyyat, yazı sevgimdən başqa içimi heç nə isitmir. Darıxanda da, sıxılanda da, üşüyəndə də, donanda da beynimdə ancaq özümü yazı, şeirlərlə ovuduram. Gecənin bir aləmi postda-patrulda dona-dona darıxmağı ədəbiyyatla bağlayıb təsəllilənirəm. Soyuqdan gəlib odun peçinin böyründə  qar suyundan olan çaydan vurub, hələ siqaretin də varsa, ciyərinə aldığın tüstü ilə gözəl bir yazının, hekayənin ləzzəti eynidir.  

Mən də özümü ayaqda pafosla saxlayıram, axı. Əsgər yoldaşlarımızla söhbət edəndə də onlara özümə verdiyim təsəllilərin hamısını deyirəm. Deyirəm ki, ən azından xatirələrimiz var. Hamının həsrət qaldığı Laçın, Zəngəzur torpaqlarında xidmət edirik, əziyyət çəkirik. İndi nə qədər bezdirici gəlsə də, bu günlərin hamısı şirin bir söhbətə dönəcək. Bir görün, bu yaşımızda nələr görürük. Düzdü, bu təsəllilər hər adamın içini ovutmasa da, təsiri olanlar olur. 

Əslində, belə məqamlarda elə özünə təsəlli yaxşıdır. Çünki edə biləcəyin heç nə yoxdur. Qar suyu ilə çay da içəcəksən, dizdən-göbəkdən qarın içində gecələr post-patrul da çıxacaqsan, üzünü də qarla qırxacaqsan və sairə və ilaxır.

Amma mən həqiqətən də özümü ancaq bu cür ovuduram, azdan-çoxdan yazıb sərinləyirəm. Bir də görürsən, hansısa əsgər öz-özünə şikayətlənir. Onda da zarafata salıb deyirəm ki, bəs demirdiniz ki, Qarabağı istəyirik, Laçın bizimdi, Zəngəzuru, Kəlbəcəri istəyirik?! Bu da sizə Qarabağ, bu da sizə Laçın, Zəngəzur və digər torpaqlar. Di indi xidmət edin, qoruyun...
 

TƏQVİM / ARXİV