adalet.az header logo
  • Bakı 12°C

"Qüsl" - Saffaridən yeni hekayə

Orxan Saffari
77668 | 2021-04-28 10:47

...Hər tərəf Aşuradı, Kərbəladı, ya İmam Hüseyn,
Bir canımız var uğrunda fədadı yar, İmam Hüseyn"


***
Bayıldan üzü Bibiheybətə bütün maşınlarda, telefon dükanlarında, uşaqların əllərindəki telefonlarda belə səslənən bu mərsiyə ilə üz tutduq Məscidə tərəf. Yol boyu sinədarlar mərsiyə oxuyur, dini kəlamlar deyir, maşınlardan gələn musiqi səsi isə məscidə çatan kimi sönürdü.

Uşaqlıqdan belə görmüşük. Həmişə Məscidə yaxınlaşanda maşındakı musiqinin səsi alınar, salavat çevirib keçərdik...

Mən əhd eləmişdim ki, hər Aşura günü Allahın evinə piyada gedəcəm. Amma əhd deyirəm sizə, bu nə əhddir ki?! Sürünə-sürünə gedən var!

Qarşımızda iməkləyən o qadın nə qədər gülməli görsənsə də, heç birimiz gülmür, onun Allaha olan sevgisindən xoşhallanırdıq. Hələ uşaqlardan biri dilləndi;

- Allah bizim də qəlbimizə belə iman salsın.

***
Mən deyim 15 nəfər, siz deyin 20 nəfər uşaq yolun qırağı ilə əhdə vəfa gedirdik. Artıq hava toranlıqdan qaranlığa keçib. Hər tərəf adam qaynayır, hər yerdə polis maşının işıqları sayrışır. Əstəfurullah, elə bil, diskotekaya gedirik...

Yaşımın 14, imanımın 1400 ilidir. Allahı elə sevirəm, elə sevirəm, lap Əli misalı. O elə sevdaydı ki, onu qəlbimdən elə Allah özü ala bilərdi ki, bəlkə də aldı..

***
Yerdən götürdüyüm uzun "şurup"-u əlimdə oynada-oynada əvvəli narkoman, sonrası Axund İlqara Kərbəla müsibətindən, Əbabil quşlarından suallar verirəm, o da yorulmadan, usanmadan, elə bir şirin dildə izah edir ki, gəl görəsən. Əslində, hər il belə edirik. 10 yaşımdan namaz qılar, oruc tutar, hətta zəkat da vermişəm. Aşuraları da, yalan deməyəcəm, daha çox səhərədək küçədə, məsciddə qalmaq üçün sevirdim. Demək, bir o qədər də əhdə vəfam yox imiş- bunu indi düşünürəm...

Allah uşaqlığıma keçib bağışlasın, evdən saat 9 olmamış çağırırdılar, bütün həvəsimiz də qurşağımızda qalırdı. Hər il düşən bu fürsəti isə Ateist vaxtlarda belə dəyərləndirmişəm...Amma sevgimiz, imanımız öz yerində. Durduq yerə imanımı da yandırmayım o qədər.

***
Məscidə çatmışdıq. İlahi, insan izdihamı. Buranı ancaq ya Allah özü yerə enib dağıtmalıdır, ya hamı səhəri diri açmalıdır. Durna qatarı kimi bir-birimizin arxasınca adamların arasına qarışdıq. Ən qabağda mən idim deyə, elə bil, Musa misalı yarırdım adamları...

Burdan Allaha nə dualar qalxır, Allah!

***
Qəfil ara qarışdı. Dağın başına, məzarlar tərəfə baxıb hərə ağızdan bir söz çıxartdı. İndi olsa, deyərdim, hər ağzı olan danışır, o vaxt dua idi amma...

Bibiheybət məscidinin üzbəüzü- dağın başı qəbirstanlıqdır, yanında kiçik türbə. Nəzir-niyazlar, Allahla müqavilələr də burda bağlanırdı. Türbənin də yanında iynəyarpaqlı, həmişə yaşıl bir ağac. Baxanda özümüz də inana bilmədik heç. Gur işıq, ağacın arxasından isə görsənən ruh! Bəli, bəli, ruh. Bizim bildiyimiz- adam üstünə ağ "prastina" atıb ruha oxşayar ha, bax, elə.

Qorxan kim, heyranlıqla baxan kim, Allahın möcüzəsi deyən kim. Bəs, mən nə deyirəm? Bir az çək-çevirdən sonra bayaq gəldiyimiz uşaqların bir qismi ilə ora getməyi deyirəm. Nə edirik? Qərara alıb gedirik. Üzü dağa, türbəyə tərəf, gecənin bir aləmi, 15-20 nəfər uşaq. Aralarında tanımadığım, üzdən tanıdığım uşaqlar da var. 20-ci sahə ilə Bayıl uşaqlarının qarışığıdır. Ən qabaqda mən gedirəm, bir də bir məhlə uşağım Rahil. Zarafatsız, indi düşünürəm, həyatı roman olmasa da, hekayəyə, povestə gedər. Uşaq vaxtı bizdən böyük idi deyə onun təsirinə çox düşmüşdük. Bir ara "masson" olmuşdu. Yalan-gerçək, deyəsən, "6-ci loja"-dan idi. İnanılması çətin olan faktlar var idi bir az da. Məsələn, ona inamımın itən vaxtlarda 20-ci sahənin kruqunda "pasledni" S-classdan şəkilini çəkdilər. Bir dəfə də məni yolun qırağına çağırıb, düşdüyü maşından "Kalaşnikov" silahını göstərdi. Onda bir az inandım massonlara. Deee ha, dünyanı da idarə edirlər. İndi bir də uzun-uzun yazıb massonların sirrlərini də açmıram. Sonra oldu dindar, sonra ateist, indi yenə dindardır, həm də ən qatısından.

Yadıma bir əhvalat da düşdü. Bir narkomanı yolundan döndərib namaza gətirirlər, bu da gedib olur "vəhabi". Özü də, necə lazımdı. Axırda deyirlər, uşaq gül kimi narkoman idi, getdi qoşul "vəhhabilərə."

Sözüm dindən uzaq, Allaha yaxın. Yolun yarısında Rahilə məzarların yanında olan tabutlardan biri ilə bağlı planımı deyirəm. Deyirəm ki, içinə girim, qəfil uşaqlar gələndə tullanıb çıxım, dəli olsunlar. Ağlımıza batır, amma edə bilmirik. Duyuq düşürlər. Burda nəsə etməsəm, ürəyim partlayardı, ürəyim partlayar da sözdü? İmanım yanardı..

Tabutun içində toz basmış kəfən parçasını, balaca mütəkkəni götürüb vıyıldadıram uşaqlara tərəf. Pəəəəəh. Aləm dəyir bir-birinə. Hırraxana. Allah, iman, məscid hamısı yaddan çıxdı. Qorxusundan qaçan kim, məzarın arxasına girən kimi, söyüş söyən kim.

Söyüş deyirəm e, özü də mənə. Sən demə, atdığım dəyib uşaqlardan birinin peysərinə. Qulağım onu atan adamı söydüyü söyüşü alan kimi dayandığım dikdən Badr Hari kimi tullanıb yumruq vurdum. Amma dəymədi. Ara beləcə qarışdı dağın başında. Danqqq! Bura gələndə yerdən götürdüyüm o uzun şurupda çıxdı cibimdən, sancıldı Zülfüqarın qılıncı kimi oğlanın qoluna!

İlahi, indi yadıma düşür, o nə gün idi elə? Biz nəyə getmişdik, nələr oldu? İşin maraqlı tərəfi ora getmə səbəbin də gülməli olması idi. Heç nə. Böyük sellofan iliş qal ağacda, arxadan da türbənin gur işığı vursun, külək də yellətsin. Konsert!

Yəqin, Allah özü də əməlli gülüb bu hadisəyə.

Dava da sovuşdu, üzrlər istənildi, məhz o günə xatir barışdıq da. Dava qaldı bir qıraqda, bizi barışdıranlar yenə dindən, bu günün özəlliyindən danışdılar. Özü də, indi belə rahat danışmağa baxmayın, o gecə vaxtı məzarların arasında necə əsə-əsə gedirdik. Azca mən qorxmurdum. Qalan hamısı şeytana lənət oxuya-oxuya, dodaqaltı dualar mızıldanıb qalxırdı.

Biz məscidin həyətinə düşüb söhbətlərimizə davam elədik. Bütün ərazi adamlarını burda görmək olardı. Hələ qızlara görə gələn oğlanlar da var idi. Bir qism bu cür oğlanları peysər çıxardır, bir qism də ürəyinin təmizliyindən, qızları başında kəlağayı görməyin həzzindən. Qarışıq söhbətdi burası.

Hələ bir dostum var idi, o vayfaya görə gəlmişdi. Parolu qıranda məzə üçün "yığ, parol ya şeytan666, ya da Molla əmi.com"-dur.

***
Səhərə yaxın idi. Camaat namazı qılınan vaxtı içəri girdik. Başlarının üstünə kitab qoyub, hamı hazır vəziyyətə gəlmişdi. Möhür götürüb arxa sıralarda diz atdıq, bir az təsbeh, Axunddan sözünə qüvvət salavatlar çəkdik.

Bu dəm, bir neçə saat əvvəl dalaşdığım oğlan yenə Musa misalı adamları yara-yara düz getdi Axundun yanına, guya yavaş səslə dedi ki, bəs, mənim peysərimə kəfən dəyib, nə edim?! Hamının üzünə həm gülüş, həm də bir qəribəlik doldu. Oğlan özü də utandı. Heç cür yavaş deyə bilmədi bu sözü. Heç olmasa, boynunun arxası deyərdin.. Axund da nə deyəcəyini bilmədi, dedi, namazdan sonra deyəcəm sənə. O da bunu elə tonda dedi ki, bir biabırçılıq da burda oldu. Oğlanla barışaq da, hiss elədim ki, mənə nifrəti keçməyib. Bu gözəl günü burnundan gətirmişdim əməlli.

Yanımızdakılardan biri üzünü mənə tutub dedi;

- O kəfən dəyməyindən ona görə narahatdır ki, ölümə işarədir.

- Necə yəni ölümə işarədir?

- Yəni, qüsl almalıdır. Meyit qüslu. Mütləq həm də. Ölə bilər.


Uşağam da. Elə narahat oldum ki, namazdan sonra özüm onu tapıb dedim. Dedim, axund deyib. Razılaşdı. Mənim sözümə inanmaq istəmirdi əclaf..

Artıq hava işıqlanırdı. Evə qayıtmalı idik. Nə görsəm yaxşıdı? Bayaq iməkləyə-iməkləyə gələn qadın. Yenə dizlərini atdı yerə, yola düşdü. Allah aqqı, mən özümü saxlaya bilmədim. Güldüm. Hələ uşağa dedim, o deee, bibiye bax, xoddandı yenə.

***
2019-cu il. Allahdan bir bulud uzaq düşmüşəm, bir hədis qədər küsmüşəm, incilmişəm.

Bibiheybət qəbirstanlığında dostumun atasını basdırmağa gedirik. Tabut çiynimizdə diki qalxırıq, mən də göz ucu qəbirlərə baxıram. Əslində, həmişə belə edirəm. İçimdə daim bir ölüm gəzdiyinə, bir intihara aludə olduğumdan qəbir daşlarından boylanan adamların güldüyü şəkillərə, ölüm tarixlərinə baxıram. Xüsusi ilə də cavan adamlara.

Həsənov Kamil Vəfadar oğlu..

1997-ci il də anadan olub, 2018-ci il də vəfat edib. İlahi, dalağım necə sancır. Nəsə narahatlıq dolur içimə. Qəribə bir hüzn. Elə bilirəm, mənəm bu oğlanın yerinə yatan. Üzümü çevirib getmək istəyirdim, dizim az qala bükülə...

- Yox, əşi, yox, olmaz- öz özümə deyirəm.

Əlimi telefona atıb Bayıl uşaqlarından birinə zəng edib, o vaxt kəfən atdığım oğlanın adını soruşuram..

- Turqut, nə idi onun adı?!

- Kamili deyirsən, brat?! Onu bıçaqlayıb öldürdülər keçən il..

Əlim üzümdə qalır. Tutuluram. Yadıma həmin gün düşür. Necə yəni bıçaqlanıb? Mən ona vurduğum şurup..

Başımı göyə qaldırıram. Dil ucu " Həyya əla xeyrul əməl" deyirəm.

Sonra, sonra yadıma düşür. Namaz vaxtı mənə üzünü tutub meyit qüsulu almalıdır deyən adam.

Deyəsən, Kamil qüsl almamışdı o gün..

 

TƏQVİM / ARXİV