adalet.az header logo
  • Bakı 20°C

«Qaraçı» ilə «Dilqəmi» bir arada - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
486 | 2022-10-13 12:43

 Böyük Məmməd Arazın ruhuna sonsuz ehtiramla

 

İndi əlimdə bir kitab var. Bu kitab həm müəllifinə, həm də ki, müəllifin avtoqrafına göpə  mənim üçün çox əzizdi. Onda hələ 1982-ci il idi. Avtoqrafa diqqət yetirsəniz, tarixi də görə bilərsiniz. Yanvar ayının 23-ü. Dövlət Universitetində oxuyurdum və yanvar simestri başlamışdı. Şəhərin kitab mağazalarının birində bu kitabla qarşılaşdım. Dərhal da tərəddüdsüz kitabı aldım. Müəllif Məmməd Araz, kitabın adı isə «Dünya sənin, dünya mənim...»

O vaxtkı «Yazıçı»  nəşriyyatında çap olunmuşdu. Kitabı alan kimi də birbaşa o vaxtkı «Kommunist» , indiki «Azərbaycan» nəşriyyatına gəldim. Birbaşa xalq şairi Məmməd Arazın işlədiyi, daha doğrusu baş redaktoru olduğu «Azərbaycan təbiəti» jurnalına. Qapını döyüb keçdim içəri, salam verdim və əlimdəki kitabı şairin qarşısına qoyub avtoqraf üçün gəldiyimi söylədim. O zamana qədər çox görmüşdüm şairi, çox salam vermişdim. Amma elə bil ki, bu, ilk görüş idi. Həyəcandan başqa heç nə demədim, heç adımı da söyləmədim  Məmməd Araz təkrar üzümə baxdı ....və masanın üstündəki qələmi götürüb bu sözləri yazdı:

- Oxucu Əbülfətə – Vətən naminə, poeziya naminə. M.Araz. 23/1-83.

Bu kitab həmin gün təkcə mənim üçün çox, həm də dostlarım üçün böyük bir hədiyyə, böyük bir sevinc idi. Üstəlik həmin günü məni o vaxtkı «Sovet kəndi» qəzeti də sevindirmişdi. Böyük ürək sahibi olan mərhum Nəriman Zeynalovun redaktoru olduğu bu qəzetdə çox dəyərli şairimiz  Vaqif Bəhmənli mənim iki şeirimi çap eləmişdi. Necə deyərlər, sevinc sevincə qarışmışdı. İndi...

Bəli, kitab rəfimin önündə dayananda məni xatirələr qoynuna aldı. Bir də onda hiss etdim ki, böyük şairin kitab rəfimin ən diqqətçəkən yerində sıralanmış kitablardan biri əlimdədir. Kitabın cilidini, özünü görən kimi xatirələr məni həmin o illərə apardı. Və mən o illərin mənim üçün ən əziz şeirlərindən biri olan «Qaraçı»nı təkrar-təkrar oxudum. Ona görə  bu şeir mənə əzizdir ki, o zamandan bu şeirin təsiri ilə «Dilqəmi çal» şeirini yazmışdım. Bu gün bir az ərklə, bir az özümdə cəsarət toplayıb hər iki şeirin bir-biri ilə söhbətini bir yazıda ifadə etmək istəyirəm. Necə deyərlər, bu mənim özümü Məmməd Arazla müqayisə etmək deyil, sadəcə olaraq Ustadı hər bir qələm adamında, o cümlədən məndə də  oyatdığı o kövrək hissləri yenidən yaşamağımdı. Və...

Bəli, Ustadın «Qaraçı» şeiri hansı ovqatda, necə yaranıb bilmirəm, amma bu da bir xoş təsadüfdir ki, həmin şeir də 1972-ci ilin oktyabr ayında yazılıb. Və məşhur «Qaraçı» nəğməsinin təsiri ilə xalq şairi bu şeiri ürəyinin, ruhunun diktəsi kimi  oxucularına, ədəbiyyatımıza hədiyyə edəndə özünü xatirələrin qoynunda görüb. Bu  xatirələrin əlindən tutub haralarasa gedib və yol boyu da bu misraları pıçıldayıb: 

 

Bir gün neçə ünvan düşdü yadıma,

Neçə itik güman düşdü yadıma.

Yaman günlər haman düşdü yadıma...

Tufan olum, gədik aşım, qar açım...

«Qaraçı» çal, «Qaraçı» çal,  «Qaraçı.

 

Bəli, biz xatirələrin əlindən tutanda getdiyimiz ünvan özü ilə birlikdə bizə olmuşları və olacaqları da təkrar yaşadır. Yaxşılar da, yamanlar da yaddaşımızda boy göstərir. Onda biz geri çəkilmirik, əksinə o günə, o ana  qovuşmaq üçün özümüzü toparlayırıq, gücümüzü həm ürəyimizə, həm də dizimizə veririk ki, o yerə, o ünvana çataq, o dağı aşaq, o boranı yarıb keçək. Bu, arzu deyil, bu məramdı, məqsəddi. Bu mənim üçün həm də qovuşmaq istəyidi. Ona görə də mən «Qaraçı» ilə yanaşı, içində bir «Dilqəmi» də diləndirirəm. Ona da qulaq asıram və öz-özümə deyirəm ki:

 

Gözlərimdə neçə istək don atıb,

Ürəyimi həsrət didib, qanadıb.

Bircə-bircə sanki qəsdən sanadıb –

Verib mənə bu qüssəni, bu qəmi

«Dilqəmi» çal, «Dilqəmi» çal, «Dilqəmi».

 

Gördünüzmü, xatirələr içimizdəki şaxtanı da, qarı da əritmək, həsrəti də ovutmaq və yaşananları bircə-bircə təkrarlamaq gücündədi. Bu təkrarlama  da  ömürdən ömür almaqla yanaşı, ömürə ömür qatmaq gücündədi. Çünki yaşam özü təkcə sevinc deyil, fərəh deyil, uğur deyil. Onun bir üzü də qəmdi, kədərdi, qüssədi, göz yaşıdı. Belə olan halda həzin bir musiqi, kövrək bir nəğmə ürəyi oxşayır, adama bir az təsəlli verir, bir az da ovqat yaradır. Və bu təsəlli də, ovqat da toparlanmağa, yenidən özünə dönməyə bir stimul olur. Çünki içində hər şey bitib qurtarmayıb və sən hələ ümidlisən, sən hələ məclislərin, mələkələrin, uğurların sorağında olacaqsan, iştirakçısına çevriləcəksən. Və bir də görəcəksən ki, böyük Məmməd Araz deyir ki:

 

Bir sel oldum – çapıb getdim dərədən,

Bir yel oldum – ovum keçdi bərədən.

Yolçu qardaş, yolunu sal bəridən:

Ulduzları məclisimə harayçı –

«Qaraçı» çal, «Qaraçı» çal,  «Qaraçı.

 

Gördünüzmü, mən yanılmamışam, yəqin heç siz də yanılmamısınız. Çünki məğlubiyyətlə, itkilərlə barışmaq özü-özlüyündə acizlik, tərki-dünyalıq, hər şeyə nöqtə qoymaqdır. Bu isə xatirələri də külə çevirə bilər. Ona görə də dözüm, dəyanət, getdiyin yolda inamlı olmaq, məqsədindən geri dönməmək, həyat kredon olmalıdır. Özünü hər zaman qaliblərin cərgəsində görməlisən. Bax, onda sel də, yel də, hətta axıb gedən ulduzlar da sənin yolunu bağlaya bilməyəcək, səni durdurmaq gücündə olmayacaq. Ən pis halda bir az yolun uzanacaq, bir az ağrın-acın çoxalacaq, bir az çətinliklərin sıralanacaq... Amma sən gedəcəksən. Çünki səni çəkib aparan güc var. O güc isə Sevgidi. Onun həsrəti də, onun saralan yarpaqları, çiçəkləri də hələ SON deyil. Mən  bunu yaşayan birisi kimi hələ onda yazmışdım ki: 

 

Vağanıyıb sevgimizin talası,

Gedərisən, yoxsa mənnən qalası!?

Ürəyimi, ay Allahın bəlası

Niyə axı eyləmisən sərsəmi

«Dilqəmi» çal, «Dilqəmi» çal, «Dilqəmi».

 

Budur, bir ürəyin hayı-harayı, budur bir sevginin iç dünyamı həm didib-parçalayan, həm də ayaqda saxlayan gücü. Mən bu gücün haqdan gəldiyinə, Allah vergisi olduğuna Allahın özü qədər və Sənin  varlığın qədər də inanıram. İnanmasam, çətin ki, bu ruh pıçıltıları, bu ürək nəğmələri misralana bilər. Deməli, Allahın gücü o vaxtı özünü göstərir ki, sən onun ətəyindən beşəlli yapışmısan, ona inancını, inamını bir an da olsun itirmirsən. Doğrudur, deyirlər ümid sonda ölür. Amma ümid də o vaxt ölür ki, sənin Allaha, onun verdiyi sevgiyə inamın, güvənin olmur. Bax, bu mənada unudulmaz xalq şairimiz, ustadım Məmməd Araz öz «Qaraçı»sında mənə, sənə, bütün oxuculara deyir ki:

 

Şair, qoyma bu gün qəzəb qol aça,

Dağlar uçar – dümsələsəm qolayca,

Günəş bu gün yer üzündə qalayçı...

Aşıq qardaş, alova düş, qara çıx,

«Qaraçı» çal, «Qaraçı» çal,  «Qaraçı...

 

Yəqin ki, siz də birmənalı şəkildə artıq razılaşdınız və Ustadın səsinə səs verərək içinizdə, çevrənizdə qəzəbin qol açmasına imkan verməmək qərarını qətiləşdirdiniz. Çünki güc, iradə özü də tədbirlə, ustalıqla, məharətlə gerçəkləşdiriləndə, hətta dağı da yerindən oynada bilər, dağı da uçurub yerlə-yeksan edər. Üstəlik əgər içindəki işıq elə günəşin özü kimi səni, dünyanı nura boyayırsa, hərarətini təmin edirsə, bir növü içinin paxırını qalaylayırsa, onda alov da, qar da qarşında dayana bilməyəcək, yarıb keçəcəksən hər ikisini. Üstəlik bu məqamda səni ruhlandıran nəğmə də, hava da və elə «Qaraçı» da səninlədirsə, deməli sənə zaval yoxdur. Sən şair demiş, tufan olub gədikləri aşa biləcəksən. Bax, mən də elə o havanın mənə verdiyi gücün hesabına içimdəki «Dilqəmi»ni dinləyə-dinləyə deyirəm:

 

Qan-tər basıb sinəsini kəhərin,

Kim basacaq üzəngisin yəhərin?!

Dağ başında yaqut gözlü səhərin

Ələ düşməz hər məqamı, hər dəmi

«Dilqəmi» çal, «Dilqəmi» çal, «Dilqəmi».

 

Bəli, təbii ki, bütün bu ruh oxşayan havaların assosiasiyası o vaxtı əks-səda doğurur ki, sən onu həqiqətən duyursan, sən ona həqiqətən köklənirsən və ən vacibi sən həqiqətən SEVİRSƏN. Bax, bu üç məqam mənim sözümdə də, özümdə də, yazımda da mübtədadır. Onun xəbəri isə hələ ki, var olmağımdı, yaza bilməyimdi, deyə bilməyimdi. Bu aspektdən öz-özümə təsəlli üçün hələ «Qaraçı»nın təsiri ilə yazdığım şeirin son bəndini belə tamamlamışdım:

 

Gecə  keçər, yuxumuza şeh düşər,

Kirpiyimiz həzin-həzin öpüşər.

Əllərimiz ayrılıqda üşüyər –

Barmaqların xiffət edər, ay dəli –

«Dilqəmi» çal, «Dilqəmi» çal, «Dilqəmi».

 

Hə, mən əvvəldə dediyim kimi, bir az ərk, bir az cəsarət edib böyük   Ustadın  mənə avtoqrafla  verdiyi kitabdakı «Qaraçı»nın təsiri ilə yazdığım şeiri bir müstəviyə gətirdim. «Qaraçı»  ilə «Dilqəmi»ni üz-üzə oturtdum. Onların pıçıltısını sizə çatdırdım. Günahdırsa, mənim boynuma. Savabdırsa, halal xoşunuz olsun. Ustadın ruhuna da salamlar olsun!

TƏQVİM / ARXİV