adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

«QARABAĞ BÜLBÜLLƏRİ»ni MURAD RZAYEV DEYİL, NEMESLƏR YARADIB - Aqil ABBAS yazır

AQİL ABBAS
1150 | 2024-03-05 09:06

Amil Xəlil «Space» kanalında çox maraqlı bir proqram hazırlayıb: «Gəl, danış». Axtarır, arayır, unudulmuş sənətkarları, özü də o sənətkarları ki Azərbaycan musiqisində, mədəniyyətində izlər buraxıblar, tapır  və xalqa  təqdim edir. Özü də tam səmimi  və dopdolu.

Bu proqramı maraqla  izləyirəm.

Sonuncu proqramını da «Qarabağ bülbülləri»nin, vaxtilə  dünyaya səs salan «bülbüllərinin» unudulmaqda olan xanəndələrinə həsr eləmişdi. 

Çox  qəribədir, demək olar ki, bütün  proqram «Qarabağ bülbülləri»nin yaradıcısı Murad Rzayevin  tənqidinə köklənmişdi. Söhbətdən belə çıxırdı ki,  bu ansamblı 1963-cü ildə o vaxt Pionerlər Evinin direktoru Kamal Bağırov yaradıb. Pionerlər Evi  uşaqlar üçün bir yaradıcılıq dərnəyi idi, özü də  mədəniyyətin  bütün  sahələrində. Mən də təzəcə  Ağdama  köçəndə tar çalmağı  öyrənmək üçün getdim Pionerlər  Evinə, qabiliyyətim olmadığına görə  öyrənə  bilmədim. Yəni Pionerlər  Evi məktəb idi. Kamal Bağırov  işdən çıxandan sonra həmin vəzifəyə bəstəkar, mahir  tar çalan və yüksək təşkilatçılıq qabiliyyəti  olan Murad Rzayevi  təyin etdilər. O da dərhal Ağdamın şəhər və kəndlərini  gəzib ən istedadlı uşaqları tapıb üzə  çıxartdı  və bir ansambl yaratdı, adını da qoydu «Qarabağ bülbülləri». Və qısa bir zamanda bu bülbüllər ölkədə hamını valeh etdi və şöhrəti respublikadan kənara  çıxdı.  Kremlin  Qurultaylar  sarayında  elə bir konsert verdilər ki, Brejnev də valeh oldu. Ansamblın şöhrəti SSRİ-nin də sərhədlərini aşdı. 

Bu gün Azərbaycanın neçə-neçə xalq artisti Murad Rzayevin  rəhbərlik etdiyi «Qarabağ bülbülləri»nin yetişdirməsidir. Hərçənd ki çıxışlarında  Murad müəllimin adını çəkmirlər. 

Müharibə başlayanda Ağdam  darmadağın olan kimi bu ansambl da dağıldı.  Ansambl üzvlərinin  çoxu «Gəl, danış» proqramında Kremldə hamını heyrətə  salan bülbüllərdən biri Nazim müəllimin  dediyi kimi, ailəni dolandırmaq  üçün bu sənətdən əl çəkdi.

Yeri gəlmişkən, «Qarabağ bülbülləri»   haqqında ən gözəl filmi Xamis Muradov və rəhmətlik Aydın Dadaşov çəkmişdi və bu film də  Azərbaycan  Dövlət Mükafatına  layiq görülmüşdü. Bilmirəm, «Youtube»da var, ya yox,  varsa  açın baxın. Bu film «Qarabağ bülbülləri»nin sonrakı  həyatlarından bəhs edir.  

Aradan müəyyən illər keçəndən  sonra Murad Rzayev Bakıda yaşayan ağdamlı «pionerləri» arayıb-axtarıb  ansamblı yenidən  təşkil elədi. Və bir dəfə də məni  çağırdı ki,  gəl, məşqimizə qulaq as. Getdim  gördüm ki, məşqi Nərimanov rayonunda bir zirzəmidə keçirlər. Evləri-eşikləri dağılmış, yurd-yuvalarından perikmiş bu «pionerlərə» normal bir məşq yeri ayırmamışdılar. 

Ayrılanda Murad müəllimə dedim:

- Dostum, bu zirzəmidən Qarabağ  bülbülləri deyil, Qarabağ cüllütləri çıxar. 

Sözün düzü, Murad Rzayevin  səhvləri vardı. O, qaçqın düşdüyü  İsmayıllıdan Ağdama  qayıtmalı idi, daha doğrusu, Quzanlıya, rayon icra hakimiyyəti də  ona hər şərait yaradardı, qəsəbələrin birində evlə təmin edərdi. Və o da yenidən işğal altda olmayan kəndlərimizdən istedadlı «pionerləri» axtarıb tapıb ansamblı  təşkil edə bilərdi.  

Hələ gec deyil, Murad müəllimin  yaşı keçsə də həvəsi də yerindədi, qabiliyyəti də,  təşkilatçılığı da.

Və yeri gəlmişkən, gözəl xanəndə Nazim müəllimə də «Günaydın» proqramında Murad Rzayev haqqında  dediyi xoş sözlərə və haqqını  itirmədiyinə görə təşəkkür edirəm. 

«Qarabağ bülbülləri»nin məndə də xoş və nisgilli  bir xatirəsi var. Oxucunu yormamaq  üçün yazmıram, gün gələr, yazaram. 

TƏQVİM / ARXİV