adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ÖMRÜN QIRXÜÇ ANI - Əbülfət Mədətoğlu Aqil Abbasdan yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1449 | 2023-04-01 12:43

  (Yazıçı-publisist , millət  vəkili  Aqil Abbasın  70  yaşına)

... Pəncərə önündə dayanmışam. Elə bilməyin ki, qədim və zaman-zaman təkrarlanan bir bayatını xatırlatmaq istəyirəm. Xeyir. Sadəcə dünyanın bir pəncərə olduğunu və hər kəsin də bu pəncərədən baxıb getdiyini bilə-bilə mən yenə pəncərə önündə dayanmağa üstünlük verdim... Bunun nədən qaynaqlandığını, niyə məhz bu seçimi etdiyimi ilk anda fəhm edə bilmədim.  Elə bil özüm özümdən sıxıldım. Amma sonra baxdığım pəncərə sanki mənə dayaq oldu, əlimdən tutdu.. Bunun da səbəbi var. Səbəbi də ömrün 43 anıdı...

Bir məşhur film  var . Yəqin onu  xatırlayırsınız: - "Baharın on yeddi anı"! Mən  onunla  bərabər bu  həyatın  on yeddi anın təqribən üç dəfəsi həcmində anlar yaşamışam. Və bu anlar məhz pəncərə önündə dayandığım həmin o məqamda gözümün önündə canlanmağa başladı. Çox qəribədi. Görünür insan yaşlaşdıqca o təkcə kövrəlmir, həm də xatirələrə daha çox meyl edir. Bu da səbəbsiz deyil. Axı torpaq insanı çəkir... insan torpağa daha çox yaxınlaşır. Deyilənlərə görə, torpaqdan yaranmışıq. Elə bu da bir səbəbdi. Yarandığımıza qayıdış... İstəsək də, istəməsək də bu, danılmaz və əbədi bir gerçəklikdi...

Bax, pəncərəyə dirsəklənib baxdığım həmin o məqamda mən ömrün 43 anının birinci hissəsini  xatırlayıram. 1980-ci il idi. Ordudan qayıdıb dövlət universitetinə daxil olmuşdum. Bir az ordu havası, bir az yazı-pozu havası.. və beləcə, həmin  ilin təqribən sentyabr ayının  bir istirahət günü qala divarının yanındakı çayxanada onu gördüm. Öz dostları ilə çılğın, əl-qolla danışan, saçları da az qala çiyinlərinə düşən bu ortaboylu oğlan əvvəllər adını eşitdiyim bugünkü 70 yaşlı yazıçı, millət vəkili idi.

Beləcə, dostlarımın çevrəsində tanıdığım adamların sırasında onunla ilk ünsiyyətim yarandı. Sonra ömrün ikinci anı başladı. 

Bir "Sovet kəndi" qəzeti var idi. Redaksiya  təkcə şeirlərimi çap etmirdi, həm də söz-sənət adamları barəsində yazılar yazmaq barədə mənə tapşırıqlar da verirdi. Məhz "Sovet kəndi" qəzetində həmin o qala divarının dibindən tanıdığım, salamlaşıb hal-xoş etdiyim oğlanla bir az da yaxın münasibətimiz yarandı. 

Daha bir an. Artıq onu söz adamları da, mədəniyyət-ictimaiyyət aləmi də tanıyır... böyük bir qəzetin şöbə müdiridi... öz ətrafı, öz üslubu, necə deyərlər, öz dəst-xətti, öz yolu var. Pəncərəsindən baxdığım "Azərbaycan" nəşriyyatının əksər işçiləri, özü də təkcə jurnalistlər yox, eləcə də çap sexində çalışanlar da onu tanıyırdılar. Hətta nəşriyyatın birinci mərtəbəsindəki böyük yeməkxana və burada çalışan yaşlı kassir xanım da onun gəlişinə sevinirdi. Burada hər kəs özü özünə xidmət edirdi. Əlimizdə sini götürdüyümüz yeməklərlə kassaya yaxınlaşanda o bizdən öndə dayanıbsa, mütləq arxaya çönüb özündən sonra növbə gözləyən dostların, tanışların da yeməyinin pulunu ödəyirdi. Özünəməxsus şəkildə kassir xanıma:

- Hamısı mənlikdi! - deyirdi.

Dördüncü an. Artıq Qarabağ göylərini qara buludlar alır... Ölkədə mitinq havası hökm sürür... meydan aşıb-daşır... hər kəs öz bildiyi, öz bacardığı, özünün gücü çatdığı bir şəkildə nəyinsə qulpundan tutmağa, nə isə etməyə çalışır. İndi mən   hərbi müxbir  kimi  Qarabağdayam.   Ordudan təxris olunandan sonra yaxınlaşdığım bir məmur gözlərimin içinə baxa-baxa dedi:

- Səni orduya mən göndərməmişəm ki, indi   gəlib   məndən iş   istəyirsən...

Hə, bu da beşinci an...

...Ölkə müstəqillik qazanıb. Doğulduğum kənd işğal olunub, özü də gözlərimin qarşısında yandırılıb...

Artıq  üçüncü dəfə qaçqınlığın nə olduğunu yaşamağa başlayanda üz tutdum "Azərbaycan" nəşriyyatına. Dəhlizdə qarşılaşdıq. Yenə  həminki mehribanlığı ilə görüşdü. İlk kəlməsindən "vəziyyətdən xəbərdaram!" deyib qolumdan tutdu:

- Birlikdə işləyərik!

Elə bil içimdə ümid qığılcımı alışdı...  İnanın ki, o ana qədər, o qarşılaşmaya qədər belə bir təklif, belə bir münasibət gözləməmişdim, heç ağlımdan da keçirməmişdim.  İndiki məşhurların sözü olmasın, sanki  şoka düşmüşdüm. Qolumun sıxıldığını hiss edəndə özümə gəldim və onun dediyinin nə qədər həqiqət olduğunu dəqiqləşdirmək üçün  gözlərinin içinə baxdım. Axı zamanının ən populyar bir qəzetinin redaktorunun ilk qarşılaşmada, dərdin içində girinc olduğun bir vaxtda təqdimatsız, tapşırıqsız, hətta "şirinliksiz" səni öz kollektivinə dəvət etməsi mənim üçün möcüzə sayılacaq bir gerçəklik idi. Sığındıqları uşaq baxçasında məni gözləyən ailəm üçün bundan böyük hədiyyə,  bundan şad xəbər ola bilməzdi. Bunları mənə, ailəmə o verdi.

Altıncı an. Bir yerdə işləyirik. Bölgə  müxbiriyəm. Qarabağdan, müharibədən, qaçqınlardan, bir sözlə, özümdən yazıram, öz həyatımdan yazıram. 

İndi  mən onu  təkcə redaktor, jurnalist kimi yox, həm də qayğıkeş dost, böyük qardaş kimi tanımağa başladım. Çünki etdiyimiz söhbətdə o, hər  dəfə  mənim necə yaşadığımı, necə dolandığımı   böyük  bir  qayğı ilə izləyir,  "Çətinliyin olanda  çəkinmə  ,de , özüm   sənə kömək edəcəm."-deyirdi.

Yeddinci an. Artıq yenidən Bakıya köçmüşəm. Necə deyərlər, redaksiyada kollektivin içərisindəyəm... İndi daha çox təmasımız olur. Tez-tez birlikdə döyüş bölgəsinə, eləcə də müxtəlif rayonlara səfərlər edirik... yol-yoldaşlığımız zamanı onu daha yaxından tanıyıram. Mənim üçün sirli olan, maraqlı olan neçə-neçə məqamlar ortaya çıxır. Bəzən anlaya bilmədiyim, tərəddüd içərisində qaldığım vaxtlar da olur. Çünki o, dəvət olunduğu məclislərin hamısında  öncə məni təqdim edir, mənim yazı - pozumdan danışır.

Səkkizinci an. Mən ömrümün 43 anının hər birini yazmaq istəyirəm. Çünki onların hər biri mənim üçün əzizdi, maraqlıdı və həm də onların hər birinin içərisində təkrar yaşamaq istədiyim və istəmədiyim məqamlar var. Amma etiraf edim ki, yaddaşıma yazılmış, ömrümə hopmuş bu anlar məni şərəfləndirir. O anların sayəsində mən də kifayət qədər cəmiyyətdə görünmək imkanını haqq etmişəm. Onun millət vəkili seçilməsi... seçki prosesinin özü, bu proseslər zamanı baş verən hadisələr ... ömrümün həmin o anlarındandı. Və mən bu anlar üçün öncə Allahıma, sonra da ona minnətdaram. Elə bu yazını da həmin o minnətdarlığın kiçik bir ifadəsi kimi yazıram. Yazıram ki, o, özünün 70 yaşında mənə ayırdığı 43 an üçün təəssüflənməsin... .. bugünkü yubilyarımız bilsin ki, ,həmin səmimiyətlə, həmin inamla qarşıda məni gözləyən anların yolundayam. 

Bəli, oxucu fikirləşər ki, görəsən yerdə qalan anları niyə kağıza köçürmədim. Çünki bir dəfə özünə demişəm, daha doğrusu, söhbət zamanı bildirmişəm ki, Allah ömür versə, təqaüdə çıxa bilsəm, onun barəsində ürəyimdə, yaddaşımda olanların hamısını "Xatirələrim" adı altında yazacam.  Həmin "Xatirələr"-imdə onun bütün  yaradıcılığından,  yəni  gözümün önündə  dünyaya gələn kitablarından, xüsusi  ilə  " Çadırda  Üzeyir Hacıbəyov doğula  bilməz"  və "Dolu"-dan,  etdiyi səvablardan, şahidi  olduğum maraqlı  məqamlardan  söz açacam...İndi  isə içdən  gələn   çox  səmimi  bir  istəklə :

-  70 yaşın mübarək, 43 il bundan əvvəl qazandığım DOST!

Əbülfət  Mədətoğlu,  Əməkdar  jurnalist ( Respublika qəzeti 1 aprel 2023)

TƏQVİM / ARXİV