adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ÖLÜM UÇURUMU

BABƏK YUSİFOĞLU
40020 | 2015-05-05 08:00
Onlar könüllü olaraq seçdikləri qorxunc səfərə on nəfər yola düşmüşdülər. Çəkinmədən, tərəddütsüz... Qarşıdakı yolları aşıb keçməyin asan başa gəlməyəcəyini, hər cür əngəllərin, müxtəlif maneələrin boy verəcəyini, önlərinə keçilməz sədlərin çıxacağını bilsələr də. 

Söz vermişdilər ki, məqsədlərinə çatmaq üçün əllərindən gələn hər şeyi edəcəklər. Nəyin bahasına oursa-olsun, nə özlərini, nə də onların bacaracaqlarına inananları, yaxınlarını, doğmalarını "bacarmadılar" peşimançılığına uğratmayacaqdılar. Axı gənc, inadcıl idilər, qarşıda hələ onları nə qədər sınaqlar gözləyirdi...

Amma onlarıdan heç biri bilmirdi ki, başladıqları bu səyahət dillərdə dastana çevriləcək, həm də insanlıq üçün çözülməsi mümkün olmayan bir tapmayaca çevriləcək, on illər boyu üzərində baş sındırılsa da həqiqəti özündə əks etdirən bir məntiqi cavab tapılmayacaq. Hər şey ortada olsa belə yarım əsrlik müəmma elə müəmma olaraq qalacaq. 

Onlar on nəfər yola düşmüşdülər, amma heyətdən bircəciyi geri döndüyü üçün hər şey doqquzunun başına gəldi...

Bilmirəm, bu haqda eşitmisinizmi? Mən məşhur Dyatlov qrupunun yürüşündən bəhs edirəm... 

(əvvəli qəzetin 28 aprel sayında)

Ertəsi gün yürüş yüksək əhval-ruhiyyə ilə başlasa da 1.000 metrdən də yüksəklikdə olan yolun bu hissəsi onlar üçün əsl maneəyə çevrildi. Əsən şimal-şərq küləyi, yüksək şaxta, buz bağlamış dağın yamacı xizəkçilərin irəliləməsinə imkan vermirdi. Yürüşçülər demək olar ki, qarış-qarış addımlayır, tez-tez dayanmalı olurdular. Hətta narın qar da yağmağa başlamışdı...

                                        GEDƏNLƏRDƏN XƏBƏR YOXDU

12 fevralın üstündən bir neçə gün ötmüşdü. Bu həmin tarix idi ki, qrup marşrutun son nöqrəsinə - Vijay qəsəbəsinə yetişib oradan institutun idman klubuna teleqram göndərməliydilər ki, yürüş uğurla başa çatdı və oradan da 3 gün ərzində Sverdlovska qayıdacaqdılar. Bu vəziyyət ilk növbədə UPİ-nin turist klubunun üzvü Yuriy Blinovu narahat eləməyə balaslamışdı. Onun hesablamalarına görə, yubanma bu qədər sürə bilməzdi. Və eyni həyəcan və qorxu çox keçmədi ki, bütün yürüşçülərin doğmalarını bürüdü.

Belə qərar qəbul edildi ki, iki gün də gələ biləcək xəbərləri gözləsinlər, səs-soraq çıxmadığı halda gərəkli olan tədbirlərə başlanılsın. Çünki yürüşə çıxanların yubanma halları dəfələrlə baş vermişdi. Axı belə də ola bilərdi ki, dyatlovçular yolun çətinliyi üzündən deyilən zamanda mənzil başına çata bilməmişlər. Əslində heç kəs pis düşüncələrə qapılmaq istəmirdi. 

Amma deyəsən situasiya düşünüldüyündən daha ciddi idi. UPİ-nin idman klubunun rəhbəri Lev Qordo nəhayət 17 fevralda özü Vujayla əlaqə yaradıb turist qrupu barədə xəbər öyrənmək istədi. Lakin oradan bildirdilər ki, yürüşçülər ora gəlib çıxmayıb. Bunu artıq təhlükə üçün ciddi səbəb saymaq olardı. Və gedənlərin axtarışı üçün təcili tədbirlər görülməliydi. Çünki itirilən hər satın bədəli ağır olar bilərdi. İlk növbədə qrupun yürüş üçün planlaşdırdığı marşrutu öyrənməliydilər. Lakin yalnız bu zaman məlum oldu ki, qrup hərəkət edəcəkləri marşrutu təqdim etməyib. Bunsuz isə Ural dağlarının sıldırım qayaları arasında kimlərisə axtarıb tapmaq samanlıqda iynə axtarmaq kimi bir şey olacaqdı. Vəziyyət daha da mürəkkəbləşmişdi. 

                                                       AXTARIŞLARA BAŞLANDI

Lakin Aleksandr Kolevatovun bacısı Rimmanın köməyi ilə həmin planı bərpa edə bildilər. Belə ki, yola düşməzdən Saşa bacısyla səfər barədə ətraflı söhbət etmişdilər. Və bundan sonra institutun hərbi kafedrasının təcrübəli müəllimi polkovnik Georgiy Ortyukov axtarış tədbirlərini həyata keçirəcək qərargahın yaradılması üçün təcili İvdelə getdi. Əməliyyata şəhərin, institutun bacarıqlı mütəxəssisləri, alpinistləri, həmçinin təcrübəli yerli ovçular da cəlb olunmuşdu. Bundan başqa, relyefin mürəkkəb, axtarış üçün nəzərdə tutulan ərazi geniş olması üzündən əməliyyatlarda vertolyotlar da iştirak edirdilər. 
20 fevral idi. Amma Dyatlovun dəstəsindən kiçik bir xəbər belə əldə edilməmişdi. Günlər bir-birini əvəz etdikcə həyəcan daha da böyüyür, insanlar, eləcə də itkin düşənlərin doğmaları, yaxınları nə edəcəklərini bilmirdilər. Vəziyyət o həddə gəlib çatmışdı ki, şəhər rəhbərliyinin təşəbbüsüylə axtarışa hərbçilər belə qatılmışdılar. Arama tədbirləri isə heç bir fayda vermirdi. Hətta bu qədər çabalarından sonra adi bir ip ucu belə aşkarlanmamışdı Sanki 9 nəfər canlı insan yer yarılmış, yerin dibinə batmışdılar. 

Axtarış-arama qərargahının yaratdığı beş dəstə ən optimal hesab olunan zonaları demək olar ki, ələk-vələk etməkdəydi. Uğurun əldə edilməməsi isə ümidləri getdikcə tükədirdi. Şəhərdə, kəndlərdə hər kəs doqquz nəfər xizəkçinin aqibətiylə maraqlanır, cürbəcür söhbətlər baş alıb gedirdi... 

                                                    İPUCLARININ TAPILMASI

Beşinci dəstədə olan yerli ovçular - mansilər və radist-geoloq Yeqor Nevolin Ayspiinin sahiliylə irəliləyərək üzü yuxarı istiqamətdə hərəkət edirdilər. Onlar 24 fevralda qarın üzərində zorla seçilə bilən izlərlə qarşılaşdılar. Mansilər bildirdilər ki, izlər burada xizəklərin hərəkətinin olduğunu göstərir. Və təxmin etmək olurdu ki, xizəkçilər hansı istiqamətə gediblər. 

Beşinci dəstəyə yaxın olan Boris Slobtsovun axtarış qrupu isə Ayspiinin sağ sahiliylə gedilə biləcək yerədək gəlib cənuba doğru döndülər. Tayqanın burada kiçik bir meşə zolağını keçdikdən sonra yenidən çaya sarı burulub yoxuşu keçdilər. İrəlidəki yamaca çatanda üzəri narın qar örtyünə bürünmüş çox aydın bilinən xizək izləri aşkarladılar. Deyəsən onlar doğru yolu tapa bilmişdilər...g 
Boris Slabtsov, Mixail Şaravin, ovçu İvan Paşin bu dəfə də düzgün istiqamət götürərək Xolatçaxl dağının döşünə tərəf hərəkət etdilər. Dəstə qarşıdakı uçruma çatanda - Xolatçaxl yamacından təxminən 300 metr aşağıda qəfildən turist çadırıyla qarşılaşdılar. Həmin anda onlar üçün bundan böyük başarı ola bilərdimi? Sevinirdilər. Amma onların bu sevinci çox da uzun sürmədi. Çünki çadırda kimsə yox idi. Özü də çadırın "divarları" bıçaqla bir neçə yerdən kəsilmişdi. Və buradakı əşyalar, sənədlər sübut edirdi ki, bu məhz dyatlovçuların çadırıydı. 

Onlar qərargaha xəbər verdikdən bir qədər sonra hər kəs həmin yerə toplandı. İndi qalırdı üzvlərin üzə çıxarılması. 

Turist çadırının quruluşuna, yerinə baxış keçirən mütəxəssislər müəyyən etdilər ki, çadır bütün qaydalara uyğun qurulmuş, hər şey yerli-yataqlı edilmişdi. Lakin sonra aşkarlananların hər biri hamıda inanılmaz təəccüb, cavabı bilinməyən suallar doğururdu...g

Nədənsə yürüşçüllərin xizəklərinin 8 cütü çadırdaydı. Daha təəccüblüsü isə yürüşçülərin digər şəxsi əşyalarıydı. İsti kürklər, 9 cüt çəkmə, bir neçə kişi şalvarları, 3 cüt valenka, habelə xəz gödəkçələr, corablar, papaqlar, xeyli midarda ərzaq, marşrut planı, qeyd dəftərçələri, sənədlər, fotoaparat və s. əşyalar eləcə çadırdaydı. 

               DƏHŞƏTLİ SƏHNƏLƏR VƏ MÜƏMMALARIN BAŞLANMASI

26 fevral idi. Bir araya gələn axtarış dəstəsi işini davam etdirməyə başladı. İzlərin üstünü nazik qar təbəqəsi örtsə də peşəkar ovçular, mütəxəssislər asanlıqla onları təyin edə bilirdilər. Və həmin gün faciənin ilk qurbanları aşkarlandı: artıq qarın altında qalan kiçik bir ocaq qalığının yanında, biri-birindən bir qədər aralı Yuriy Doroşenko və Georgiy (Yuriy) Krivonişenkonun meyitləri tapıldı. Onların vəziyyəti çox, özü də çox təəccüblüydü. Belə ki, hər iki cəsəd tamamilə çılpaq haldaydılar. Doroşenko bir ağac budağının üzərində üzüqoylu, Krivonişenko isə arxası üstə sərilmişdi. 
Axı belə bir şaxtada onları nə məcbur edə bilərdi ki, alt paltarlarınadək soyunsunlar. Bir-birindən bir qədər aralıda olan cəsədlərin ayaq nahiyəsində kiçicik yanıq izləri vardı. Azca aralıdakı yüksəklikdəki bir ağacın budaqları isə qırılmışdı. Əlbəttə, belə budaqların tonqal qalamaq üçün istifadə edilməsi ağılabatan görünmürdü. 

Təcrübəli turistlər, alpinistlər çox yaxşı bilirdilər ki, məhz həmin ağaclar ocaq qalamaq üçün çox da yararlı deyil. Çünki onlar pis yanırdılar. Halbuki hər tərəfdə tonqal üçün lazım olan ağaclar doluydu. Elə isə xizəkçilər bu cür lazımsız budaqları niyə qırmışdılar?..

Yamacın bir qədər yuxarı tərəfində İqor Dyatlovun meyiti tapıldı. Arxası üstə, başı çadıra tərəf, əliylə bir ağcaqayın ağacının budağından tutmuş halda idi. Doroşenkodan, Krivonişenkodan fərqli olaraq o geyimliydi. Əynində alt paltarları, dizlik, xizəkçi şalvarı, yun sviter, kovboyka, qolsuz xəz köynək, ayaqlarında corablar vardı. Üzündəki şişkinlikdən bilmək olardı ki, o üzü qara nəfəs alıb. 
Axtarış dəstəsi işə ara vermirdi. Axşama tərəf özləri illə götürdükləri xüsusi itlərin köməyi ilə onlar daha bir dyatlovçunun cəsədini aşkarlaya bildilər. Dyatlovdan təxminən 330 metr aralıda, yoxuşun daha yuxarı hissəsində, 10 sm qar altında olan Zinaida Kolmoqorovanın geyimi də çox təəccüblüydü. Belə ki, çox isti geyimdə olan Zinanın ayaqları yalın idi. Üzündəki qan ləkələrindənsə bilmək olurdu ki, ölümündən qabaq onun burnundan qan açılıb. 

Bütün bunlar nə demək idi?.. Niyə qrup üzvlərindən hər birinin cəsədi (tapılanlar) bir-birindən bu qədər aralı vəziyyətdə, fərqli şəkildəydilər? Heç birinin bədənində ölümə səbəb olacaq yara, zərbə izi yox idi. Tam, özü də kifayət qədər isti geyinmiş Zinanın ayaqları nədən yalın idi? Doroşenkoyla Krivonişenko hansı səbəbdən tam çılpaq haldaydılar? 
(Ardı qəzetin 12 may sayında) 


babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV