adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ÖLSÜNMÜ İNDİ? VƏ ÖLDÜ! - Aqil ABBAS yazır

AQİL ABBAS
665 | 2022-10-03 21:32

İstedadlı və gənc  bir sənətkarı itirdik - Rəhim Rəhimlini. Yaxşı tanımırdım. Mənim öz sevdiyim sənətkarlar var, adətən onları dinləyirəm: Qədirdi, Rəmişdi, Vaqif Mustafazadədi, Akif İslamzadədi. Min dəfə dinləsəm də doymaram. Yəni Rəhim Rəhimliyə qulaq asmamışdım. Ölümündən sonra  onun haqqında yazılanları oxudum və bir də bir neçə mahnısını və ifasını dinlədim.  Xüsusilə piano çalmağı qeyri-adi idi. İmprovizasiyaları  mənə Rəmişi xatırlatdı. 

Heç demə, papaq altda oğlanlar varmış, mən və ya biz tanımırmışıq. 

Adətən gənc sənətkarlar öləndə cəmiyyətimiz belədir ki, o dəqiqə bu ölümü narkotika ilə bağlayır. İlk əvvəl mən də belə düşündüm. Amma sonra dostum Vasif  Məhərrəmlinin paylaşdığı  videoya baxdım, həm də Üzeyir həkimin açıqlamalarını oxudum, gördüm ki, bu gənc uzun müddət  xəstə yatıbmış. Çox ağrıtdı məni. Və özümü yamanladım ki, niyə mən belə bir istedadlı oğlanı tanımamışam. 

Və yadıma özü Rəhimdən də gənc dünyasını  dəyişmiş Əli Kərimin bir şeiri düşdü. Şeiri sizə təqdim edirəm və axırıncı misralara əl gəzdirdiyim üçün şairin  ruhundan üzr istəyirəm. 

Bəzən haqq qazanır insan öləndə,
hətta unudulur ağır günahı.
Hamıya dərd olur cavan getməyi,
az gəzib, az görüb, az yaşamağı…

Deyirlər: "bilsəydik, ayıq olardıq,
onu qoyardıqmı heç gözdən iraq?
Hər bir dərdinə də çarə tapardıq,
nə bilək o belə az yaşayacaq?”

Eh! Bu gün nə qədər xəyala daldım,
Eh! Qəlbim nə qədər alışdı, dindi.
Siz Rəhimin qədrini biləsiz deyə
Bu cavan yaşında ölsünmü indi?
VƏ ÖLDÜ!


 

TƏQVİM / ARXİV