adalet.az header logo
  • Bakı 29°C

Ölçüsü bilinməyən ürəyin pıçıltıları - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
365 | 2022-06-14 13:08

Fəxrəddin Teyyubla ürək yoldaşlığı

 

Hərdən öz-özümə fikirləşirəm ki, Allahın möcüzələri içərisində bəlkə də ən birincisi, ən sirlisi və dördüncüsü elə ürəkdir. Yəni o gah daş olur, gah mum olur, gah ağrıyır, gah sevinir, gah üz çevirir, gah qol açır, gah da küsüb çəkilir bir kənara. Ya da izinsiz, filansız çıxıb gedir istədiyi ünvana... Belə olan halda onu sirli, ən böyük möcüzələrdən biri necə sayılmayasan?! Bax, bu məntiqlə mən ürəyin dözümü qarşısında baş əydiyim kimi, ürəyin sevgisi qarşısında da diz çökürəm və demək istəyirəm ki, bu ilahi möcüzə insan bədənində az qala yumruq boyda bir əza olsa da, onun qiyməti hələ də müəyyənləşməyib. Burda söhbət hansısa bir əzanın qiymətindən getmir, nə də bu qiymət fiziki anlamda başa düşülməli deyil, burada söhbət indi böyük hərflərlə yazacağımız ÜRƏKdən gedir. O ürəkdən ki, hamı ona üz tutur... O ürəkdən ki, hamı ondan gileylidi və yaxud da...

 

Bəli, bütün insanlar kimi söz adamları da, ruh adamları da ürəyə üz tuturlar. Amma bu qrupun, yəni söz, ruh və ruh adamları daha çox ürəklə dərdləşirlər, həmsöhbət olurlar. Çünki onlar ürəyi daha çox yükləyirlər, daha çox incidirlər. Bəzən öz-özümə deyirəm ki, Yer üzündəki bütün insanlar Allaha üz tutur, ondan kömək dilədiyi, imdad istədiyi kimi biz də bir fərd olaraq bütün olmuşları və olacaqları, bütün yaşanmışları və yaşanacaqları birmənalı şəkildə ürəyə həvalə edirik. Bu yumruq boyda ürək də dünyalar boyda yükü nəfəsi tıncıxa-tıncıxa daşıyır sona qədər. Ən dəhşətlisi də bəzən heç ürəyə dəxli olmayan yükən də ürəyə yüklənməsidir. Bax onda ürək daha çox ağrıyır. Çünki haqqı tapdalanır, istismar edilir və...

Doğurdan da sirli bir dünyadı ürək və bu dünyanın qapı-pəncərəsini döyənlərdən çox az-az adamlara, istəklərə, mövcud olanlara nəsib olur o ürəyə müsafirlik, o ürəkdə sakinlik. Deməli, ilk baxışdan qapı-pəncərəsi açıq görünən o ürək öz dörd divarının arasında özəl bir məkan, özəl bir cahan kimi ömür payını yaşayır. Biz onu ağrıtsaq da, ağlatsaq da, sevindirsək də...

 

Adətimə uyğun olaraq yenə vərəqləyirəm kitabları. Bu dəfə Fəxrəddin Teyyubla qarşılaşıram. Onun ilin əvvəlində mənə bağışladığı kitabı ilə söhbətləşirəm. Bilmirəm, bu neçənci söhbətimizdi, amma hər dəfə də kitabı necə deyərlər, gözü yumulu açıram. Onun mündəricatına baxmadan qarşıma çıxan ilk şeiri oxuyurum. Bu gün də belə oldum. Şeiri oxudum, sonra kitabı qatlayıb kənara qoydum. Bir az keçmiş hiss etdim ki, oxuduğum şeirdən, daha doğrusu onun mövzusundan, o mövzunun yaratdığı fikir dünyasından ayrıla bilmirəm. Ona görə bir də qayıtdım həmin şeirin qapısına. Yavaşca döydüm o qapını. Qapının o üzündən bir səs gəldi:

 

Səni düşünürəm, anıram yenə,

Sinəmdə döyünən ürək daş deyil.

Yol alıb gəlirəm qəbrin üstünə,

Yollar yorur məni, yaş o yaş deyil.

 

Hə qardaş, elə mən də belə düşünürəm. Daha doğrusu, hər gün belə düşünürəm. Hətta bəzən bu düşüncələr məni öz-özümə danışmağa da vadar edir. Səbəbini ürək özü bilir... səbəbini Allah özü bilir... səbəbini O bilir. Bax, bu bilgilər bu məlumatlı olmalar da mənə bir az da artıq həmlə edir, bir az da artıq üstümə gəlir, təkləmək istəyir, sındırmaq istəyir. Təəssüf  ki, bu məqamda etiraf etmək zorundayam. Həqiqətən təklənmişəm.!!!!! Bunu danmaq, ondan qaçmaq mümkün deyil. Ona görə də mən də qapının o üzündən gələn səsə səs verirəm:

 

Bilə-bilə, ya fərqinə varmadan

Açıq-aşkar bitirirsən, ürəyi.

Sanki yarpaq qoparırsan tarmadan –

Yelə verib itirirsən, ürəyi.

 

Dediyim kimi,yumruq boyda olan ürək bəlkə də heç ona dəxli olmayan suallarla qarşılaşır. Amma dillənib demir ki, bu sualları mənə niyə verirsən? İnanın, heç cınqırını da çıxarmır. Sadəcə susur. Susduqca da onun sızıltısı, onun göynərtisi və bir də təbii ki, onun dözümü haldan-hala salır adamı. Haldan-hala düşə-düşə öz-özünə də suallar verirsən, öz-özünə də divan qurursan. Bilmirəm, bütün bunlar ürəyə lazımdımı, yoxsa yox. Amma bildiyim təkcə odur ki, məhz ürəyin dözümü də, sızıltısı da söz adamının ilham çeşməsini bir növü bulağın gözü kimi açır. Onun ruhunu, hissini misralayır, şeirləşdirir və:

 

Yol boyu elə hey sızlayır ürək,

Duyğusuz nə kədər, nə də ah bilir.

Gedəndə Bakıdan Lənkəranadək,

Mən nələr çəkirəm, bir Allah bilir.

 

Burda söhbət məsafədən getmir. Bir addımda da, bir qarışlıq məkanda da sızıltı, göynərti, yaşam var və o ürəyə sevinc də, kədər də bağışlaya bilər. Amma məsələ burasındadı ki, yol uzandıqca ürəyə edilən zülm də artır. Ondan tələb olunan cavablar da adamın təkcə suallarını  artırmır, həm də adamın nələrdən keçdiyini ona təkrar xatırladır. Qarşılaşdığım, çevrəmdə olan və yaxud özünə bir köynək yaxın saydığım kimlərinsə obrazları və bu obrazların pərdə arxası xidmətləri sıralanır. Elə bil ki, tamaşaya baxırsan, elə bil ki, mükəmməl bir əsəri oxuyursan, elə bil ki, bir aktyorun rolunu izləyirsən. Bax, bütün bunlar ürəyin o uzanan yol boyu yaşadığı və yaşatdığıdı...

Yaşanan və yaşadılan özü-özlüyündə fərqli suallar doğurur. Elə suallar ki, bu həm məntiqidi, həm həyati, həm fəlsəfidi, həm də mənəvi... Çünki bu suallar ürəyin başının üstündə oynayan qılıncdır. Ona görə də: 

  

Tanrım kimi əlçatmazdın, göydəydin

Yerdən baxıb, mən də çəkdim göy dərdin.

Təbəssümlə, nəfəsinlə göyərtdin –

Sən hər hala gətirirsən ürəyi.

 

Yəqin ki, bu məqama qədər yazdıqlarım, söylədiklərim sizin üçün qeyri-adi, nəbilim, bugünə qədər eşitmədiyiniz sözlər deyil. Əksinə, siz mənim yazdıqlarımdan da, dediklərimdən də önəmlilərini yaşamısınız və yaşayırsınız. Ona görə də fikrimə hansısa bir vergül atmaqla yox, yeni bir sözlə, işarə ilə davam təkanı verirsiniz və mən də o təkana söykənib, daha doğrusu, ondan yapışıb bir az da qabağa getməyə çalışıram. Çünki artıq ürək köklənib, o mənim düşüncələrimin, ovqatımın sarı siminə uyğunlaşıb və o sarı simin üstündə etdiyim gəzişmələr bunun indiki anıma uyğunlaşmasına, bəlkə də tam təsdiqi olmasına yaşıl işıq yandırıb. Bax bu yerdə özüm-özümə deyirmiş kimi, bir anlıq Fəxrəddin Teyyubun misralarını dilə gətirirəm. Elə dilimin ucundan pərvazlanan bu misralar yazı boyu yanılmadığıma məni bir daha inandırır. Axı mən ürəyin dözümündən ürəklə yazırdım, ürəklə danışırdım. Bu da onun oldu təsdiqi:

 

Neynim, dolan deyil həsrət xurcunu,

Nə vaxtdır talandır, talan ürəyim.

Qaytara bilməyir ana borcunu

Mənimlə yollarda qalan ürəyim.

 

Həqiqətən, ürək yaman şeydi deyənlər haqlı imiş. Onun «yamanlığı» bizi yaşadır, bizi ayaqda saxlayır, bizi qabağa çəki, həm də bizi ağrıdır, bizi göynədir, bizdən dözümlü olmağı tələb edir. Və sübut edir ki, Allahın hər kəsə ürəyinə görə verdikləri çəkiləndi, dözüləndi, yaşanandı. Bu elə bir zərgər dəqiqliyidi ki, onu heç kim, lap milyard dəfə də cəhd etsə, dəyişə bilməyəcək, artırıb-azaltmaq imkanı qazanmayacaq. Çünki: 

 

Dərdi süzdün sən ürəyin biçimdə

Nə olar ki, bir nəfəs dər, içim də!

Göz yaşını gizlədərək içimdə –

Gülə-gülə ötürürsən ürəyi.

 

Hə, söz ürəyin bəlkə də ən yaxşı təsəllisi, nə yaxşı məlhəmidi. Bunu elə belə, yəni söz xatirinə demirəm. Az-çox həyat təcrübəm və yaşadığım illər məni birmənalı şəkildə inandırır ki, ürəyin ən böyük ehtiyacı sevgi və diqqətdi. Bu varsa, bu yaşanırsa, hiss olunursa, onda ürəyin ömrü də uzanır. Təəssüf ki, yaşadığımız zaman içərisində olduğumuz hadisələr bizi hardasa manqurtlaşmağa, robotlaşmağa doğru sürükləyir. Özümüzdən bir addım o yanda ,şair Vaqif Bayatlı demiş, çəpərin  o biri üzündə baş verənlərə biganəlik get-gedə üstələyir bizi. Özümüz öz içimizdə qapanıb qalmaqla ürəyin dustaq ömrünü daha da məşəqqətli edirik. Baxmayaraq ki, o ürək bizi BİZ edib və edir! Bax elə bu məntiqlə də mən Allaha, Sənə və özümə zaman-zaman ürək vasitəsi ilə dediklərimi, çatdırdıqlarımı yenidən elə ürəyin öz içində təkrarlayıram. Çünki bu ürək yollardan hələ ki yorulmayıb. Ona görə yorulmayıb ki, o Allaha və Sənə doğru gedir.  Hətta  gedə-gedə də deyir: 

 

Sənin üçün qurbanlığa dönüm ki,

Saçlarını kirpiyimə hörüm ki

Allah mənə imkan versin görüm ki –

Ayaq altdan götürürsən ürəyi!

 

Hə, Fəxrəddin Teyyubla sözün bu nöqtəsinə qədər, yəni ürəyin bu döyüntüsünün şeirə çevrildiyi ana qədər gəldik. Bizi bu səfərdə bir-birimizlə həmsöhbət edən də ürək oldu. O ürək ki, bir-birinə söykənib, bir-birinə hayan durub və ən vacibi bir-birini hər məqamda anlayır. Siz də ürəyinizdən muğayat olun.

  • Avqust:
  • 6

TƏQVİM / ARXİV