adalet.az header logo
  • Bakı -°C

Novruz axşamı - Əsrlərin yaddaşında yaşayan adət-ənənələr

86 | 2026-03-20 19:15
A- A+

Bu gün Azərbaycanda ilin ən sevilən və ən qədim bayramlarından biri olan Novruz bayramı böyük coşqu ilə qeyd olunur. Təbiətin oyanışını, baharın gəlişini simvolizə edən bu bayram xüsusilə Novruz axşamı ilə özünün ən maraqlı və rəngarəng mərhələsinə çatır.

Adalet.az diqqətə verir ki, Novruz axşamı süfrələrin bəzədilməsi, tonqalların qalanması və ailə üzvlərinin bir araya gəlməsi ilə yadda qalır. Ənənəyə görə, hər kəs bayram süfrəsində səməni, boyanmış yumurta, paxlava, şəkərbura kimi şirniyyatları yerləşdirir. Bu nemətlər bolluq, bərəkət və yeni ilin uğurlu keçməsi arzularını ifadə edir.

Bayramın əsas rituallarından biri tonqal qalamaqdır. İnsanlar tonqalın üzərindən tullanaraq “ağırlığım-uğurluğum odda qalsın” deyir və köhnə ilin bütün pisliklərindən təmizləndiklərinə inanırlar. Bu ənənə xalqın qədim inanclarına söykənir və bu gün də geniş şəkildə yaşadılır.

Novruz axşamının ən maraqlı tərəflərindən biri isə fal adətləridir. Xüsusilə gənc qızlar gələcək talelərini öyrənmək üçün müxtəlif fal növlərinə müraciət edirlər. Qulaq falı zamanı insanlar qapı arxasında dayanaraq eşitdikləri ilk sözləri yozur, niyyətlərinin necə nəticələnəcəyini buna görə müəyyən edirlər. Üzük falı, iynə falı, su falı kimi ənənələr də bu gecənin ayrılmaz hissəsidir. Bu fallar daha çox evlilik, qismət və gələcək həyatla bağlı suallara cavab tapmaq məqsədi daşıyır.

Digər maraqlı adətlərdən biri də papaqatdıdır. Uşaqlar və gənclər qonşuların qapısına papaq ataraq şirniyyat və bayram payı gözləyirlər. Bu ənənə həm paylaşmağı, həm də bayram sevincini birgə yaşamağı təşviq edir.

Novruz axşamı həm də küsülülərin barışdığı, insanlar arasında mehribanlığın artdığı xüsusi bir gündür. Böyüklər ziyarət edilir, dualar edilir, dünyasını dəyişənlərin xatirəsi yad olunur.

Bu qədim adət-ənənələr göstərir ki, Novruz təkcə bir bayram deyil, xalqımızın milli kimliyini, mənəvi dəyərlərini və birlik ruhunu yaşadan mühüm bir mədəni irsdir.

  • Fevral:
  • 27

TƏQVİM / ARXİV