adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

  Dediyim yalana özümdən başqa hamı inanırdı, deyə sarsılırdım -   "Sevgilim Vətən!" silsilə yazım: V hissə 

Əntiqə RƏŞİD
3515 | 2021-10-07 16:40

Bu gündən başlayaraq, Vətən Müharibəsində gördüyüm ən xırda depalları belə unutmadan xatirələrimi yazacağam... Uzaq zaman deyil... Şahidlərimin hamısı sağdı. Onların şahidliyi ilə 10 noyabra qədər silsilə yazımı oxuyarsınız! Yazılarımda başlıqlar dəyişsə də silsilənin adı "Sevgilim Vətən!" olacaq.


Səbirə xanım  xanım, məni görəndə kövrəldi... Üst - başım toz -  torpaq, saçlarım palçıqdan bir-birinə yapışmışdı.  Üz- gözüm  hisdənmi, tozdanmı rəngini dəyişmişdi... Görüşdük,  Baş- gözümü yumaq üçün məni  əvvəlcədən istilətdiyi hamama saldı. Ordan çıxanda süfrə artıq hazır idi. Qonaqpərvər ev sahibəsi   Lyüdmilla Ələkbərova Səbirə xanımın “önəmli qonağını” razı salmaq üçün  özünə xeyli əziyyət vermişdi.

 

Çörəyimizi yeyəndən sonra Qarabağın Həcərinin israrı ilə  elə küçənin aşağısında olan gözəllik salonuna getdik. Saçımı darayıb   formaya salan  xanımın da zəhmət haqqısını Səbirə  xanım ödədi. Gecəni Lyüdmilla xanımın və Həcərin qonağı olub,  sabahısı Quzanlıya üz tutdum. Yeri gəlmişkən, bu ağır  zamanda Səbirə xanımın mənə göstərdiyi ana qayğısını heç unutmaram.

2 oktyabr


Səhər tezdən Quzanlıda taksidən düşəndə “Zəfəran”aptekə girdim. İki “nimesil” sifariş etdim.. Əczaçı dərmanları mənə verib başqa müştərini dindirdi.. 
-Ay qaqaş pulunu çıx də 2 "nimesil" 80 qəpik.
-Yox, mən dərmanları sizə hədiyyə edirəm... 
Yenə kövrəlirəm , yurdumuzun insanının geniş qəlbinə heyran oluram..
 -Mən hədiyyə götürə  bilmərəm.. Çox sağ ol, təşəkkür edirəm –deyib  pulu qoyub dərmanları götürüb çıxıram. 
Aptekin yanında  meyvə mağazası var.  2 kq alma çəkdirirəm. Yaşlı kişi mehribanlıqla üzümə baxır, “komandir pul lazım deyil, qonaq ol”
-Mən komandir deyiləm, jurnalistəm... pulum var. 
Çıxardıb, ötən gündən cibimdə qalmış yeganə 50 manatımı satıcıya göstərirəm.. Elə bilirəm, o gördüsə day heç kim mənə nəyisə hədiyyə etmək fikrinə düşməyəcək. Almaları  “klok”a yığıb mənə verir.  Mağazaların qarşısı ilə irəliləyirəm. Yolda bir nəfər də qadın olmadığı diqqətimi çəkir.
Elə bu zaman bir Kamaz dolu əsgər maşını  saxlayır. Bir anda elə bir küçədəkilərin arasına vəlvələ düşür. Əllərində tutduqları bağlamaları,  çörəkləri, meyvələri, corab dəstlərini əsgərlərin oturduğu  yük yerinə atırlar. O anda elə bil yarışmaydı... Elə bil sıradan qalmaq, əsgəri sevmədiyin anlamına gəlir.. Əsgərlər bağlamaları, klokları yardım olaraq yox, qayğı, nəvaziş, sevgi olaraq görürdülər.. Camaatın bu hərəkətinə sadəcə  şirincə-şirincə gülümsəyirdilər.   Ağzımı ayırıb elə heyranlıqla baxırdım. Birdən elə bil məni “tok” vurdu.” Başa düşmədim, mən kimin oğlundan əskiyəm ki,” deyib alma “klok ”unun ağzını büzüb- bağlayıb, atdım. İçəridən bərk gülüşmə qopdu, Yəqin kiminsə başına dəydi...  

 

 

Xalqımız çox möhtəşəm bir xalqdı. O 44 günlük müharibədə boğazından, əynindən kəsdi, əsgərlərimizə sovqat göndərdi. Baxmayaraq ki, MN-yi ordumuzun təminatını artıqlaması ilə təmin etmişdi, camaat israrla payını əsgərlərlə bölməyi özünə borc bilirdi. Həmin vaxt Bakıdan, Gədəbəydən və digər zonalardan gələn yardımsevərlərə yol göstərmək, sovqatı lazımı yerlərə çatdırılmasına yardımçı olmaq da boynumun borcu olmuşdu.   Veteranı Qadınlarına Sosial Yardım İB sədri Rada Abbas və birliyin üzvləri  müharibə zonasına  sovqat gətirəcəkdi deyə ərazinin “yiyəsi “ kimi onları qarşılamalıydım.


 Odur ki, tezdən özümü Quzanlıya çatdırmışdım.  Atəş səsləri səngimirdi. Xüsusən Tərtər rayonu  atəşlər içindəydi. Bərdədən gələndə 4 yol deyilən ərazi var. Yol Ağcabədi-Ağdam, Bərdə-Tərtər yolu kimi tanınır.  Maşını saxlatdırıb, dəmiryola tərəf götürülürəm. Ora hündür olduğuna görə məqsədim ordan   atışma ərazisini  rahat seyr eləməkdi. Qışqırığa arxaya çönürəm.  Hərbçilərin səsi oraları götürmüşdü: Ora olmaz, görürsən, dünən  bax bura bir mərmi düşdü... Mərmi gəlib burda səni tutsa biz nə cavab vercəyik  komandanlığa?Odey, dünən  Tərtərin avtovağzalına düşüb, adam da ölüb...

Nə isə məni “pişiyim-pişiyim” nən otuzdurdular maşına  Sürücüyə isə əmrlə : Sür! - dedilər.
Elə bilirdim hərbçilər məni yola vermək üçün elə dedi. Sən demə, olub. Bəli, sonradan öyrəndim ki, saat 09 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala da  ciddi ziyan dəyib.. 
 Ən pisi o idi ki, Putinlə Makron birləşib müharibəni dayandırmaq istəyirlər. Atəşkəs olacaq –deyilirdi. Əynimdəki “press jilet”ə görə tanıyanda tanımayanda yaxınlaşıb bu şaiyənin gerçək olub olmaması ilə maraqlanırdılar.  Elə bil hamının üzərinə su çilənmişdi.  İndi bu insanları   necə sakitləşdirim deyə düşünüb  ağlıma gələn  fikirləri söyləməyə başladım:  Siz heç narahat  olmayın,  bizimkilər onları qıcıqlandıracaq,   onlar da axmaq şeylərdilər, atacaqlar, Aha, atəşkəs pozuldumu? Bizim ordunu saxlaya bilərlər?- deyib onları ruhlandırırdım.
Həqiqətən ovutmaq üçün dediyim fikirlər tam gerçək oldu. Vəssalam, özümü saldım işə. İndi Əntiqə canın çıxsın cəbhəylə bağlı tam məlumatsız olan adamların suallarına cavab tap. Xüsusən balası çəbhədə olan, amma onlarla əlaqə yarada bilməyən valideynləri sakitləşdirmək çox çətin idi.  Təsəvvür edin, bilirəm ki, Suqovuşanda ölüm-dirim savaşı gedir, itkimiz çoxdu. Gizlində ağlayıram,  göz yaşımı saxlaya bilmirəm, amma oğlu Suqovuşanda döyüşən əsgər atasına- Elsevərə deyirəm ki, o tərəfdə döyüş yoxdu. əsas qüvvələr Füzuli tərəfdədi, döyüş ordadı. Oğlu Füzuli –Qubadlı tərəfdə olan valideynə - Ülviyyə xanıma da əksini deyirdim.  İnanırdılar mənə... Bax ən çox bu duruma  görə sstress keçirirdim. Onlar mənə özlərindən çox inanırdılar, mən onları aldadırdım...

 

 

Saat 12 radələrində  artıq Rada xanım və dostları  Ağdama gətirdiyi    xeyli sovqatla Muğam evinin qarşısındaydılar.  Hesab edirdim ki, təmas xəttindən qaçıb Quzanlıda, Bərdədə məktəblərə sığınmış camaata paylanar.   Amma bütün yardımın hamısı icra nümayəndəsinin  təşkilatçılığı ilə  Quzanlıda yerləşən, adı sovet dönəmindən “kolxozun anbarı” deyilən yerə boşaldıldı. Anbarda nə anbar. İçi dolu  sovqat bağlamaları.

 Quzanlının lap yaxın məsafəsində  Ağcabədiyə aid Taynaq kəndi  var. Anbarla oranın arası təxminən 1 km olar . Yük mikroavtobusdan yenicə  yerə yığılmışdı ki, Taynağa 2-3 mərmi dalbadal düşdü. Səhv eləmirəmsə ya jurnalist Pərvin Abışova idi ya keçmiş döyüşçü Solmaz Əliyeva dedi ki, belə səsdə necə qalırsan?


Yadıma düşmüşkən bir nüansı  xatırladım, hələ ötən axşam yaxın rəfiqəm, şəhid Vasif Məmmədovun xanımı Ceyran Əzizova Rada xanım gillə gələcəyini demişdi. Dönə-dönə soruşdu: Nəyin çatmır, de alım gətirim...
 Bilirdi evdən hazırlıqsız çıxmışdım, amma boynuma almadım ki,   qəndim bitib, quru çayın,  vermeşilin sonudu.  Yardımı anbara töküb asvalta  qədər onlarla gəldim. Avtobusdan düşəndə  Ceyran xanım  evlərindən mənim üçün bir zənbil ərzaq yığıb gətirmişdi. İçində qənd çay, konserva, vermeşil, makaron... Kövrəldim. Tələbə olanda anamın mənə göndərdiyi  çantalar yadıma düşdü.


Artıq axşam düşürdü. Kafenin yanından burulub döngəmizə dönəndə  evin birindən  televizorun səsi gəlirdi: "Bu gün Ermənistan silahlı qüvvələri Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutub. Gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb".


 

TƏQVİM / ARXİV