adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

NAXÇIVAN SƏRHƏDİ DƏ BAĞLANDI, ZATO TÜRKİYƏ – ERMƏNİSTAN  SƏRHƏDİ AÇILDI - Aqil ABBAS yazır

AQİL ABBAS
801 | 2022-07-04 18:00

Hava gələn  bütün deşikləri  bağlayın, barmağınızı soxun, ordan hava gəlməsin.

Naxçıvanda bir qapı vardı, ordan bir az nəfəs alırdıq, indi onu da bağladılar. Azərbaycan həqiqətən də analoqu olmayan ölkədir.  Bütün dünya  sərhədlərini  açır, biz daha da  möhkəmləndiririk. Qonşu  Gürcüstan kefdədi.

Türkiyədə  təhsil alan  20 min tələbə  ləlöy döyür. Kimin nə vecinə? Onların arasında sərhədi bağladanların  birinin də övladı yoxdur.  Hələ mən Kiprdəki  2-3 min tələbəni demirəm. Eləcə də  Rusiyada oxuyan tələbələri.  Quru  sərhədi bağladanlar  elə bil  durublar bu millətin  qəsdinə. Bu mafiyanın qarşısında  Yakudza da, Koza nostra  da kiçik  mafiyalardı.

Saytlar da xalqla  məzələnir. Hər gün neçə sayt yazır ki: «Rəsmi açıqlama: sərhədlər açılır».  Yazıq camaat da tökülüb oxuyur, görür  fındıq, özü də  çürümüş fındıq. Hansısa bir deputat, ya ekspert  deyib ki,  sərhədlər  açılmalıdır.

Bəli, Naxçıvan qapısı da  bağlandı, amma zato, Türkiyə-Ermənistan  sərhədi açıldı. Deməli, bu şərtlə  açılıb ki, 3-cü ölkə vətəndaşları sərbəst quru  sərhədindən  keçib gedə bilərlər – Ermənistana, ya Türkiyəyə. İndi Avropada yaşayan, Rusiyada və digər ölkələrdə yaşayan  ermənilər  üçüncü  ölkə  vətəndaşı  olduqlarından  istədikləri vaxt Ermənistandan Türkiyəyə, Türkiyədən də Ermənistana  keçə bilərlər.  Ermənilərə də bu lazımdı.  Bütün dünyadakı ermənilər  axışacaq  Ermənistana, ordan da Qarabağa. Rusiyada, Ukraynada, İranda  yaşayan ermənilər də  Türkiyəni  suyoluna  döndərəcək.

İndi bir məsələ  açıq qalıb. Azərbaycanlılar da 3-cü ölkə  vətəndaşlarıdı, biz də bu  müqavilədən  istifadə edə bilərikmi?  Türkiyədəki  tələbələrimiz quru  sərhədindən İrəvana gələ bilər, ordan da ya Laçın dəhlizindən maşınla keçib Şuşaya gələrlər  və yaxud da  ermənilərin «AZAL»ı (Ermənistanın  hava  şirkətinin  adını bilmirəm) İrəvan-Bakı reysi açar. Əgər  İstanbula, Berlinə, Parisə sərnişinləri  50 dollara   daşıyırsa, Bakıya  axın olduğundan bizim uşaqları  daha ucuz qiymətə  gətirə bilərlər.

Əziz Türkiyədə  ləlöy döyən balalarımız, bəlkə bir «popıtka» edəsiniz?

Bir məsələ də açıq qaldı. İranın quru  sərhədini bağlaması ilə Naxçıvan-Iqdır  sərhədinin  bağlanması  eyni vaxta təsadüf edir.  Bu təsadüfdür, yoxsa camaatın  dediyi kimi, Putindən gəlmə «prikazdı»?

TƏQVİM / ARXİV