adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Müharibənin qar uşaqları - Emin Piri yazır

Emin Piri
1945 | 2021-11-03 11:31

Dekabr ayı. Müharibə bitib. Müqaviləyə əsasən boşaldılan Laçın şəhərinə getməliydik. Evə zəng etdim. Sonra bacım qızı Ləmanla danışdım. Bimirəm, necə təzaddırsa müharibə adamın yadına daha çox sevdiyi insanları, xatirələri salır. Ən çoxsa uşaqlığını. Bəli, məzh uşaqlığı. Və ya həyatında olan uşaqlar. Vəhşilik içində adam uşaq saflığı axtarır, uşaq təmizliyini özləyir.

Hə, bacım qızı Ləmanla danışırdım. Oraların necə olduğunu soruşdu. Ətraf Kiçik Qafqaz dağları, hər yan qar. Hər tərəf ağappaq qardı;-dedim.

“Dayı, ordan gələndə mənə qar gətir də. Qartopu oynayaq”-dedi.

Uşaqlar müharibəyə də bəzən öz gözləriylə baxır. Bəlkə də elə bilirlər müharibələr uşaqların qartopu oynmaq istəyinə görədir. Bəlkə də bu qartopu istəklərindən doğan müharibələrə görə özlərini qınayırlar. Amma nə bilələr ki, böyüklərin qaropu oyunu anaların, sevgillərin, bacıların göz yaşlarıdır.

Düzdü, özümlə qar gətirə bilmədim. Amma inanıram ki, bu ölkənin uşaqları yaxın gələcəkdə ürəkləri istədiyi qədər Qarabağ torpaqlarında qartopu oynayacaqlar. Özümlə gətirməsəm də sizə ürək dolusu qar gətirmişəm, əziz uşqlar!

Elə bu kiçik yazını vaxtilə yazdığım “Əlcəkli qar” şeiri ilə bitirirəm.

 

Yağma, qar,

yağma

əlcəyim olmasa da

əllərim üşümür mənim.

Atamın

"daha yeddi yaşın var

böyük kişisən

heç kişi də əlcək taxar?!"

sözləri üşüdür məni.

 

Yalan danışmağı bacarmır atam

dodaqlarının titrəməsindən

gözlərinin dolmasından bilinir

ciblərinin yalanı.

Qar qardaş,

dünyanın ən təmiz

yalanı sənsən.

 

Qar qardaş,

mənə görə yox

atama görə yağma,

ata oğul arasına girmə, qar.

 

Yağma,

çirkli əllər atmasın səni

çirkli ayaqlar altında

əzməsinlər təmizliyini.

Təmiz dillər

çirklənməsin sənə görə,

yağma.

 

Uşaqların sızıldayan

barmaqlarında üşümə,

isti əlcəklərində qızın, qar.

 

...Uşaq əllərini özləmişdi qar

qar vardı

uşaqlar yoxdu

müharibə qovmuşdu

yavruları torpaqlarından.

onların yerində

tanklar oynayırdı.

qar ağlayırdı uşaqlarçün,

can verirdi

tankların

qanlı tırtılları altında.

 

Qar istəyir uşaqlar

tanksız,

yalansız,

əlcəkli qar.

Yağırsansa belə yağ, qar!

 

 

 

 

TƏQVİM / ARXİV