adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Müharibə zarafatları - Emin Piri yazır

Emin Piri
428 | 2022-01-26 11:02

Həssaslıq enib deyə müharibə zarafatını bölüşüm sizinlə. Əvvəllər məlum səbəbləri bunları sizinlə yazmağı düzgün bilmirdim. Amma zaman keçdikcə müharibəni hərtərəfli bölüşməkdə fayda var deyə düşünürəm. Zarafatsız həyat keçər?

Orda az qala faciə kimi yaşanan olaylar indi bizə, bəlkə də sizə komediya kimi görünür.

 

 

ı

Torpaqları yavaş-yavaş alın da…

 

Müharibənin nə qədər qəddar, acımasız, pis bir şey olduğunu izah etməyə ehtiyac yoxdur. Fərqi yoxdur, o müharibə haqq uğrundadır, yoxsa haqsız müharibədir.

Əlbəttə, bizim Vətən savaşımız haqq yolunda olan mübarizə idi. Amma bu, müharibənin çətinliklərini, ağrılarını istisna etmir.

Bütün bunlar öz yerində, amma müharibədə bütün hislər bir-birini sürətlə əvəz edir. Faciə komediyanı, sevinc kədəri, üzüntü qüruru və.s

Hər şeydə pozitivlik axtaran, ağır hadisələrə, söhbətlərə yüngüllük gətirməyi sevən biriyəm. Ən azından faciə varsa, heç olmasa sözlərlə insanları bu durumdan çıxarmağı xoşlayıram. Faciə onsuz da var, amma onu yüngülləşdirmək öz əlimizdədir.

Bütün bunları nəzərə alaraq savaş boyu zarafatlar etməyə çalışır, bəzənsə şəxsi heyətə görə özümü buna məcbur hiss edirdim. Bəzənsə bu zarafatlar şərəfdən, qürurdan, qələbə sevinclərindən, ordumuzun ardıcıl nailiyyətlərindən doğurdu.

Oktyabrın əvvələri idi. Füzuli-Cəbrayıl istiqamətindəyik. Qardaş, biçilmiş taxıl zəmisiylə saatlarla piyada dolama yol get, bitmir ki, bitmir. Nəfəs çatdırmaq olmur. Bir yandan da minaatan, top mərmiləri...

Hava yoluyla məsafə azdı, sadəcə təhlükəsizliyə görə saatlarla dolanırıq. İlk günlər bəzi səbəblərə görə bizə 1-2 XTQ zabiti də ayrılıb. Məlum yerə çatanda gördüm təpənin döşündə bizi bir manqa(dəstə) XTQ heyəti gözləyir.

Nəfəsimi dərdim, dedim; Qurban sizə, torpaqları yavaş-yavaş alın da, sürətinizə çatdırmırıq.

Təəccüblə baxdı, dedi; Komandir sənsən?

Güldülər. Bu da( dəstə komandiri) başını yellədi.

Şükür, müharibə tez bitdi, erməni heç nə etməsəydi də, zarafatlarımın qurbanı olacaqdım.( Təbii ki, bu da bir zarafatdı)

Hər şey bir yana, zarafatsız keçilməz belə şeylər...Elə müharibə də!

 

ıı

 

Füzuli-Cəbrayılda istiqamətində yarımadada…

 

Sizə də məlum olduğu kimi oktyabrın ilk on günlüyündə erməni tərəfi böyük canlı qüvvəsi, texnika və.s ilə hücuma keçib. Yəni, bildiyiniz; Füzuli-Cəbrayıl xəttini ikiyə bölmək. Məqsəd də məlum, Azərbaycan ordusunu bir-birindən ayırıb mühasirədə məhv etmək( düzü bu planları gəldikdən sonra xarici və erməni materiallarına əsasən öyrənmişəm)

Nə isə...Şəxsi heyətə adətən belə təhlükəli məqamlar deyilmir ki, vahimə, düşkünlük yaranmasın. Həmçinin, raket və.s kimi hücuma məruz qaldıqda isə adətən, minamyot, top atışlarıdı deyilir-səbəb yenə qeyd etdiyim kimi.

Yuxarı rütbəli zabitlərdən dedilər ki, başa düşürsən də, yarımadadayıq. Öz-özümə deyirəm nə yarımada?!.Qarabağda dəniz varki? Ya da dəniz sahilindədir ki, bizə belə deyilir? Bir sözlə mənə hələ çatmır. Çünki ermənilərin belə hücum edəcəklərini düzü gözləmirdim. Təzə olduğumuzdan eyforiyadayıq.

Öz aləmimdə demək istəyirəm ki, Füzulidə, Cəbrayılda yarımada yoxdu. Sonra başa düşmüşəm ki, söz vahimə yaratmasın deyə üstü örtülü mühasirə vəziyyətinə YARIMADA deyiblər. Yəni üç tərəfdən... Sonra yadımıza salıb o qədər gülmüşük...

 

ııı

 

Bizi ermənilərlə düşmən edəcəklər

 

Nicat adlı çavuşumuz vardı. Ali təhsilli, savadlı, ədəbiyyat sevdalısı. Dünyagörüşü yetəri qədər çox idi. Söhbətim tutan insanların önlərində gəlirdi. Müharibədə ən çox şirin zarafatlar edib problemlərdən uzaqlaşdıranlardan idi. Beynimiz dincəlirdi. Füzulidə qırğın gedirdi, bu qayıtdı ki, axırda bizi ermənilərlə düşmən edəcəklər. Özümün etmədiyi zarafatlar qalmamışdı, amma onun zarafatı qəribə gəlmişdi. Sonradan bu qəribə zarafat çətin anlarımızda bizi güldürürdü.

Müharibə bitən gecə qayıtdıq ki, müharibə bitməsəydi, az qala ermənilərlə azərbaycanlılar düşmən olacaqdı...

 

 

ıv

Öz XTQ-mizi atəşə tutaq…

 

Gecəylə xəbər gəldi ki, önə atış açmayın, bizimkilər hücuma keçəcək. Daha doğrusu XTQ gecə hücuma keçəcəkdi bizim önümüzdən. Bizim çavuş qayıtdı ki, hücuma keçiləndə biz arxadan atəşə tutaq. Həm də elə edək ki, ermənilər bunu görsün.

Dedim, niyə?

Qayıtdı ki, ermənilər bunu görəndə desin ki, öz ordusuna bunu edən bizə nələr etməz?

 

Hə, hərdən belə, adamın tükünü biz-biz edən şit zarafatlarımız olurdu..

 

 

v

Kod adı”şirinlər”

 

Müharibə dövründə hər bir bölmənin xüsusi şifrəsi, parolu, adı və.s olur. Qartal, pələng, zirvə, aslant və…

Səhv etmirəmsə, hərbi hissələrdən biri ilə əlaqəyə keçmişdik, bizə “şirinlər”(Əlbəttə, ad tam olaraq “şirin”deyildi, amma buna bənzər ad idi) adıyla müraciət etdilər. Qayıtdıq ki, bu nə deməkdir, nə müraciətdir?

And-aman etdilər ki, vallah, bizlik nəsə yoxdur, nə də ələ salmırıq, sizin bölmənin adı budur…

İki gün idi, “zaryadka” olmadığından telefonum qapalı idi. Açan kimi bir mesaj gəldi:

-“Şirin”, necəsən?

Bir anlıq hürkdüm. Bizim şifrəni, adı bilən kimdir, hələ mənə mesaj da atıb. Bəlkə…Ağlıma müxtəlif fikirlər gəldi.

Sonradan öyrəndim ki, mülkidə xanım dostlardan biriymiş, sadəcə çox istədiyindən mənə belə müraciət edib…

sonradan öz adımız elə adımız kimi şirin zarafatlara çevrildi.

 

 

Barlarını bağlatdığımız gizirimiz

Faiq adlı gizirimiz vardı. Məşhur publarda barmen işləmişdi. Bir dəfə söhbət əsnasında jurnalistlərdən gileyləndi. İşlədiyi pubu mediada ardıcıl vurduqlarına görə bağlanmışdı. O da deyir ki, sadə barmen idim. İş adamı deyiləm və.s dəyən mənə oldu, çörəyimdən oldum.

Mən də buna qoşulmuşam. Zatən müharibədə adam tərbiyəsizləşir, söyüşlü danışır. Birdən soruşdum ki, hansı pub?

-Sahildə yerləşən filan pub.

Fikirləşəndə məlum oldu ki, bunların pubunu ən kəskin tənqid edən mən olmuşam. Bu qədər təsadüf?

Buna qayıtdım ki, öz söyüşlərimi geri götürürəm.

-Nə oldu?

-Sizin obyekti ən kəskin tənqid edənlərdən biri mən idim.

Gülüşdük.

Düşmən ocaq başındaymış;-dedi…

 

P.S. Şəkil getdiyim gün komissarlığın yanında çay fasiləsində çəkilib. Facebookda sonuncu zarafatımı bu şəkillə paylaşmışdım. Bəlkə də bu dünyada baş verən hər şey zarafatdı?

 

Bir şeirimdə dediyim kimi:

 

ALLAHIN ZARAFATI

 

Ölənlər oyanıb çıxa qəbirdən

durub dirilərin qaza qəbrini.

gedəsən sevdiyin qəbrin üstünə

görəsən yazılıb:

bir zarafatdı.

Şeytan da bezikib çıxa özündən

içindən allahın özü boylana

dönüb arxasıyca gələn bəndəyə:

Yaman aldatdım ha…

Deyə!

Sancıdan qıvrılan anaya

məktub gələ

bətnindəki körpədən:

məni gözləməyin,

bu, zarafatdı.

75 yaşında döyülə qapın-

məktəbdə sevdiyin qızdı

qayıdıb.

əlində əsanın qoyduğu qabar

toxuna saçlarına…

Qoşulub Iblisə çıxıb gedəsən

Allahın dalınca qeybət edəsən

arxanca mələklər yalvara

Allah da göydən qışqıra:

Emin,

bu,

zarafat deyil?!

 

Ardı var…

 

TƏQVİM / ARXİV