adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

MƏNƏ istinad... iNFORMASiYA VERiN, DüNYANI TƏRPƏDiM...

14245 | 2012-09-01 08:47
Cəmiyyət və informakratiya
   
   
   
   Araşdırmalar deyir ki, ətraf aləmlə bütün bağlantıları kəsilən insan cəmi bir neçə dəqiqə yaşaya bilər... Yəni səs eşitmədən, təsvir görmədən, qoxu duymadan... Ana bətnindən dünyaya təşrif buyuran balaca insanın formalaşması aldığı ilk informasiyalardan başlayır - ağlayanda həzin səs eşidir, qucaqlanıb hərarət alır, ananın qoxusunu yadda saxlayır, ilk gördüyü rənglər doğmalaşır. Bu insanın kənardan aldığı ilk informasiyalardı. Genetik informasiya daşıyıcısı olsa da hələ bu özünü ancaq zahiri şəkildə büruzə verir. Üz cizgilərində, gözlərin rəngində, saç strukturunda... Daşıdığı informasiya və kənardan aldığı ilk informasiyalar hələki onu təzadlı psixoloji bunalıma sürükləmir. Dünya ilə ilk təması yad gəlmir ona ... Aldıqları doğmadı... Az keçmir ki, durum dəyişir və insanın həyatı yad, bəzən də tamamilə qeyri-məqbul sayacağı informasiyalarla dolmağa başlayır...
   
   Müasir dünyada informasiyanın rezonatoru və diapazonu o qədər çoxməqsədli şəkil alıb ki, insanların praktik vərdişlərini də dəyişdirir. Bütün bunlar insan həyatına dərindən təsir edir. İnsan erkən yaşlarından mahiyyətcə həyatının sonuna kimi davam edən bu prosesin iştirakçısına çevrilir. (bu sivilizasiyanın toxunmadığı feral insanlarda baş vermir) Belə çıxır ki, insanı əmək yox, informasiya-təlim yaradıb.
   
   Maliyyə kapitalının və maliyyə oliqarxiyasının hegemon olduğu dünyada hamı çəkici bir zindana vurur. Dünyanı sərhədlərə ayırmadan, bir bucaq altında baxaq olanlara. İnformasiya təhlükəsizliyi yeni nizam qaydaları ortaya çıxarıb. Çoxməqsədli və çoxölçülü insanlar, çox istiqamətli cəmiyyətlər yaradıb. Vizual inkişaf və vətəndaş şüurunun yetkinləşməsi ictimai təkamülə damğasını vurub. Bu, ictimai həyatda insan fəaliyyətin müxtəlif növlərinə qoşulur, ətrafdakılarla qarşılıqlı əlaqədə olur. Bu prosesdə elmi-texniki tərəqqi bumu özünün ictimai dayaqlarını yaratmaqla, insan həyatının vacib elementinə çevrilib. Baş verən hadisələrin əhəmiyyətini nəzərə almadan biz informasiya istehlakçısına çevrilmişik. Bütün mənəviyyatımız dövrün şərtlərinə və tələblərinə bağlıdır. Bunun sayəsində davranışlar adekvat olur və məqsədə çatan olur. Məhz bundan irəli gəlir ki, ölkələrin iqtisadi, sosial-iqtisadi, siyasi, hətta ideoloji dəyərlərinə əlavə buferlər qoşulub.
   
   Mübarizə gedir.
   
   Onu dəf etmək üçün strateji həmlələr hələ çizilməyib.
   
   İnformasiyanın yeni metodları işlənib ki, artıq insanlar daha uzaq məsafələrdən idarə olunur. Bu gün insanlar qəti hökmləri də şübhəylə qarşılayır və mütəxəssis şərhləri ilə bəzənən hadisələrin mahiyyətini anlamadan, daha çox faktların təsirinə məruz qalır. Dünyanı cənginə alan informasiya bumunun təhlükəsini anlayan Fransada informasiya kanallarına nəzarətin birdən-birə gücləndirilməsi təsadüfi deyildi. Həmin dövrdə ölkənin strateji inkişafı ön planda idi. 1987-ci ildə televiziya kanallarının özəlləşdirilməsi ilə mətbuatda dövlətin geosiyasi və sosial prinsiplərinin təbliğində yeni qaydalar müəyyən olundu. İnformasiyanın kütləviliyini nəzərə alan dövlətlər həyatda baş verənləri mətbuatın müzakirəsinə çıxarmaqla, bunun adını "söz və mətbuat azadlığı" qoyurdu. İnformasiya bazarını əlinə keçirən institutlar düşündülər ki, insanlar qəzetlərdə axtardığı xəbəri tapa bilməyəndə oxucunun qəzeti dəyişilməlidir!
   
   İstiqamət dəyişdi...
   
   Oxucu, radio və televiziyaya kökləndi, daha sonra isə internetə. İctimai xadimlər, sənət və mədəniyyət adamları yavaş-yavaş tribunanı dəyişməyə məcbur qaldı. Sosial cəhətdən məqsədli informasiyaların insanın davranışını şərtləndirdiyini anlayan mütəxəssislər hələ 1982-ci ildə bəyan etdi ki, həm beynəlxalq, həm də milli siyasət, informasiya inqilabının övladı olan yeni ünsiyyət şəbəkələri meydana gətirəcək. Bütün dövrlərdə şəxsiyyət formalaşması mexanizmi fərqli olub. Elə dövr olub ki, insanı islah etmək üçün kötəkləyiblər. Oğurluq cinayətinə görə oğrunu Parisin meydanında asırdılar. Bugünkü reallıqda isə insanın başına informasiya yeridib hətta manqurt vəziyyətinə salmaq daha rahatdir, nəinki başqa vasitələr.
   
   
   
   "İnformasiya kapitalizmi" dünyanı təhdid edir
   
   
   
   Tarixdə ilk dəfə ən səs-küylü hadisə, ABŞ-da baş verdi. Bir anda xalqın inamı alt-üst olurdu. Ölkə silkələnirdi, hamı çaşqınlıqla informatorun dediklərinə inanırdı. Heç nəyə məhəl qoymadan, "Dərin hülqum" kod ləqəbli informator "The Washington Post"un jurnalistləri Karl Bernstayn və Bob Vudvorda kompromatlar ötürürdü. Hadisə Quverin ölümündən və Federal Təhqiqat Bürosunun rəhbərinin dəyişməsindən cəmi iki ay sonra baş verirdi, ölkənin siyasi gündəmində vakuum dərinləşirdi. R.Nikson 1972-ci ilin prezident seçkiləri dövründə dempartiyanın namizədi Corc Makqovernin qərargahında dinləyici qurğu quraşdırmaq göstərişi verməkdə ittiham olunurdu. İttihamı tam sübuta yetirmək mümkün olmasa da, Niksona impiçment elan olundu. Bu dövr, artıq hər şeyi təsdiq edir. Heç bir qüvvə informasiyanın önündə duruş gətirə bilməz. Bunu yaxşı anlamağa başlayan ABŞ informatorları bundan daha geniş spektrli və səmərəli yararlandı. Sonrakı mərhələdə isə informasiya kommunikasiya texnologiyalarının ilk böyük uğuru 1988-ci ildə Corc Buşun prezident seçilməsi ilə baş verdi.
   
   Bütün güc informasiya vasitələrinin imkanlarından yararlanmaqla analitiklərin xalqı inandırmağına yönəldi. Bu qalibiyyətdən sonra informasiya texnologiyaları kütləyə təsirini araşdıran amerikalı mütəxəsislər qənaətə gəldilər ki, dünya xalqlarının əzmini belə məqsədli informasiya ilə zədələmək, onun daxili inamını qırmaq mümkündür. İnformasiya hüdud tanımır. 1980-ci illərdə Sovetlər birliyinin çökməsindən sonra dünyada imperializmin yeni forması - qloballaşma meydana gəldi. İnformasiyanın əhəmiyyəti artdı - cəmiyyət də, iqtisadiyyat da bu zəmində dəyişdirilməyə başladı. Druckerin "informasiya kapitalizmi" - deyə vurğuladığı bu dövrdə bazar iqtisadiyyatı - informasiya iqtisadiyyatına çevrildi. İnsanların zövqü, düşüncəsində yeni dəyərlər formalaşmağa başladı. Brendlər meydana gəldi, o brendləri əldə etmək üçün bizə yol göstərməyə başladılar. Və nəticədə şirkətlər informasiyanın yalnız istifadəçisi deyil, eyni zamanda istehsalçısına çevrildi. Bununla internet, zaman və məkan fərqini ortadan qaldırmaqla, fərdləri və təşkilatları virtual fəzada bir-birinə yaxınlaşdırmaya, qlobal bir birlik meydana gətirdi. Əgər XIX əsrdə sahibkarlar dəmiryollarına maraq göstərirdilərsə, buna adekvat olaraq XX əsrdə informasiya texnologiyalarına maraq göstərirlər. İnformasiyanın çox əhəmiyyətli bir gücə çevrildiyi dünyada inkişaf etmiş ölkələrin səhmdar şirkətləri investisiyalarının böyük bir hissəsini məlumat və informasiya texnologiyalarına yönəldib. Məlum həqiqətdir ki, informasiya karteli kimin əlində böyükdürsə, ən güclü odur. Çünki bütün rəqiblər ictimai nüfuzunu qorumaq üçün hər şeyi güzəştə getməyə hazırdır.
   
   
   
   İnformasiya və beyin sensorları
   
   
   
   Mahiyyətinə varmadan, həvəslə oxuyuruq, dinləyirik, baxırıq. İntelektual qanunlar yaradılıb ki, onları həvəslə əzbərləyirik. Nəticədə özümüz üçün bir mif yaradaraq onun ardınca sürünürük. Günün tələbləri daha çox informasiyalı insanların zövqləri və baxışları ilə tənzimlənir. Ötən il Rochester, Louis, Vaşington universitetinin və Baylor Tibb Kollecinin alimləri informasiyanın beyninə təsirini araşdırarkən tutarlı nəticələr əldə etdi. Məlum oldu ki, göz, qulaq, burun, ağız və dəri vasitəsilə insan beyinini bir kakofon (xaotik) informasiya ilə bombalanmaq mümkündür. Elmi qənaətə görə, verilən nizamsız, xaotik informasiya komandası beyinin sensor siqnallarında ziddiyyət yaradır. Bu prosesdir və davamlı xarakter daşımaqdadır. Çox mürəkkəbləşib həyatımız, təlabat artıb, daha bahalı həyat standatları ilə ayaqlaşmağa çalışırıq. Bizi buna vadar edən, informasiyanın bizim varlığımızda yaratdığı iddiadır. Qaça bilməyəcəyik. Digər tərəfdən cəmiyyətin daşlaşan, mühafizəkar baxışlarına qarşı çıxan informasiyalar insanlara təzyiq edir. Təzyiq bizim içimizdədir.
   
   Səbəblər çoxdur. Əsas səbəb, bizim müşahidələrimizdən qaynaqlanır, axı ayaqlaşmağa çalışırıq!!! Nəticədə zəncirvari maddi əlaqələrin içinə düşürük. Ən qısa yol axtarmağa başlayırıq. "Qonşudan qalma dala" sindiromu. İnformasiya kartellərinin insanların mənəvi baxışlarında yaratdığı vəziyyəti təhlil edən Stuart Hall hesab edir ki, cəmiyyət çox həssasdır, ona verilən mənəvi qidanın tərkibi əslində mənəviyyatına yerləşdirilən yeganə ideoloji minadır. Vəziyyəti qənaətbəxş olmayan insanlar bu informasiyanın dürüstlüyünə varmadan onun ardıca düşür. ABŞ-ın Glasgo Qrupunun hesabatına görə, Kütləvi İnformasiya Vasitələri dünyada cəmiyyəti nəzarət altında saxlayır. Medianın yaydığı məlumatların analizini aparan qrupun araşdırmaları da göstərir ki, süni ehtiyaclar və süni yanaşmalar ağıllı tənqidi ortadan qaldırmaqla, insanlara xeyriyyəçilik adı altında yardımlar edir, ancaq problemlərdən çıxış yolunu göstərmir...
   
   İnformasiyalarda yer alan məqsədli gizli kodlar bütün cəmiyyəti, hədəfi təhdid edir. İraqa necə hücum etdilər? Sən demə, İraq kütləvi qırğın silahı hazırlayır. Dünyaya informasiya verməklə inandırdılar ki, İraqa hücüm etməliyik. Ancaq sonradan amerikanlar özləri etiraf etdi ki, İraqda kütləvi qirğın silahının olmasını sübut edən hec bir fakt aşkarlanmadı. Bu özü informasiyada məqsədli kodlaşma idi ki, İraqın işğal planı reallaşsın!
   
   
   
   Arqument informasiya olanda...
   
   
   
   Subyektiv informasiyaların idraki dəyəri böyük olduğundan insanın subyektiv-psixoloji tərəfləri həmişə birinci sıradadır. Çünki psixologiyanın özülü mental dəyərlərin üstündədir. İnformasiya ümumiyyətlə bir fikrə, problemə və hadisəyə söykənir. Onun mahiyyətindən asılı olaraq, insan informasiya üzərində köklənir. Hadisələr, problemlər göstərilməklə, deyilməklə insanlar vəziyyətdən xəbərdar edilir. Yenə diqqəti Riçard Niksona çəkmək istəyirəm. O, "Qələbələr və məğlubiyyətlər haqqında xatirələr" kitabında qeyd edir ki, "Xəstəxanada xərçəngdən ölüm ayağında olan Con Foster Dalleslə görüşdüm. Ona dedim ki, bir çox adamlar qəzet və jurnallardakı yazılarında məsləhət görürlər ki, mənim əsas vəzifəm Amerika Birləşmiş Ştatlarının sülh tərəfdarı olduğuna Xruşşovu inandırmaqdır. Dalles bununla razılaşmadı. Və dedi: "Bizim sülh tərəfdarı olmağımıza onu inandırmaq sizə qətiyyən lazım deyil. Bu ona çox gözəl məlumdur. Siz onu inandırmalısız ki, o, müharibəni uda bilməz".
   
   R.Nikson qarşı tərəfi inandırmaq üçün informasiyanın əhəmiyyətinə çox həssaslıqla yanaşırdı: "Ən mühüm məsləhəti gözləmədiyim mənbədən - mətbuatda mənim ən ədalətli tənqidçilərimdən biri olan Uolter Lipmandan aldım. O dedi ki, ən mühümü mənim görüşə hazır olmağımdır. Əks təqdirdə, Xruşşov məni adi kommunust ritorikası içərisində batıracaq. Məni inandırdı ki, söhbəti konkret aparmalıyam. Müzakirə etmək istədiyim məsələləri qabaqcadan dəqiq müəyyənləşdirməli, onun müzakirə etmək istədiyi məsələlərdən diqqəti yayındırmalıyam. Onun məsləhəti Xruşşovla söhbət üçün əks arqumentlər hazırlamaqda mənə kömək edən mühüm amil oldu. Sonralar bu danışıqları "Moskvada mətbəx diskussiyası" adlandırdılar. Böyük dövlət xadimləri ilə, siyasətçilərlə, yaxud hər hansı başqa bir sahənin lideri ilə görüşməli olan hər kəsə Lipmann məsləhətini təkrar edərdim".
   
   İnformasiya insanlar və qruplar arasında müəyyən ictimai çərçivədə yayılır. İnformasiya vasitələri təkcə məlumat vermir, duyğulara təsir edir. Sosiallaşan insan cəmiyyətin fəaliyyətində və mədəniyyətinin gələcək inkişafında iştirakçıdır. Burada o artıq sosial münasibətlərin subyektiv tərəfidi. İnformasiya texnologiyalarının gizli gücü kütlələri istiqamətləndirməyə də yetir, mesaja da inandırır.
  • May:
  • 3

TƏQVİM / ARXİV