adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Markiz de Sad-Əfsanəvi əxlaq

20814 | 2008-02-23 00:51
Parisin şəhərkənarı imarətlərinin birində günortanın sakitliyini dəhşətli qışqırıqlar pozdu. Küçənin ortasıyla qorxu içində, yarıçılpaq, döyülmüş bir qadın qaçaraq əxlaqsız aristokratları var gücüylə söyürdü. Onu bu günə salanı tapmaq bir o qədər də çətin olmadı. Çünki markiz de Sad kübarlar cəmiyyətində məşhur olduğu qədər polis məntəqələrində də tanınırdı. Xristianların müqəddəs bayramı Pasxanın səhəri günü markiz Roza Killer adlı bu xanımı karetasına mindirib villasına aparmış, şəhvətini və qəribə istəklərini ən murdar və qəddar yolla söndürəndən sonra qadını qamçıyla döymüşdü. Yaralarına mum sürtəndən sonra onu otaqda bağlayıb getmişdi. Pəncərədən özünü bayıra atıb təsadüfən sağ qalmış bu qadın markizin skandallı həyatında nə birinci, nə də sonuncu idi. markiz de Sadın ünvanına deyilən söyüşlərin içində bircə "Ah, əclaf sadist" kəlməsi yoxuydu. Çünki özünə və başqalarına əzab verməkdən həzz almağı bildirən "sadizm" ifadəsini psixoloqlar 100 il sonra işlətməyə başlayacaqdı, yazıçı de Sadın adına və həyat tərzinə uyğun olaraq...
   
   
   
   Burbonlar nəslinin üz qarası
   
   
   
   Parisin "Konde" otelində dünyaya göz açan markiz de Sadın ata tərəfdən qədim provansal nəslinə, ana tərəfdən isə Burbonlar kral evinə qohumluğu çatırdı. Bir vaxtlar Rusiyanın səfiri olmuş qraf de Sadın ailəsində doğulmuş uşağın anası şahzadə de Kondenin freylinası idi. Gələcək yazıçı vəliəhdlə bir yerdə boyüdüyündən və təkəbbürlü şahzadə ilə birgə vaxt keçirməyə məcbur olduğundan əziyyət çəkərmiş. Ona görə də anasına ürəkdən nifrət bəsləyərmiş. 4 yaşında kiçik Alfons tərbiyə olunmaq üçün abbat d""Ebreyə verilir. Volterlə yazışan və "Françesko Petrarkanın həyatı" adlı əsərin müəllifi olan abbat həm də əxlaqsızlıqda ad çıxarmışdı. O, həmişə iki xanımın əhatəsində olardı. Evi hərəmxanaya, ya da fahişəxanaya bənzəyərdi.
   
   Bioqrafiyasına baş vursaq, onu 14 yaşında kavaleriya məktəbinin şagirdi, 15 yaşında kral piyada qoşunlarının leytenantı, daha sonra 7 illik müharibənin iştirakçısı kimi görə bilərik.
   
   İntiqamım ağır olacaq
   
   
   
   23 yaşında istefaya çıxmış de Sad 15-ci Lüdovikin şəxsi xeyir-duasıyla madmuazel de Montreylə evlənir. Varidatdan məhrum olunacağını deməsəydilər, evlənməzdi. Mehrab qarşısında məzara qədər sevmək andını verəndə hamıdan - atasından, kilsədən, riyakarlardan, arvadından qisas almaq barədə düşünürdü. Evliliyindən heç yarım il keçməmiş o, fahişəxanada yaratdığı qalmaqala görə 15 günlük həbs cəzası aldı.
   
   Arvadı ona "qulluqçuluq etmək üçün" 15 yaşlı qızlar tapmağa kömək edirdi. 20 illik həbsxana müddətində arvadı və bütün çirkin fantaziyalarında köməkçisi olaraq qalan qadın o, azadlığa çıxan kimi boşanmışdı.
   
   
   
   "Əvvəl mən səni, sonra isə sən məni"
   
   
   
   Döyülmüş Roza Killer ilə olan əhvalatdan 100 luidor cəriməylə canını qurtarması, deyəsən, markizin iştahasını bir az da qıcıqlandırmışdı. Markizin ailəsi isə Killerin ağzını yummaqçün 2400 livr xərcə düşmüşdü. Elə həmin il markiz de Sad nökəriylə birgə 3 yungül davranışlı qızın yanına gəlib pozğun sekslə məşğul olandan sonra qızları şövqə gətirən konfetlərə qonaq edibmiş. Sabahısı daha bir fahişəylə görüşüb onu da bu konfetə qonaq etmişdi. Nəticədə bu 4 gözəlçə qarın ağrısından qovrularaq de Sada və onun nökərinə qarşı cinsi aqressiya və zəhərlənmə ittihamı irəli sürüb şikayət etmişdilər. Bu qalmaqaldan sonra markizin qəribə seksual iştahası, müxtəlif qətllər, onun zəngin saraylarında basdırılmış sümüklər, hətta adamyeyənliyi haqda şayiələr yayılmağa başladı. Kral prokurorluğunun qərarına görə, de Sad nökəri ilə birgə kilsə qarşısında günahlarını boynuna alandan sonra de Sadın başı vurulmalı, nökəri isə asılmalıydı. Hər ikisi uzaqgörənlik edib aradan çıxdığı üçün kütlənin gözü qarşısında onların yalnız müqəvvası yandırıldı.
   
   Daha sonra de Sad yeni bir qurbanını - Janna Testarı pəncərələri möhkəm bağlanmış otağa gətirir. Otaqda bir neçə qamçı varmış. De Sad qadına deyir ki, əvvəl seçdiyi qamçıyla onu döyəcək. İmtina eləməyə çalışan qadını ölümlə hədələyib otaqda pornoqrafik şəkillərlə yanaşı, asılmış xaçı sındırmağa məcbur eləyir.
   
   Birinci dəfə tutulanda bütün ailə şok vəziyyətindəymiş. Arvadının qohumları sarayda hörmət sahibi olduğundan cəmi 15 gündən sonra azadlığa çıxır. Amma Parisin bütün fahişəxanaları bu adamın təhlükəli olması barədə rəsmi xəbərdarlıq almışdı. Əli fahişələrdən üzülən markiz abırlı fransızlar kimi məşuqələr saxlamağa başlayır.
   
   Murdar hoqqabazlığına baxmayaraq, de Sad 15-ci Ludovikdən əfv fərmanı ala bilir. Markiz Fransanın cənubundakı malikanəsinə köçüb sakit həyatla yaşamalıydı. Ora ailəsi, baldızı və rəsmi məşuqəsi olan Ann-Prosperlə köçmüşdü. Bu qəsrdə qoyulan erotik tamaşalarda məşuqəsi ilə bərabər arvadı da iştirak edirdi. O dövrün qəzetləri yazırdı: "Markiz de Sad şəhərdən qaçan kimi çoxlu adam yığıb bal və teatr tamaşası təşkil edir. Burada qonaqlar təklif edilən konfetləri yeyib görünməz hərisliklə sekslə məşğul olurdu. Bal Roma dövründən bəri heç görünməmiş bir orqiyaya çevrilirdi. Ən utancaq xanımlar da bu orqiyadan qaça bilmədilər. Hərisliyi nəticəsində çoxlu insan ölmüş, konfetlərin dadını bilənlərin çoxu bir neçə gün yataqdan qalxa bilməmişdilər". Orqiyalarıyçün seçdiyi fahişələrdən şikayətlər eşidəndə deyirdi: "İstəmirsiz, peşənizi dəyişdirin".
   
   
   
   Yazmağa türmə yaxşı
   
   
   
   Sada qarşı ittihamların hamısında seksual pozğunluq və zorlama hadisələri qeydə alınıb. Arabir türmələrdə yatması yaradıcılığının xeyrinə idi. Həmin orqiyalar indi kağıza köçürülür. Türmə divarları onun cismini cilovlaya bilsə də, fantaziyalarının öhdəsindən gələ bilmirdi. Elə bil divarların da qulağı, gözü varmış. Yazılmağıyla camaat arasında dillər əzbəri olan əsərlərin necə yayılması barədə polis və xəfiyyələr başını sındırır, amma heç nə tapa bilmirdilər.
   
   Bastiliyanın əsarətə alındığı vaxt markiz de Sadın "həbsdə olanları doğrayırlar" deyib pəncərələrdən çığırması xalqın qiyamına səbəb olmuşdu. Bu hoqqadan sonra markizi dəlixanaya köçürdülər.
   
   10 illik həbsdən arvadına yazdığı məktubdan: "Bəli, mən əxlaqsızam, boynuma alıram. Bu sahədə nəyi qazanmaq, nəyi eləmək mümkünsə, hamısını dadmışam. Amma mən cinayətkar və qatil deyiləm!".
   
   
   
   O, ancaq şəhvət düşkünü deyil
   
   
   
   

TƏQVİM / ARXİV