adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Makronun Çin səfəri uğursuz alınacaq... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1626 | 2023-04-03 12:54

Özünü siyasi aləmdə hələ də vacib persona kimi qələmə verməyə çalışan Fransa prezidenti Emanuel Makron, Çinə səfəri zamanı ÇXR-in sədri Si Tzenpini Rusiya lideri Vladimir Putinlə yaxınlaşmamağa inandırmağa çalışacaq.

Bu barədə məlumat verən Politico qəzeti bildirir ki, Makron Si ilə bir neçə saat müzakirələr aparmaq niyyətindədir. "Siz Si ilə diskusiya apara biləcək dünya liderlərinin sayını bir əlinizin barmaqları ilə saya bilərsiniz"- deyə adının anonim saxlanılması istəyən Yeliseyev sarayının məsləhətçisi qəzetə bildirib.

Makron, Çin hökumətini Ukraynaya dəstək olmaq üçün böhranın aradan qaldırılmasına dəstək olmağa çağırmaq istəyir. Lakin avropa ölkələrinin siyasiləri Fransa prezidentinin bu yolda müvəffəqiyyət qazana biləcəyinə şübhə ilə yanaşırlar və inanmırlar.

Avropalı siyasilərin fikirincə, Çin lideri Fransa prezidentinin xahişini çətin ki, yerinə yetirəcək və Sakit okean hövzəsində aktiv hərbi hərəkətlərindən geri çəkiləcək. "Makronun daha əvvəllərdə Ukrayna münaqişəsinin həllində vasitəçilik etmək istəyi, İranın nüvə proqramını dayandırması üçün etdiyi cəhdlər nəticə verməmişdi. Ona görə də, ABŞ və digər dövlətlərin rəhbərləri onun Çində nələrəsə nail olacağına inanmırlar"- deyə məlumatda bildirilir.

Fransa prezidentinin Çinə səfəri zamanı Pekini Rusiya ilə hərbi razılaşmalardan çəkindirmək niyyəti də baş tutmayacaq. Çin Xalq Respublikasının sədri Si Tzenpin çətin ki, heç öz ölkəsində də kifayət qədər nüfuzu olmayan Makronun sözləri ilə Rusiya prezidenti Vladimir Putinlə əlaqələrini dayandırsın.

Beləliklə, Fransa prezidfnti Emanuel Makronun Cin Xalq Respublikasına səfərindən ümidverici nəticələr gözləməyə dəyməz.

 

 

TƏQVİM / ARXİV