Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarında boş qalan yerlərə qəbul üçün ixtisas seçimi elan edib.
DİM-dən Adalet.az-a verilən məlumata görə, ixtisas seçimi avqustun 30-dək davam edəcək.
Müsabiqədə magistraturaya fevralın 15-də, mayın 17-də və iyunun 14-də keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müəyyənləşdirilən müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak hüququ qazanan bakalavrlar iştirak edə bilərlər. Bəzi proqramlar üzrə qabiliyyət imtahanının nəticələri də nəzərə alınır.
Qeyd olunub ki, keçirilmiş müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul olunan, lakin müəyyən edilmiş müddətdə ali təhsil müəssisəsində qeydiyyatdan keçməyən bakalavrın yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etdiyi qəbul edilir. Belə şəxslərin boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirakı mümkün deyil.
Boş qalan yerlər üzrə müsabiqədə iştirak etmək istəyən bakalavrlar avqustun 30-u saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə daxil etməli və ərizəni təsdiqləməlidirlər.
Hər bir bakalavr ən çox 20 ixtisaslaşma kodu seçə bilər.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub.


Bakı -°C
