adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Köpük kölgəsi

YUSİF GÜNAYDIN
21190 | 2011-11-26 08:48
(əvvəli ötən şənbə sayımızda)
   
   
   
   3. Məşədi Salman əmi
   
   
   
   Əvvəlcə ulağın yalnız qulaqları görünür. Yoxuş arxada qalandan sonra, boz ulağın üstündə əyləşib,yol gedə-gedə sanki mürgü vuran Məşədi Salman əminin özü də peyda olur. O gözümüzə dəyən kimi biz, kəndin girəcəyində "xaraba dəyirman" adlanan boş, kol-kos basmış sahənin yalnız cənub tərəfdən duruş gətirib uçulmamış, illər ötdükcə daşları daha çox bozarıb, qaralan hasarının dibində gah " Şumaqədər", gah " Naqqulu", gah "Turna-turna", hərdən də "Ənzəli" oynayan uşaqlar, səsimizi kəsib, əlimizdə olanları yerə atır, biri-birimizi qabaqlamağa çalışaraq, tələsik boz ulağın aramla irəlilədiyi torpaq yolun qırağına düzülür və hər dəfə günorta çağı eyni vaxtda baş verən bir səhnə əhəmiyyətli mərasim kimi yenidən təkrarlanır. Boz ulaq bizə yaxınlaşanda generalı qarşılayan əsgərlər kimi biz xorla Məşədi Salman əmini salamlayırıq. Salamımızı eşitcək, o başını qaldırıb, enli qara qaşlarının altından şəvə kimi qara gözlərini bizə tərəf yönəldir, cilovu sol əlinə ötürüb, sağ əlini aramla sinəsinə aparır, dodaqlarına xəfif bir təbəssüm gətirərək, yaxşı məktəb görmüş təcrübəli bir aktyor kimi ağ araqçınlı başını ağır-ağır sinəsinə tərəf əyib, təzim edir, bununla da bizim ucadan səslənmiş salamımızı səssiz-səmirsiz alır. Sonra göz qapaqları yenə də yarıya qədər örtülür, dodaqları hərəkətə gəlir, öz-özünə nəsə danışa-danışa yoluna davam edir. Onun qaşları qap-qara olsa da, saqqal düm ağdır. Bu saqqal nəfis naxışlarla işlənmiş araqçının altından çıxıb, gicgahlarından tutmuş çənəsinə qədər hər iki tərəfdən onun enli sifətini haşıyələyir.
   
   Məşədinin simasında nəsə qeyri-adi, hətta mistik bir əlamət var, bunun nə olduğunu biz, yeniyetmələr ayırd edə bilmrik. Hər dəfə bu yaşı ötmüş insan şuxluqla ona unvanladığımız salamı çox ciddi tərzdə, yüngül bir təzimlə qəbul edərkən, qəlbimizə xoş bir əhval-ruhiyyə gəlir, elə bil dünyanı bizə verirlər. Boz ulaq yavaş-yavaş uzaqlaşıb, gözdən itənə qədər qapaz-qapazı, hoydu-hoydunu unudub onun arxasınca baxırıq. Qaş qaralan kimi valideynimizin təkidi ilə evə qayıtdığımızdan, onun geri dönməsini görə bilmirik, bununla belə sabah həmişəki vaxtda yenə boz ulağın belində görünəcəyinə əminik. Bəzən o bizim salamımızı özünə məxsus tərzdə alandan sonra, biz iki qrupa bölünüb, ulağın sağına-soluna keçər, onu şəst ilə bir xeyli müşayət edərdik. Məşədi Salman əmi buna qətiyyən fikir verməz, halını pozmadan həmişəki kimi dodaqaltı nəsə mırtdana-mırtdana yoluna davam edərdi. Ağsaqqalın hər gün haraya getməsi, onun personası kimi bizlər üçün müəmma idi. Bir gün yaşıdlarımla birgə ulağın arxasınca bir xeyli yeriyəndən sonra, uşaqlar geri dönmək istəyəndə mən onlara qoşulmadım. Hansı bir cazibəsə məni hey irəli aparır, ulaqdan, onun sahibindən ayrılmağa qoymurdu. Heyvan quyruğunu yellədərək, sağrılarına qonan çibinləri qova-qova yaxşı bələd olduğu yolla itaətkarcasına irəliləyirdi. İndi fikir verib gördüm ki, Məşədi Salman əminin boynunda iki paralel qırış var, alt qırış üstəkindən bir qədər qısadır, onun dabanı sürtülmüş ayaqqabları toza bulaşaraq, rəngini dəyişib, ayaqlarını yerdən çox yox, üç barmaqlıq ara ayırırdı. Mənə elə gəlirdi ki, kişi belini dikəldib, ayaqlarını azca uzatsa, dabanları mütləq yerə dirənəcək.
   
   Yeriyə-yeriyə onu əvvəl sağdan, sonra sudan süzdüm-gözlər adəti üzrə yarımqapalı, baş azca sinəyə tərəf əyilib, dodaqlar yenə də tərpənir, amma səs eşidilmir. Bir də geriyə baxıb gördüm ki, xaraba dəyirmanın qədim hasarı da, uşaqlar da gözdən itib, sakitlikdir.Yalnız yaxın kolluqlardakı cırcıramaların səsi arabi bu sükutu pozur . İçimə vahimə qarışıq bir həyəcan doldu. Geri götürülmək istəyirdim ki, qulağıma qəribə bir səs gəldi. İlk anlar bu səsin Məşədi Salman əmiyə məxsus olduğunu anlamadım da. Marağım artan həyəcanıma üstün gəldi, geriyə dönüb boz ulağı haqladım. Məşədinin ağzından çıxan sözləri tələsik hafizəmə yığmağa başladım. Motivi güclə sezilən aramlı bir avazla o yanıqlı-yanıqlı bu sözləri oxuyurdu:
   
   Qoydun ananı getdin,
   
   Meydanda , Əliəkbər!
   
   Zeynəb necə tab etsin
   
   Hicranda, Əliəkbər?
   
   
   
   Ardını eşidə bilmədim, avaz qəfil gəldiyi kimi qəfil də kəsildi, dodaqlar yenə də səssiz tərpənməyə başladı. Geri dönə-dönə indicə eşitdiklərimi özümdən asılı olmayaraq təkrar edirdim. O gün uşaqlara qoşulub oynamağa həvəsim qalmamışdı.
   
   Məşədinin yanıqlı avazı ürəyimi qüssə ilə doldurmuş, məni fikir götürmüşdü. Kimdi görəsən adı çəkilən Zeynəb? Kənddə bu adda nə qarı var idi, nə də qız, gəlin! Bəs Əliəkbər deyəndə kimi nəzərdə tuturdu o, bəlkə yuxarı məhəllədəki malakeş Ələkbərə xitab edirdi, niyə məhz ona, axı Ələkbər yekə kişidir, anası da çoxdan ölüb. Hə düşünürdümsə, baş aça bilmirdim.
   
   Yalnız yaşa dolandan sonra oxuyub, soruşub, öyrənərək bildim ki, Məşədi Salman əminin könlünü göynədən nələr imiş...
   
   Xatırlayıram ki, o il ağır gəlmişdi, bütün Sovet İttifaqında qıtlıq idi. Ağ çörək qəhətə çıxmışdı. Qara çörək əldə etmək üçün gərək səhər alaqaranlıqdan qalxıb, hələ qapısı açılmamış mağaza qarşısında növbə tuta idin.
   
    Bununla belə Kremlinin o dövrkü sahibləri Amerikanı lap bu yaxın vaxtlarda ötüb keçəcəyimizi təkrar-təkrar vəd edirdi. Şəhərdə keçirilən ictimai tədbirlərin hamısında Bakının dünyanın ən beynəlmiləl şəhəri olduğu xüsusi vurğulanır, bundan hamının böyük qürur duyduğu dönə-dönə dilə gətirilirdi.
   
   O dövrün mətbuatı bunu səylə nüsxələndirərək, ardıcıl şəkildə şüurlara sırıyırdı. Ana dilində danışanlar az qala ictimai qınağa, ən yaxşı halda kinayəyə məruz qalırdılar.
   
   Digər millətlərin nümayəndələri ilə ailə quranlar rəsmi səviyyədə hər vasitə ilə rəğbətləndirilir, iki Azərbaycanlının bir-biri ilə rusca danışması müsbət bir hal kimi qəbul olunurdu. Belə bir zəmanədə hər gün ulağı minib, öz-özü ilə danışa-danışa yola çıxan, çolma-cocuğun lağlağı salamını ehtiramla alan ağsaqqal Məşədi Salman əmini tamam ayrı mətləblər düşündürür, tamam ayrı məsələlər narahat edirmiş...
   
    4. Köpük kölgəsi
   
   
   
   Uğultu ilə sahilə çatan dalğa dərhal geri çəkilir, özündən sonra sular üzərində köpük topalarından ibarət bəyaz çiçəkli çəmənə bənzər anbaan dəyişən bir mənzərə qoyub gedir. Köpük parçaları bölünüb, kiçildikcə naxış düzümü də sürətlə dəyişir, ağ naxışların tam qeyb olmasına az qalmış, arxadan yeni daha böyük bir dalğa gəlir, göz önündə bərq vuran görüntünü pozur, sahil qumlarını sığallayıb geri çəkilərkən, yeni, daha geniş miqyaslı dinamik bir mənzərə açır. Gün zərrəciklərin daşıya-daşıya işildayan köpük ləçəkləri biri-birinə dəyib, bölünür, içindəki qovuqcuqlardan hava çıxdıqca ləçəyin biçimi dəyişir, sonra kiçilib yox olur. Yeni dalğa gəlir, yenə də özündən sonra naxışları şəfaf açıq yaşıl fonda bəyaz güllərdən ibarət geniş bir qobelen sərir ləpədöyənə, bu nadir qobelen aram-aram yırğalandıqca üstündəki güllər də hərəkətə gəlib göz oxşayır...
   
    Ləpədöyənin dalğalar arası fasilədəki sakitləşdiyi qısa müddətdə oraya dayaz suların içindəki qayanın üstündən, hündürlükdən nəzər salanda köpük topalarının dənizin sahilə yaxın zəmininə, su altına oynaq kölgələr saldığını sezirsən. Köpüyün biçimi dəyişdikcə, dənizin dibindəki dilik-dilik qumların üstündə oynaşan əcaib kölgələrin də forması dəyişir, köpük itən kimi, kölgə də qaçır. Mənzərə təkrarlananda dənizin dayazlığındakı köpük kölgəsinin içindən yun topasının arasından keçən qara sap kimi qısa, nazik bir milin keçdiyinə fikir verirəm. Sonradan ayırd edirəm ki, bu "millər" sahilə yaxın sularda ora-bura şütüyən körpə balıqlardır, köpük kölgəsinin içindən keçən onların kölgəsidir...
   
   Köpük kölgəsi də, onun içindən şürüşən xırda balıqlar da çevik, dəyişkən bir görüntüdür, qaçan anlardır, onları duyub, sezmək üçün müəyyən səylər vacibdir. Məyər həyatın özü bütövlükdə qaçan anlardan ibarət deyilmi? Bu anlar da gözə görünmür, bizdən qaçıb, uzaqlaşır, özləri ilə gözümüzün nurunun bir zərrəsini, nəbzimizin bir vurğusunu həmişəlik alıb, aparır. Əks istiqamətdən bizə tərəf həyatın ən yaxın qonşusu-ölüm irəliləyir, onun qədəmləri pişik addımları tək səssizdir!
   
   Onu da duyub, görmək asan məsələ deyil!

TƏQVİM / ARXİV