adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Kitabı örtün, kino bazlayır

21733 | 2008-03-01 05:41
Kinonun ortaya çıxmasından sonra insanların mütaliəyə ayırdığı vaxt da məhdudlaşmağa başladı. Məhz bundan sonra qalın kitabların sayı azaldı və ədəbiyyat anladı ki, o, bəzi sahələrdə kino ilə rəqabətə girə bilməz. Ona görə də kinonun ortaya çıxmasıyla ədəbiyyatda müxtəlif dəyişikliklərin olması zərurətə çevrildi. Cunki kino vizual effektləri əks elətdirmək baxımından ədəbiyyatı geridə qoydu. Balzakın, Hüqonun əsərlərindəki uzun-uzadı yorucu təsvirləri, təfərruatlari lakoniklik əvəzlədi. Yazıçılar anladı ki, romanın 15 səhifəsini cəmi bircə kadrla ifadə etmək olar. Oxucular da kinonun ədəbi imkanlarını gördükdən sonra təsvirçiliyə yer verən əsərlərə üstünlük verdi. XIX əsrdə bir roman üçün 500 səhifə normal sayılırdısa XX əsrdə bu norma 200-250 səhifəyə düşdü. Kinonun ortaya çıxması ədəbiyyata da konkretlik mənasında avantaj gətirdi. Kinonun ədəbiyyata gətirdiyi başqa bir yenilik də vardı. Film vasitəsilə insanlar oxumadıqları kitabların ekran versiyasını görə bilərdilər. Məqalədə söhbət də bədii əsərlərin ekran variantından gedəcək. Amma yazıda Azərbaycan ədəbiyyatının ekranlaşdırılmamış hissəsini önə çəkmək istəyirik.
   
   
   
   Romanı kinoya
   
   gətirmək olarmı?
   
   
   
   Yuxarıda da qeyd etdiyimiz, kimi kinonun meydana gəlməsiylə ədəbi əsərlərdə vizual effektlər "itməyə" başlamışdı. Bəs yazıçılar nə etməli idilər? Onlar elə şeyləri yazmalı idilər ki, burda vizual effektlər az olsun, amma əvəzində kinonun imkanları xaricində olan şeylər önə çıxarılsın. Paradoks da burda yaranır. Kino ilə rəqabət şəraitində ədəbiyyat özünü korrektə edir, lakin korrektə olunmuş əsərin ekran versiyasını hazırlamaq çətinləşir.
   
   Misal üçün, dünyanın ən böyük romançılarından biri, bəlkə də birincisi F.M. Dostoyevskini götürək. Dostoyevskinin heç bir romanına yaxşı film çəkilməyib. Bunun səbəbi nədədir? Sadəcə ona görə ki, Dostoyevskinin romanlarında dialoqlar üstünlük təşkil edir. Dostoyevskinin "polifonik roman" nəzəriyyəsi barədə rus alimi Baxtinin böyük əsərləri var. Baxtin Dostoyevskinin əsas gücünü də polifoniyada-dialoqlar və monoloqlar vasitəsi ilə bütün obrazların məğzinin açılmasında görür. Bəzən iki nəfər arasında olan dialoq 20 səhifəyə qədər davam edir. Bütün bunlar kinonu monoton edir, tamaşaçını isə ekrandan uzaqlaşdırır.
   
   XX əsrin ən uğurlu romanlarından biri olan "Yüz ilin tənhalığı" romanına da film çəkilmədi. Müəllif Qabriel Qarsia Markes Hollivudun təklif etdiyi 3 milyon dollarlıq qonorarı qəbul eləmədi. Bu rəqəm 70-ci illər üçün fantastik qonorar idi. Markes imtinasının səbəblərini hər jurnalistə müxtəlif cür danışır. Birinə Hollivudun imperializmin aləti, özünün isə kommunist olduğunu deyir. Digərinə isə obrazların oxucular tərəfindən doğmalaşdığını söyləyərək hansısa aktyorun oxucularla obrazın arasına girməsinə müsaidə etməyəcəyini bildirir. Beləliklə, romana film çəkilmədi. Yəqin Markes romanının ekran variantının alınmayacağını yaxşı bilirmiş. Yazıçının ikinci arqumentin çözməyə dəyməz, birinciyə gəldikdə isə Markes ən azı bu romanını sovet ölkələrindən birinə həvalə edə bilərdi.
   
   Bu yaxınlarda Rusiyada dünyanın ən populyar kitabları barədə rəy sorğusu keçirilmişdi. Rəyləri analiz edən mütəxəssislər filmi olan kitabların siyahıda üstünlük təşkil elədiyini bildirmişdi. İlk baxışdan ortaya ziddiyyətli məqam çıxır. Yəni yaxşı romanlar əsasında çəkilən filmlər heç də ideal səviyyədə olmur, amma oxucular bu filmləri bəyənirlər. Dünyanın bu gün istehlak mədəniyyətinə üz qoyduğunu xatırlasaq, ziddiyyətin ipləri də çözələnəcək. İnsanlar Dostoyevskinin romanlarını oxumağa həvəs göstərmirlər, amma romanlarına çəkilmiş zəif filmə məmnuniyyətlə baxırlar. Düzdür, bu film əsərin ruhunu tam əks elətdirə bilmir, hərçənd, orta səviyyəli tamaşaçı üçün bu da kifayətdir.
   
   Amma kəskin süjeti olan romanlara çəkilən filmlər kifayət qədər uğur qazanır. Misal üçün italyan yazıçı-filosofu Umberto Ekonun "Gülün adı" romanına rejissor Jan Jak Annadunun çəkdiyi film kifayət qədər böyük uğur qazandı. Film İtaliya, Fransa və Almaniyanın birgə istehsalı idi. Hətta filmdən sonra mətbuatda "film daha yaxşı idi, yoxsa kino" ətrafında diskussiyalar da başladı. Kitabın doğurduğu rezonans daha böyük olsa müzakirəni anlamaq mümkündür. Çünki roman çap olunandan az müddət sonra bestsellerə çevrilmişdi. Filmin nümayişlərindən sonra isə kitabın satışı daha da çoxaldı.
   
   Uğurun sirri nədə idi? Biz rejissor işi, aktyor oyununu (Baskervilli rahib rolunu Şen Konnori oynamışdı) unutmadan uğuru ilk növbədə romanın əsasında duran kriminal süjetdə axtarmalıyıq. Eko romanı yazanda yəqin ki, onun film variantı haqqında çox düşünməmişdi. Amma detektiv romanlarının sürətlə oxunduğunu nəzərə alıb filmin ağır dini-fəlsəfi yükünü detektiv süjeti ilə yüngülləşdirmişdi. Detektiv süjet isə əsəri daha da oxunaqlı edir, yazıçı oxucunu öz arxasınca aparmağı bu cür əsərlərdə daha yaxşı bacarır.
   
   Məqaləmizin Azərbaycan kinosu haqqında söyləyəcəklərimiz üçün əsas ola biləcək hissəsinə yekun vurub, Azərbaycana qayıdaq.
   
   
   
   Azərbaycan
   
   kinosu və ssenarisi
   
   
   
   Azərbaycanda ilk film inqilabdan əvvəl çəkilsə də, kinomuzun inkişafı Sovet dövrünə təsadüf edir. Kinonun geniş kütlələrə təsir imkanlarını düzgün qiymətləndirən Sovet hökuməti yüzlərlə film çəkdi. Lakin bu filmlərin əksər hissəsi estetik əhəmiyyət kəsb etmir. Bəlkə "totalitarizm dövrünün kinosu belə olmalıdır" tezisinə misal kimi bu kinoları göstərmək olar.
   
   Kino üzərində nəzarət mexanizmi həmişə ədəbiyyata nisbətən güclü olub. Bunun da səbəbləri aydındır. "Mehman" romanını oxuyanların sayı "Mehman" filmini seyr edənlərdən dəfələrlə çoxdur. "Məhşər" romanı bədii estetik keyfiyyətləri ilə nə qədər güclü olsa da "Nəsimi" filmi haqqında bu qədər ürəklə danışmaq olmur. Eyni şeyi İsa Hüseynovun "Quru budaq" və "Tütək səsi" povestləri əsasında çəkilmiş "Tütək səsi" filmi haqqında da demək olar. İsa Hüseynovun povestlərində tənqidi pafos çox güclüdür. O, kolxoz sədri Cəbrayılın pozğunluğunu, zülmkarlığını sovet gerçəkliyi ilə izah edir. Filmdə isə Cəbrayılın məişət pozğunluğu onun nakam sevgisi ilə əsaslandırılır. Povestin dərin sosioloji mahiyyətini filmin sentimental yüngüllüyü əvəzləyir. Misalları artırmaq da olar.
   
   Mühüm bir məqamı da nəzərdən qaçırtmayaq. Biz Azərbaycan ədəbiyyatının sovetdən əvvəlki mərhələsi ilə onun sovet mərhələsini müqayisə etsək çox maraqlı nəticələr alarıq. Yumşaq desək sovet ədəbiyyatı özündən əvvəlki ədəbiyyata parodiyadan başqa bir şey deyildi. Düzdür, Sovet dövründə çap imkanları, yazıçıların maddi şəraiti, ədəbiyyatın təbliği yüksək səviyyədə idi. Misal üçün, Sabirin "Hop-hopnaməsi"ni 1910-cu illərdə çap elətdirmək üçün onun dostları böyük əziyyət çəkmişdilər. Sovet dövləti zamanında isə bu imkanlar vardı. Lakin Sovet dövründə obrazlı desək Sabir yox idi. Azərbaycan kinosunun əsas inkişafı isə məhz Sovet dövründə oldu. Belə şəraitdə Azərbaycan kinosu nə etməli idi? Məntiqə əsasən ənənəsi olan ədəbiyyat məhv olmuşdusa Sovet dövründə doğulmuş kino elə beşikdəcə ölümə məhkum olmalı idi. Oldu da.
   
   Azərbaycan kinosunun ssenari problemini də elə bu məntiqlə izah etmək lazımdır. Ədəbiyyatın imkanları məhdudlaşıbsa, mövcud olanı da ekrana gətirmək olmursa, ssenarist peşəsi isə ümumiyyətlə, mövcud deyildisə başqa cürə ola bilərdimi? Azərbaycanda Sovet dövründən indiyə kimi ciddi ssenarist problemi olub. Kinoların ssenarisini əksər hallarda yazıçıların özləri yazıb. Bu da öz-özlüyündə problemlər yaradıb. Çünki prozanın tələbləri ilə ssenarinin tələbləri arasında ciddi fərqlər var.
   
   
   
   
   
   Ekranlaşdırılmamış əsərlər yığını
   
   
   
   Yuxarıda qeyd etdiyimiz kimi, yüksək estetik əhəmiyyəti olan əsərlərin də ekran variantı çox pis alınıb. O romanların yenidən ekranlaşdırılmasına ehtiyac var.
   
   Lakin bütün bunlardan əlavə, Azərbaycan ədəbiyyatında ekran variantını gözləyən onlarla əsər var. Biz ilk növbədə klassiklərin əsərlərini qeyd etməliyik. M.F. Axundovun dram əsərlərinin yaxşı kino variantlarını çəkmək mümkündür. Düzdür, "Dərviş Parisi partladır" adlı film var. Bu film "Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah" komediyasının motivləri əsasında çəkilib. Lakin bu filmi yaxşı adlandırmaq üçün gərək komediyanı ümumiyyətlə oxumayasan. Cəfər Cabbarlının hekayələri milli kinoya yeni nəfəs vermək üçün böyük xammaldır.
   
   Azərbaycan klassiklərinin əsərləri əsasında Sovet dövründə xeyli film çəkilib. Anar Rzayevin ssenari və rejissorluğu ilə "Qəm pəncərəsi" filmini xüsusi olaraq qeyd eləmək istəyirəm. Anar Mirzə Cəlilin hekayələri əsasında bu filmi çəkib. Lakin hekayələr, obrazlar bir-birinə qarışıb. Və nəticədə Mirzə Cəlilin əsərlərinin ümumi məzmunu filmdə üzə çıxmır, əvəzində biz ancaq Mirzə Cəlilin fakturası ilə qarşılaşırıq. Eyni sözləri Ə.Haqverdiyevin hekayələri əsasında çəkilmiş "Papaq" kinosu haqqında da demək olar. İsi Məlikzadənin hekayələri əsasında ekranlaşdırılan "Kişi sözü" filmi də yaxşı alınmayıb. Qeyd etdiyimiz hər üç müəllifin əsərləri yüksək ədəbi keyfiyyətləri ilə bərabər maraqlı vizual effektlərə də malikdir. Lakin filmlər alınmayıb. Çünki bədii əsər əsasında ssenari yazan ssenaristlər beş-altı hekayəni götürüb bir ssenari düzəldirlər. Bu da ciddi qarışıqlıq, nizamsızlıq, anlaşılmazlıq yaradır. Çünki hər hekayənin öz ideyası, öz süjet xətti var. Bütün bunları birləşdirib vahid nizama salmaq olarmı? Bəlkə də olar. Amma biz artıq səviyyəli ssenarist azlığından danışmışıq. Bu filmləri yenidən çəkmək lazımdır.
   
   Kimsə qarşı çıxsa da indi deyəcəyimiz ciddi faktdır. Azərbaycan dramaturgiyası nəsrə nisbətən çox inkişaf edib. Sovet dönəmi ciddi dramaturq yetişdirə bilmədi. Cəfər Cabbarlının ömrü repressiyalara çatmadı, Cavid isə repressiya olundu. Onlar xarakterlərini ideoloji ülgülərdən kənarda saxlaya bildilər. Bura Mirzə Cəlil və Mirzə Fətəlinin dram əsərlərini də əlavə etsək böyük rəqəm alınar. Azərbaycan nəsri isə bu rəqəmin qarşısında çox aciz görünür. Mən bir neçə əsəri qeyd etmək istəyirəm. Misal üçün, Cəfər Cabbarlının "Od gəlini" dramına yaxşı film çəkilsə möhtəşəm bir sənət əsəri alınar. Düzdür, tarixi filmlərimizin səviyyəsinə baxanda epitetləri yox eləmək lazım gələcək. Mirzə Cəlilin "Kamança" dramı da erməni-azəri savaşı getdiyi zamanda kifayət qədər dərin təsir oyandıra bilər. Hüseyn Cavidin "Şeyx Sənan", "Topal Teymur" dramları da yüksək səviyyəli filmlər üçün baza rolunu oynamağa qadirdir. Lakin uğurlu nəticə keyfiyyətli ssenari və rejissor işi tələb edir.
   
   Modern Azərbaycan ədəbiyyatının yeni imzalarının yazdıqları bir çox əsərlər də kino baxımından maraqlı ola bilər. Həmid Herisçinin "Nekroloq" adlı silsilələri, xüsusilə də "Damğa" və "Dəli Kür" povestləri kino üçün maraqlı material verə bilər. Murad Köhnəqalanın hekayələri isə qısametrajlı filmlər üçün yaxşı xammal rolunu oynayır. Yeni nəsil yazarlarının əsərlərində realizm, həyat hadisələrinə soyuq münasibət güclü rejissura ilə birləşəndə ortalığa yaxşı bir şey çıxması mütləqdir. Çağdaş türk yazarlarının, ilk növbədə Orxan Pamukun romanlarını da filmə çəkmək olar. Azərbaycanla sərhəd bölgəsində yerləşən Karsda baş verən hadisələrdən bəhs edən "Qar" romanını misal gətirmək olar.
   
   Azərbaycan kinosunun nəfəsi müstəqillik dönəmində açılmalıdır. Kinonun ciddi iqtisadi problemləri var. Bütün bunlar barədə uzun-uzadı danışmaq olar. Lakin ssenari problemini klassiklərin əsərləri ilə aradan qaldırmaq mümkündür. Hətta lazım gəlsə bu işə xarici ssenaristləri və rejissorları da cəlb etmək olar. Klassiklər Sovet dövründə bir cür, indi işə başqa cür təhrif olunur. Filmlər bu təhrifləri aradan qaldıraraq Azərbaycan tamaşaçısının milli kinoya marağını qaytarmalıdır.

TƏQVİM / ARXİV