Kəs - Fərhad Tapdıqoğlundan HEKAYƏ

125 | 2025-05-15 11:44

          ( hekayə)

Vaqif kişi nəvəsi 6 yaşlı Amini yanına çağırdı:

--Sabah rayona gedirəm,istəyirsən səni də aparım?

Amin dərhal :

--Həə,baba istəyirəm-dedi.

Babası:

--Bax haa," şərti şumda kəs-ək ki,xırmanda yabalaşmayaq".

Amin:

- Baba xırman nədi ki?Bəs yaba?

Baba;

--Onu kənddə başa salaram .O atalar məsəlidir.Yəni məni incitmiyəssən ki?..Sözümə baxassanmı?..Bax...

Amin babasının sözünü kəs-di:

--Yox baba,incitmərəm.

Vaqif baba səhər oyananda artıq Amin qapının ağzını kəs-dirmişdi..

Adama bir stəkan salma çay içib evdən çıxdılar.

Avtovağzaldan bilet alıb, iri tutumlu avtobusa yaxınlaşırdıqları zaman bir dilənçi qarşılarını kəs-di.Baba ona qəpik - quruş verdi.Dilənçi başqalarına yaxınlaşdı...

....Avtobus artıq Sumqayıtdan çıxmışdı ki, avtomobil müfəttişi onun qarşısını kəs-di.Yol hərəkəti qaydasını pozduğuna görə sürücüdən səhər- səhər " çay pulu" aldı..

Hava Günəşlı olsa da,bir azdan buludlar ,onun qabağını kəs-di..Az keçməmiş yağış yağdi,amma tez kəs-di..

Amin babasını sual atəşinə tutmuşdu.Amma Vaqif baba təmkinlə cavab verirdi.Amin başını babasının dizinin üstünə qoydu,bir azdan yuxuya getdi,səsi gəlmədi..Suallar da kəs-ildi..

...Artıq getdikləri rayona çatırdılar. Murad kişi Vaqif babanın dayısı oğlu idi.Rayonları işğal olunandan sonra rayonların birinin kəndində məskunlaşmışdılar.Vaqif kişi isə ,alı məktəbə qəbul olunan zamandan Sumqayıtda yaşayırdı...

Murad baba ilə " qarısı" Şərqiyyə nənə onları evlərinin yolağısında qarşıladılar.Qucaqlaşdılar,görüşdülər.

Vaqif kişi:

--Hava bürkü idi ,kələyimiz kəs-ildi- dedi...

Murad baba bir toğlu kəs-di,soymağa başladı...

Şərqiyyə nənə qonaqlarına bir sərin qarpız kəs-di,bir az da pendir kəs-ib ,süfrəyə qoydu.

Vaqif kişi,Şərqiyyə nənədən soruşdu:

-- Qabaq hind toyuğu saxlayardınız,indi görmürəm.

Şərqiyyə nənə:

--Kökünü kəs-mişəm- dedi..

Murad kişi toğlunu soyub qurtarıb ,doğramaqda idi.

Vaqif kişi Murad kişidən soruşdu:

-Qonşu ilə evinizin arası açıq idi.İndi kəs-misən,niyə?

Murad baba:

- Narahat olma, hər şey yaxşıdır.Mal - qoyunlar bağa- bağçaya girdiyindən razılaşıb,aranı kəs-mişik..

Murad baba soruşdu:

-- Balalar,nəvələr nətərdi?

Vaqif baba:

--Şükür yaxşıdırlar. Böyük oğlumgil də ipoteka ilə ev aldılar ,necə deyərlər" onun qırmızı lentini" kəs-dik..Heç məni soruşmursan Murad?

Mən də işləmirəm.Bilirsən pensiya alıram.İşlədiyim zavoddan çoxdan çıxmışam. Zavod işlərindən xəbəri olmayan bir " alverçini" müdir qoymuşdular bizə.İşçilərin maaşını kəs-di.O vaxtdan mən də ordan çıxdım.Əlaqəm kəs-ilib.Amma dağıdıblar oranı,dəzgahları kəs-ib,doğrayıb metal kimi satıblar.

Şükür bahat dolanırıq..Pensiyamdan birincı kommunal xərcləri ödəyirik ki,qazı,suyu,işığı kəs-məsinlər..

Murad babanın başı söhbətə qarışdığından az qalmışdı bıçaq əlini kəs-sin...

Manqal hazır idi.Şərqiyyə nənənin gəlini süfrə hazırlayirdı.Amin isə Murad babanın nəvələri ilə oynayırdı.

Murad ilə Şərqiyyə əmioğlu,əmiqızı idilər. Körpə vaxtlarından " göbək kəs-di"ydilər.Bir də ki, deyirlər axı" əmioğlu ilə əmiqızının kəbinlərini mələklər göydə kəs-ib".Şərqiyyə də Vaqifin dayısı qızı idi.

....Artıq kabab da hazır idi...Yedilər, içdilər...Nuş olsun!

Xatirələr dilə gəldi.Deyirlər "gənclik arzularla yaşayır,qocalıq xatirələrlə"..

Murad kişi qəbul imtahanlarından kəs-iləndən sonra doğma kəndlərinə qayıtdı.Kənd təsərrüfatında, üzümlükdə işləyirdi.Üzümlərin quru dudaqlarını kəs-ir,budayırdı.Onlar da pis dolanmırdı. Qaçqınlıqdan sonra məskunlaşdıqları kənddə də mal- qoyun,qaz- toyuq saxlayırlar, təsərrüfatla məşguldurlar,bağ bostanları var.

Bir az suda problem olur indi əksər kəndlərdə olduğu kimi. Qonşular arasında söz-söhbət ancaq suyu kəs-mək üstündə olur.Bostanı suvarmaq növbəsi pozulanda olur belə hallar.

Vaqif kişi söhbətə başladı:

-- Toyumdan qabaq səninlə gedib, adama bir kostyumluq parça kəs-dirib,aldıq rayon mərkəzindən,yadındadır.?Elə oradaca ,dərzinin yanına gəlib,kostyum sifariş verdik."Trapes" şalvar dəbdə idi. Dərzi ölçdü,biçdi,kəs-di,adama bir kostyum tikdirdik.

Toylarımızda gəlin qapıdan çıxanda " qapı kəs-di", sonra gəlin maşınının qabağını kəs-mək...

Murad baba davam elədi:

--Kababçının,aşpazın "bıçaq,balta kəs-mir" - deyə şirinlik istəmələri yadındadır?

Vaqif kişi:

--Toydan bir gün əvvəl "paltar biç-di" olardı..Bəzi yerlərdə ona " paltar kəs-di" deyərdilər.Gəlin üçün alınan paltar,parça,ayaqqabı,qızıllar nümayış olunardı qadınlara...

Həə,o zamanlar toylarda tort kəs-məzdilər..

Murad baba:

--Toyda musiqini ancaq toyun padşahı( ona bəzən stolbaşı da deyirdilər) kəs-ə bilərdi.

Xanəndə Xan Əhmədin səsi qonşu kəndlərə qədər yayılardı. " Qarabağ şikəstəsini" onun ifasında dinləmək başqa aləm idi.

Aşıq Ələsgərin sözlərindən ibarət aşıq mahnısı hələ də qulaqlarımda səslənir:

" Ay qız ,sənin nə vədəndir?

Kəs-ilib qısa tellərin.

Qaşın cəllad ,gözün almaz,

Bağrımı kəs-ə tellərin."

Vaqif kişi:

--Belə bir mahnı da vardı:

"Külək haradan əsdi,

Kəmər belimi kəs-di"...

Bəs "Kəs-mə- şikəstəni Fatma Mehrəliyeva kimi oxuyan vardı?İndi onu çoxları oxuyur.

O zaman qızlar saçlarını kəs-məzdilər,uzun hörükləri olardı...

Murad kişi:

--Kənddə İmanverdi kişi vardı ee...Qoyunun bir şaqqasının kababını bir litr araqla yeyib,deyərdi ki," iştahım kəs-ilib"...))

"Basıb kəs-ən" İsrafil yadındadı ? Deyərdi ki," kişi yıxdığını kəs-məz"..

Bəlkə də yeri deyildir.Bir atalar məsəli yadıma düşdü:

"Korun qabağını əliağaclı kəs-məzlər."

Amma indi kəs-irlər mamaoğlu,indikilər kəs-irlər...

Bir - birinə qənim kəs-ilənlər də var...Axı niyə?

Kənddə o qarlı ,şaxtalı günləri xatırladım.Soyuq adamı qılınc kimi kəs-irdi bəzən.

Vaqif kişi:

-- Bir dəfə mən qızdırmadan yanırdım.Nənəm keçi piyi ilə ovxaladı,qızdırmam kəs-di..

Murad kişi:

--Məni sünnət edəndə,6 yaşım vardı,Amin yaşda..Dedilər ki " dəllək gəlir,gəlib sənin....kəs-əcək,qaçıb bağda qizlənmişdim.Gücnən tutub gətirdilər.Adamın ağlı kəs-əndən sonra belə şeylərə gülməyi tutur...

Vaqif kişi:

-Bibim uzun tuman geyinirdi. Bir gün dedim ki," bibi,gəl onun ətəyindən qayçı ilə bir az kəs-im."

Bibim ağzını açdı,nə açdı:

" Ə köpəyoğlu ,gəlib səninkini kəs-ib,ağzına yedizdirərəm .Dilini,əllərini kəs-ərəm.Kəs səsini...Ömrün kəs-ilsin...

Murad kişi:

-- Nənəm xəmir acıyanda kəs-ir, kündələyirdi.

Təndirə çörək yapanda,istidən nəfəsi kəs-ilirdi... Təndirxananın yanından keç-ən hər kəs o isti çörəkdən bir tikə kəs-məliydi mütləq...

Murad kişi Şərqiyyə nənəyə səsləndi:

-- Təzə qatığı kəs,hərəyə bir kasa doğramac elə ,gətir yeyək.

Vaqif kişi :

-- Çörəkdən söhbət düşdü.Xatırladım .Qağam yoldan ötən istər öz kəndimizin camaatını,istərsə də qonşu kəndin adamlarını həmişə evə çağırar: "Gəl, bir stəkan çay iç,bir qismət çörək kəs" - deyərdi.Mən cırnayardım.Axı doyunca yeyə bilmirdik,bir bölük külfət idik..

Qağam mənə: "Bala ,o qonaq sənin çörəyini kəs-mədi, yemədi. O çörəyi Allah ona göndərmişdi.Qonaq sevəni Allah sevər.Sən böyüyəndə bunu anlayacaqsan"

Mən böyüdükcə,ağlım kəs-dikcə ,bunu anladım.Nə yaxşı ki,anladım.

Murad kişi:

--Həə o söhbəti mən eşitmişəm.

Nənəmin xana kəs-məyi yadındadı?Yun corab toxuyub,kəs-məyi necə yadındadır?Bəs,Abış kişinin kərpic kəs-məyini xatırlayırsan?

Vaqif kişi:

- Əlbəttə xatırlayıram..İnsan gərək nəfsinin qulu olmasın.O günü bir yazıçı dostumun fəlsəfi fikrini oxudum:

" Nəfəsi kəs-ilsə də,nəfsi kəs-ilmədi"

Var belələri,var!..

Murad kşi:

- Uşaq vaxtı hamımız " Koroğlu" dastanını ," Min bir gecə nağıllarını" oxuyardıq.

Deyir" Koroğlu durnanın telindən bir dəstə kəs-ib,Eyvazın papağına sancdı"

Vaqif kişi:

-- Məlikməmməd barmağını kəs-ib ,yerinə duz basdı ki,yata bilməsin.

Söhbət kəs-məkdən düşdüsə , mən hələ bir dənə toyuq başı kəs-məmişəm.Bir dəfə kəs-dim,toyuq çabaladı xeyli.O zamandan ürəyim gəlmir kəs-məyə...

Murad kişi:

-Yadımda qalıb.İndi Vallah ətrafımızda baş verənlərdən ağlım bir şey kəs-mir.

--Elə mənim də...

Bax beləcə dayıoğlu mamaoğlu( bibioğlu) xeyli söhbətləşdilər...Bir- birlərinə diqqətlə qulaq kəs-ildilər..

Yəqin ki,Siz oxuduqca,səbriniz kəs-ildi....

Ola bilsin ki,bu yazılarımın ardı gəlsin,kəs-ilməsin...

 

TƏQVİM / ARXİV