19 May 2024 23:03
580
DÜNYA

İran Prezidentinin helikopteri tapıldı? - YENİLƏNİB

İran Qızıl Aypara Cəmiyyətinin operativ qərargahı xilasedicilərin Raisinin helikopterini tapması ilə bağlı məlumatı təsdiqləməyib.

Adalet.az xəbər verir ki, İranın energetika naziri bildirib ki, xilasetmə işləri davam edir və onlar fövqəladə hadisə yerinə 2 km məsafəyə qədər yaxınlaşıblar.

***

"Ümid edirik ki, bir neçə dəqiqədən sonra xoş xəbər alacağıq".

Adalet.az xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin baş katibi Yaqub Süleymani deyib. 

"Bir neçə dəqiqə əvvəl bizə çatan ən son xəbər odur ki, bizim 5 xüsusi qrup Rəisinin helikopterini tapıb", - deyə Süleymani qeyd edib. 

***

Qəzadan sonra İran prezidentinin helikopterinin iki sərnişini ilə əlaqə saxlamaq mümkün olub. 

Adalet.az xəbər verir ki, bu barədə İran mediası yazıb. 

***20:38

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasından 3 saatdan çox vaxt keçib.

Adalet.az xəbər verir ki, axtarış işləri hələ də bir nəticə verməyib. 

***19:36

Bir qrup xilasedici İran prezidentinin helikopterinin sərt eniş etdiyi yerə çatıb.

Adalet.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri bildirib.

***

İran Prezidenti İbrahim Rəisinin qəzaya düşdüyü helikopterin axtarışları davam etdirilir. 

Adalet.az xəbər verir ki, axtarış yerindən yeni görüntü yayılıb. 

*** 18:24

İran prezidentinin sərt eniş edən helikopterinin dəqiq yeri müəyyənləşib.

Adalet.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, sərt eniş Arsbaran meşələrində yerləşən Ozi kəndi yaxınlığında baş verib.

Aralarında texniki işçilər və həkimlərin də olduğu fövqəladə xilasetmə qrupları hadisə yerindədir. Bu barədə İRNA agentliyi İran Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə yerinə 20 xilasetmə qrupu gedib və helikopterin axtarışına başlanılıb.

 

***

İran Prezidenti İbrahim Rəisinin vəziyyətinin yaxşı olduğunu yazan "Mehr" agentliyi məlumatı silib. 

Adalet.az xəbər verir ki, Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, içərisində İran Prezidentinin olduğu helikopterdən hələ heç bir məlumat yoxdur. 

Medianın yazdığına görə, helikopterlə qısa bağlantı yaradıldıqdan sonra əlaqə kəsilib. Əlaqə zamanı qışqırıq səsləri eşidilib. 

***

İran prezidentinin vəziyyəti yaxşıdır, kortejdə avtomobillə Təbrizə gedir.

Adalet.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

*** 17:31

İran prezidenti İbrahim Rəisini daşıyan helikopter hələ də tapılmayıb.

Adalet.az İran mediasına istinadən xəbər verir ki, helikopter meşəlik əraziyə düşüb. Qəzaya uğrayan helikopteri axtarmaq üçün havaya pilotsuz uçuş aparatları (PUA) qaldırılıb.

*** 17:16

İran prezidenti İbrahim Rəisini daşıyan helikopter Azərbaycanla sərhəddə yerləşən Culfa şəhəri yaxınlığında - Şərqi Azərbaycanda Varzeqanda “çətin eniş” edib.

Adalet.az xəbər verir ki, bu abrədə İran dövlət televiziyası məlumat yayıb. 

Bildirilib ki, çətin hava şəraiti xilasedicilərin İran prezidentinin helikopterinin sərt eniş yerinə daxil olmasını çətinləşdirir.

İran mediası yazır ki, qəzadan sonra İran prezidentinin telefon danışığı olub və bu, onun və təyyarədəki digər şəxslərin sağ olduğuna dair ümidlər yaradır.

Qəzanın baş verdiyi Şərqi Azərbaycan əyalətində qatı duman səbəbindən helikopter hələ də tapılmayıb.

Helikopterdə ümumilikdə 13 nəfərin olduğu bildirilir. 

 

***

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

Adalet.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Vurğulanıb ki, "prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb".

Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.