adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Jurnalistdən “Azəriqaz”ın rəhbərinə:“Mətbuat katibiniz məşğuldur, siz cavab verin”- ŞİKAYƏT

Rövşən Tahir
117151 | 2021-02-04 11:00

Ceyhun Səfər. Bu ad haqqında danışmazdan öncə məlum məsələ ilə bağlı yazmaq istəyirəm. Fevral ayının 2-si axşam saat 7-də mənə daxil olan zəngdə Bakının Yasamal rayonu, Zahid Xəlilov küçəsində yaşayan sakinlər tərəfindən “Azəriqaz”la bağlı şikayət olundu. İddia etdilər ki, yeni quraşdırılan sayğaca görə çox pul ödəyirlər. Sözün açığı, Ceyhun Səfərin iş saatının bitdiyini bilib məsələni növbəti gün araşdırmaq istədim. İstədim də, amma araşdıra bildimmi? Bax bu sual altındadır.

Yeni iş günü başlayar-başlamaz, telefonu əlimə alıb zəng etdim “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərə. Zənglərə cavab vermədi. Hər zaman peşə etikamı gözlədiyimdən (Qarşı tərəfin də mövqeyini öyrənmək mənim vəzifə borcumdur) yazını qərəzli çıxmasın deyə birtərəfli şəkildə vermədim. “Whatsapp” üzərindən Ceyhun Səfərə nə zaman onunla əlaqə yarada biləcəyimlə bağlı sual göndərdim. Cavab gəldi ki, 16:00-dan sonra. Saat oldu 5, 6, Ceyhun Səfər telefon zənglərimə cavab vermədi ki, vermədi. Düz saat 7-yə işləmiş “Whatsapp” vasitəsilə mənə geri dönüş etdi: “Mesajınızı səsli göndərin, beş dəqiqədən bir başqa işlə məşğul oluram, probleminizi səsli göndərin”.

Bilmirəm, Ceyhun Səfər bu sözləri deyəndə KİV haqqında qanundan xəbərdar idi, ya yox, amma mən onun üçün bu qanundan müəyyən çıxarışlarla xatırlatmalar etmək istəyirəm:

Maddə 8.

Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər.

İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər.

Məlumatın əldə edilməsi barədə sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.

Və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən:

Maddə 382. Jurnalistlərin hüquqlarının pozulması

382.1. Qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

382.2. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Bu qanunlar haqqında, eləcə də Ceyhunla əlaqədar “Azəriqaz”ın rəhbərliyinə müraciət edəcəyimlə bağlı sosial şəbəkə hesabımda yazmışdım. Onu da demişdim ki, kreslo fırlanan nəsnədir, hər dəfə birinin payına düşür.

Mənim tənqidi fikirlərimin ardından Ceyhun Səfər gecə demir, saat 10-nun yarısı mənə zəng edir. Prinsip etibarilə mən gecə zəngləri qəbul etmirəm. Bunun mümkünsüz olduğunu görən Ceyhun Səfər bu dəfə də sevdiyi “səs göndərmə” metoduna müraciət edib mənə “Whatsapp”dan səs atır, məni üzrlü sayın, bu gün təlimlərdə olmuşam, ona görə sizə cavab verə bilməmişəm. Bu məqamda ortaya bir sual çıxır, səhər saat 10-dan axşam saat 6-dək təlimdə olan Ceyhun Səfər heç yemək yemədimi, su içmədimi? Bir jurnalist sualını cavablamaqdan öndədirmi onun şəxsi ehtiyacları? Və bir də təlim boyunca İTV-yə necə açıqlama verdi? İTV-yə verdiyi açıqlamadan sonra geri dönüş edib jurnalist sualını cavablandıra bilməzdimi? Demək ki, sərf etməyib. Doğrusu, MƏSULİYYƏTSİZLİK edib. Ki, qanunda da göstərildiyi kimi mənim şifahi sorğumu cavablandırmaqdan boyun qaçırıb.

İndi mən peşə etikama sığınıb Ceyhun Səfərdən yüksək rütbəli məmura - “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə müraciət edirəm:

“Hörmətli Ruslan müəllim, mətbuat katibiniz beş dəqiqədən bir hansısa işlə məşğul olduğu üçün məcburi şəkildə sorğumu sizə ünvanlamaq istəyirəm ki, siz cavab verin. Yuxarıda qeyd etdiyim ərazidə olan abonentlər qaz sayğaclarından şikəyətçidirlər. Bununla bağlı “Azəriqaz”ın mövqeyini öyrənmək istərdik. Ki, sayğaclarda problemmi var? Bağışlayın, sizi də narahat edirəm, amma yenə də deyirəm, buna məcburam. Çünki mətbuat katibiniz məşğuldur”.

Rövşən Tahir

TƏQVİM / ARXİV