İSMAYIL ƏMİDƏN SONRA KÜR YETİM QALIB - AQİL ABBAS yazır

AQİL ABBAS
574 | 2022-10-09 14:06

(Elçin Şıxlının ad gününə)

Orta məktəbdə oxuyurdum, «Azərbaycan» jurnalında İsmayıl əminin «Dəli Kür» romanı çap olunmuşdu. Demək olar ki,  «Azərbaycan» jurnalı əldən-ələ gəzirdi və roman o qədər maraqlı idi ki, hətta məktəblərdə də, elə  bizim sinifdə də bu roman geniş  müzakirə olunurdu. 

Romanın məziyyətlərindən  danışmaq istəmirəm, hamımız oxumuşuq. Demək olar ki, ədəbiyyatımızda bir müsbət bəy obrazı  yaradılmışdı. 

Və mən bu  romanı  oxuyanda elə bilirdim ki, Kür çayı da Cahandar ağa kimi dəli-doludu. Kürü  adətən  Bakıya gələndə Yevlaxda  körpüdən keçəndə görürdük. 

Bir neçə il bundan əvvəl maşınla Türkiyəyə gedəndə dedim ki, bir  İsmayıl  əminin  doğulduğu  kəndi – Şıxlını  ziyarət edim, bir dəli Kürün  sahilinə düşüm. 

Son illər Qazaxın Azərbaycana  bəxş etdiyi görkəmli şəxslərə  bu rayonda xüsusi diqqət  göstərilsə də, adlarına muzey yaradılsa da, Mütəfəkkirlər Bağında  abidələr  qoyulsa da, təəssüf ki, Şıxlıda İsmayıl əmini xatırladan nə muzey var, nə də bir lövhə. 

Məsələn, Naxçıvanda Şahbuzda  Nurs kəndinə dönən  yolda bir lövhə  qoyulub ki, Məmməd Araz bu kənddə doğulub. Və kənddə də hörmətli Vasif Talıbov Məmməd Arazın adına layiq  dağların döşündə bir muzey tikdirib. Bunu Şıxlıda  da eləmək olar. Özü də bu yol beynəlxalq yoldu  və Şıxlı kəndinin  düz içindən keçir. Gedib-gələnlər  görüb bilsinlər ki, bu kənd Azərbaycan  ədəbiyyatına  necə görkəmli bir şəxs verib. 

Gec deyil. İnanıram ki,  Qazax Rayon İcra Hakimiyyətinin  başçısı  Rəcəb müəllim bu problemi  həll edəcək. 
Bu kənddə  dəfələrlə olmuşam. Həm Gürcüstana, Türkiyəyə gedəndə, həm də qayıdanda. Kür çayının  sahilinə dəfələrlə düşmüşəm, amma mənə elə gəlib ki, bu çay İsmayıl əmidən sonra  yetim qalıb, kürlüyü gedib. Elə yazıq-yazıq axır ki, bu çayın nə zamansa daşıb kəndləri basdığına  inanmıram.

Bu günlərdə yenə yolum Qazaxa düşmüşdü. Xanımımla İsmayıl əmini yad etmək üçün üz tutduq  Şıxlıya. Qalxdıq Gəmiqayaya – həm  Kürü  seyr etdik, həm də kəndi. Sonra da yendik Kürün sahilinə. Əl-üzümüzü yuduq çayın suyu ilə.  Sonra da  daşların  üstündə oturub  lal və sükutla axan bu dəlisiz Kürü  seyr etdik. Bu yerdə  Kür o qədər dayaz idi ki, o sahildən bu sahilə iribuynuzlu mal-qara yellənə-yellənə keçirdi. 

 

Və ordan Elçin Şıxlıya zəng elədim. Və dedim: «Qaqa,  Kürün sahilindəyəm, özü də sizin kənddə. Vallah, İsmayıl əmidən sonra mənə elə gəldi ki, Kür İsmayıl əminin xiffətin çəkir». 

Yer gəlmişkən, Elçin  Şıxlını da  ad günü  münasibətilə  təbrik edirəm. 
 

TƏQVİM / ARXİV