adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

 İki istəyin, iki fikrin bir müstəvidə qarşılaşması - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
607 | 2022-11-21 16:40

Onların söhbətini istəsəniz oxuya bilərsiniz

 

Bəzən özünə çəkiləndə, təklənəndə və yaxud da iç dünyana tənhalıq hakim olanda köməyinə xəyallar çatır. Özün də bilmədən, hiss etmədən o xəyalların qanadında çıxıb uzaqlara gedirsən və bu gedişdə də qarşılaşdığın hər bir cizgi, hər bir ştrix istər-istəməz könlünün sarı simini dilləndirir. Xüsusilə bu məqam payız fəslində daha çəkici olur. Ona görə də payızın ovqatı da, xəzəli də, elə nəfəsi də ömrü bir kino lentinə çevirir, duyan, düşünən üçün, anlayan, dəyər verən üçün...

Məni qınamayın və məni pessimist hisslərə daha çox meyl etdiyimə görə acılamayın. Bu, bir özümdən asılı olmadan yükləndiyim və artıq həyatımın bir hissəsinə çevrilmiş məziyyətdir, xüsusiyyətdir və mən onsuz keçinə bilmirəm. Özü də xatirələrlə baş-başa qalanda, itirdiyim dostları, doğmaları göz önünə gətirəndə və bir də könlümə haqsız yerinə toxunanda daha çox çəkilirəm o pessimist duyğuların kölgəsinə. Onda da halıma, harayıma şeirlər, misralar, həzin musiqilər çatır...

Əvvəlcədən deyim ki, onun şeirlərini oxuyanda həmişə öz yaşamımı, öz keçib-gəldiyim yolu düşünmüşəm, xatırlamışam. Çünki ruh və bir də təsvir edilən mənzərə oxşarlığı, doğmalığı var. Hətta hərdən mənə elə gəlir ki, bu şeirlər elə məndən, mənim yaşamımdan, duyğularımdan yazılıb, süzülüb. Ona görə də mənə doğmadı, mənə tanışdı. Bax, həmin o doğma duyğuların aurasında tez-tez oxuyuram həmin şeirləri, izləyirəm həmin imzanı. Bu gün də «Bir şairin bir şeiri» layihəmdə ona üz tutdum.  Bu dəfə təkcə oxumaq üçün yox, həm də fikir paraleli aparmaq, həmsöhbət olmaq üçün. Təsadüfdən kitabın arasındakı mavi lent olan səhifəni açıram. Şeirin adına baxıram:

- Gedəcəm.

Bəli, ömrün payızı da... ilin payız fəsli də... və bir də getmək. Bunları bir-birinin ardınca düzmək də olar, bir-biri ilə yanaşı cərgələmək də. Elə bilməyin ki, heç nə dəyişməyəcək. Yox, dəyişəcək mütləq. Biri var köç, biri də var yanaşı dayanmaq və həmin o dayandığın nöqtədə həmsöhbət olmaq, münasibət qurmaq, bir sözlə, hərarətin, səmimiyyətin, doğmalığın, qonşuluğun sənə bağışladığı anlarını yaşamaq. Bax, bu apardığım müqayisə, daha doğrusu təqdim etdiyim çalarlar yəqin ki, nə dediyimi, nəyə işarə vurduğumu sizə də bəlli etdi. Elə ona görə də «gedəcəm» deyəndə bir anlıq düşünmək mütləqdir. Hara və niyəsini bilmək üçün. Elə mən də «Gedəcəm» şeirini oxuyanda bir anlıq dayandım, düşündüm, özüm üçün təxmin etməyə çalışdım və sonra oxumağa başladım:

 

Bu da yollar ayrıcıdı –

Bir payızdı, bir də mən.

Hara gedib bu adamlar?

Düşdüm ömrün ətəyindən.

 

Doğurdan da, yol ayrıcında dayanmaq, daha doğrusu o yol ayrıcına gəlib çatmaq və oradan yeni istiqamət, yeni yol aramaq çox həyəcanlı, çox həssas, həm də çox məsuliyyətli bir andı. O nöqtədən atılacaq addım insanı hər məqama, hər hissə, hər vəziyyətə, hər duruma aparıb çıxara bilər. Ona görə də addımı atmadan öncə düşünmək və səndən öndəkilərin harda olduğunu və niyə məhz orada olduğunu da düşünmək lazımdı. Onda mütləq bir nəticə çıxacaq ortaya və həmin ortaya çıxan nəticəni də, müəyyənləşdirdiyim məqamı da özün üçün dəqiqləşdirəndən sonra atacağın addım qətiyyətli olacaq. Deməyəcəksən ki, hara gedirəm və yaxud hara gedirsən. Bax, mən o şeiri oxuyanda özüm üçün yaddaşımın bir küncündə saxladığım misralarımı xatırladım. Mən onda yazmışdım ki:

 

üzümdə üzünün yeri

gözümdə gözünün yeri

sözümdə sözünün yeri –

qoyub gedirsən hara?

 

Bu sual özü-özlüyündə ünvanlı da ola bilər, ortalığa deyilmiş fikir kimi də səslənər. Amma hər iki halda burda bir istək, bir hiss və ondan qaynaqlanan narahatlıq, nigarançılıq var. Axı birdən-birə izini, gözünü, sözünü götürüb getmək mümkün deyil. Mütləq bir səbəb olmalıdı. Üstəlik götürüb gedəndə bunu kimdənsə alırsan, götürürsən, bəs yerdə qalan? Onun durumu? Bunlar özü də misraların sonundakı suala gələn yoldu. Mən də həmin o sualın ətəyindən tutub qayıdıram öncə təqdim etdiyim, daha doğrusu, «Gedəcəm» deyən müəllifin söz dünyasına. Elə bil bayaqdan məni girinc edən, rahatlığımı əlimdən alan sualın cavabı burada özünü göstərir azacıq da olsa:

 

Əl mənim, ətək illərin,

Ha tutdum əlim sürüşdü.

Yağışda islanan duam

Göz yaşlarımla görüşdü.

 

Deməli, məlum olur ki, qoyub gedənlə gedəcəm deyən hər iki şəxsin arasında gözəgörünməyən ruh doğmalığı həm də ətəkdən üzülən əlim, göz yaşında islanan duanın aqibətini də, mənzərəsini də şeirləşdirib, bədiiləşdirib və həmin o mənzərəni hər iki ünvanda yaşam məqamına, yaşam diktəsinə çeviribdi. Ona görə də ha can atsaq da, sualın cavabı da, gedəcəyimiz də özünü bütünlüklə sərgiləmək istəmir. Çünki:

 

dumanı çəkib saxladım

gumanı əkib saxladım

bir yuva tikib saxladım –

qoyub gedirsən hara?!

 

İnsan bütün gücü ilə, bütün istəyi ilə can atdığı nədirsə, kimdirsə, onun üçün bacardığı və hətta bacardığından da artıq nələrsə etmək istəyir. Düşünür ki, bu etdikləriylə, bu xidmətiylə, özü də onun ürəyinin, ruhunun diktəsi ilə edirsə, deməli, mütləq günün, anın birində əks-sədasını, bəhrəsini, nəticəsini görəcək, eşidəcək, duyacaq. Ona görə də obrazlı desəm, bu sevginin yolunda, bu istəyin cığırında  daş da daşımağa, gül də əkməyə özünü oda-gözə atmağa, yuva qurmağa, bir sözlə, hər şeyə özünü fəda edir. Təki istəyinə və qarşı tərəfin istəyinə layiq ola bilsin. Ona görə də qoyub gedirsən hara deyəndə özünü müəyyən qədər fəda etmişin yerində görür. Amma neyləyəsən ki:

 

Pəncərədə donub qalan

Yolda qalmış göz harayı.

Payıza qoşulub getsəm,

Yıxılar ömür sarayı.

 

Bu qərar, yəni şeirdə təqdim edilən və oxucunu sirkələyən istək mənə görə təsadüfi deyil. Əksinə, yaşananın, yəni bayaqdan bəri söylədiklərimin inikasıdı! Yəni nə varsa, nə ortadadırsa, özünü hansısa bir formada ifadə etməlidi. Bax, gedəcəm deyəndə də qərar qəbul olunmuş, həmin qərarın da bir səbəbi, məhz yollardan harayı əskik olmayan gözün artıq payıza təslim olmasından verdiyi soraqdı. Bu soraq da içində qurulmuş özünə və Allaha məlum olan sarayın uçmasına, kərpiclərin qopub düşməsinə aparır. Ona görə də ömrün bu anında təkrar həmin sual qarşıya çıxır:

 

fələyə meydan oxudum

yerdən, həm göydən oxudum...

ruhumdan, çələng toxudum –

qoyub gedirsən hara?!

 

Bu isə artıq bayaq qarşıya çıxan suala qədər olan məqama bir xatırlatmadı, bir işarədi. Burada artıq bir etiraz da var, bir səbəb axtarışı da var. Demək istəyirsən ki, saray da qurmuşam, pəncərədən yollara gözümü də dikmişəm... fələyə meydan da oxumuşam... Ruhuna ruhumdan çələng toxumuşam. Belə olan halda niyə gedəcəm deyirsən?! Axı sənsiz çətin olacaq. Ona görə də o çətinliyin bir nüansını da sənin üçün dilə gətirirəm, sənə xatırladıram:

 

Darıxacaq dəniz, şəhər,

Darıxacaq qapım, bacam.

Yağış olub, damla olub

Pəncərəmlə danışacam.

 

Xatırlatmadan sonra yaşadığımı necə deyərlər sazla dediyim kimi, sözlə də çatdırıram sənə. Təkrar edirəm. Özü də bir həzin pıçıltı ilə. Yalnız Sənin və Allahın duyacağı bir etiraf formasında. Bunu sevənlər duya bilər. Onlar nə deyildiyini və niyə deyildiyini qəbul etməsələr də ən azından anlayışla yanaşacaqlar və həmin məqamda güc gələn sualın özündən pərvəriş tapan, özündən bir növü törəyən fikir ortaya çıxır. Özü də şeir formasında:

 

demə ki, naşıyam, yadam

ünvanı bütöv soyadam!

mən dəli etdiyin adam –

qoyub gedirsən hara?!

 

Dəlinin sahibi olmalıdı. Dəli ortalıqda qala bilməz. Əgər məni dəli edənin kimliyi, yəni sən varsansa, onda niyə qoyub gedirsən və niyə gedirsən?! Üstəlik, artıq bu yolda, bu durumda hər şeydən, hər sınaqdan keçmişəm. Naşılıq da, yadlıq da arxa planda qalıbdır. Güc gələn sevgin məni dəli edibdi. Və mən də dəli olduğum indiki anın içində sual verməkdən çəkinmirəm. Ona görə ki, həm sənə güvənirəm, həm səndən umuram, həm də səbəbini, məramını bilmək istəyirəm. Axı hər şey çözüləndə, araşdırılanda ortalığa çıxır. Üstəlik də eşitdiyim o səs, o hönkürtü mənə sualımın cavabını tapmaqda bir ipucudu, bir təkandı, bir vasitədi. Çünki hönkürənin kimliyi özü-özülüyündə artıq sualın cavabıdı:

 

O kimdir mənsiz hönkürən?

Hər tərəf şehə bələndi.

Son ümiddən yol açılsa,

Ayrılıqlar çəkiləndi.

 

Gördünüzmü, o hönkürtü sevginin hönkürtüsü idi, o ağlayan da, gedəcəm deyən də. Amma göz yaşları dolmuş buludun boşalması anlamını ortaya qoydu. Nəticədə yol göründü, aydınlığa çıxdı. Mən də o aydınlıqda sənin səsini eşitmək, səni duymaq, sənin cavabını dinləmək istəyirəm. Keçmişi keçmişdə, gələcəyi gələcəkdə görmək üçün. Ona görə də lap içdən, necə deyərlər, bütün varlığından qopan bir pıçıltı ilə, bir istəklə soruşuram, deyirəm:

 

bax rənglərə, seçib götür

olan olub-keçib, götür...

məni özün tindən ötür –

soruşma, gedirsən hara?!

 

Bəli, bütün hallarda sual da, qərar da, cavab da, irad da, üz-üzə, göz-gözə danışılıb çözülməlidi. Necə ki, indi mən iki şeirin ovqatını, mənzərəsini bir-biri ilə həmsöhbət etdim. Bu söhbət dəyərli şairəmiz Sona Vəliyevanın «Gedəcəm» şeiri ilə mənim «Qoyub gedirsən hara?» şeirimin söhbəti idi. Yəqin ki, dinləyənlər, daha doğrusu bu söhbəti oxuyanlar özləri qiymət verəcək, münasibət bildirəcək və onda hələ qarşıda nə qədər yolun, məsafənin olduğu barəsində düşünmək imkanı da biz qazanacağıq.

TƏQVİM / ARXİV