Marketin qarşısında durmuşuq. Üç terminal və dörd adam. İndi düşünərsiniz ki, yəqin hərəsi bir terminalın önündə işini görür. Əh, elə olsaydı, dünya seyrəngah olardı ki.
Hamımız bir terminalın qarşısındayıq. Bu terminal digər üçündən bircə “Bakı kart” ödənişinin olmağı ilə fərqlənir. Adamın biri əlində pul topası terminalı yedirdir. Ekranda məbləğ artır.
150, 160, 170, 1…
Ekrana boylanıram, ödəniş etdiyi bank buradakı üç terminalın hamısında var. Amma adamın könlü bu aparatı istəyib.
380, 390, 400, 4…
İndicə iki avtobus (onlardan başqası buradan keçmir) gəlib dayanır və sonra yoluna davam eləyir.
570, 580, 590, 6…
Biz bu adamın bank ödənişinə görə işə azı 15 dəqiqə də ləngiyəsi oluruq. Xülasə, adam 1000 manatlıq ödənişini bitirib terminalın qarşısından mürəxxəs olub maşınına oturub gedir.
Bu mənzərədəki gərginlik günümüzün ən dəxlisiz, ən lazımsız və ən qeyri-insani gərginliklərindən biridir.
Ay qardaş, sənin bank ödənişin bu üç terminalın üçündə də mümkündür, mənimki isə yalnız birində. Sən ödənişi edib şəxsi maşınına oturub gedirsən, mən isə sənin ucbatından iki avtobus qaçırıb işə gecikirəm. Bircə qram da olsa kənardakılarla empatiya qurmaq olmazmı?
Mən bankomatdan pul çəkəndə də əlimi iti tuturam ki, gözləyənlərin də səbri tükənməsin, kiminsə tələsən yeri, gözləyən adamı ola bilər. Adam da var, bankomatda elə əlləşir ki, elə bil sevgilisiylə yazışır.
Metrodan çıxıb evə düşürsən, ya da əksinə, yolboyu dükanlar yan-yanadır. Adamların yarısı, xüsusən də qadınlar, gözlərini dükana zilləyə-zilləyə bulvarda gəzirmiş kimi yol gedirlər. Düşünmürlər ki, bu yol gəlişli-gedişlidir. Sənin bu “şoppinq ləzzətin” digərlərinin rahatlığını pozur axı?! 120 km sürət həddi olan yolda altmışla sürməyə bənzəyir bu.
Sizdəki bu rahatlıq hardandır?
Ay insanlar, nə olar, ictimai yerlərdə biraz başqalarını düşünün. Çox yox, biraz. Çünki siz ictimai yerdəsiniz, tək deyilsiniz…