Halva, halva deməklə deyil...

11183 | 2014-05-24 04:45
Uzun, incə bir yoldayım
Gidiyorum gündüz gecə.
Yetişmek için menzile
Gidiyorum gündüz gece.

İcazə verin Aşıq Veyselin şeirindəki gözəlliyi, fəlsəfəni kobud şəkildə pozub, darmadağın edim. Ona görə ki, bu qədər çirkabın içində yaşadığımız halda durub poetik və gəlişi gözəl sözlər hüdüləməyin bizim üçün heç bir mənası yoxdur.
Nə yolumuz uzun, nə də incədi. İndi keçdiyimiz yolların hamısı kələ-kötür, ömrümüz isə çox qısadı. Mənzil başına kim harda, necə gəldi çatır. Hal-hazırda orta statistik azərbaycanlının bir ömür yaşamaq həddi əlli beş, almış arasında ləngər vurur. Daha iyirmi, otuz il əvvəlki tək yetmiş beş, səksən yaşlı adamları günorta çağı əli çıraqla da gəzsək tapa bilmərik.
Gözümüz hara baxırsa, ürəyimiz sıxılır. Bazara çıxırıq hər şey baha, hər kəs yalançı, hər tərəf zir-zibil içərisində üzür. Məmləkətin elə kəndləri, qəsəbələri var ki, ora orda yaşayanlardan başqa hamının yadından çıxıb. Həmin əraziyə baxan bir neçə idarə işçiləri candərdi hər gün öz mexaniki işlərini görür. Məsələn, su idarəsinin evlərə su ötürən işçiləri hər gün işə gəlib krantları açır, qurğuları işə salıb oturub gözləyir. Vaxt tamam olanda isə krantları bağlayıb, qurğuları söndürüb ev-eşiyinə gedir. Allah göstərməsin tutaq ki, evlərə gedən su qızarıb qırmızı, ya göyərib göy rəngdə olsa, bu suçunun qətiyyən vecinə deyil. Çünki, onun işi su krantlarını açmaq və bağlamaqdı. Suyun rəngi və tərkibi ilə məşğul olanlar isə allah bilir harda və necədilər.
Və yaxud da zibil qutularını boşaldan fəhlələr on gündən bir, zibil dizə qalxıb ətrafa üfunət saçandan on, on beş qonşunun zəngindən sonra gəlib xahiş-minnətlə zibil qutularını boşaldıb gedirlər. Onlar gedəndən sonra məlum olur ki, zibilin tən yarısı ortalığa səpələnib, ətraf mühütə bəzək verir.
Üçüncü bir misalı da çəkim. Çünki, neçə vaxtı bu məsələ ətrafında ürəyimdə çək-çevir edirəm.
Ölkədə yaşı on beşi keçən binaların hamısının lifti nuh əyyamından qalma liftlərdi. Hardasa oxumuşdum ki, 2013-cü ildə Bakı şəhərindəki binaların köhnə liftləri yeniləri ilə əvəz olunacaq. Amma hələ ki, belə bir əvəzləmə görmürəm. 2014-cü ili isə artıq yarılamışıq. Bəxtəvər 2013-cü ilin başına.
O gün liftdən çıxanda əlində canı çoxdan çıxmış süpürgə tutan bir xala ilə rastlaşdım. Xala hirslə məni itələyib liftə soxuldu. Süpürgəni liftin içərisində bir iki dəfə yellədib tələsik çıxdı. Liftin döşəməsində (hələ divarlarını, tavanını demirəm) gözə çarpan heç bir təmizlik görməyib xaladan soruşdum ki, bəs liftin içərisini niyə yaxşı təmizləmədiniz? Xala elə bil ki himə bənd idi. Üstümə bozarıb dedi: Gözləyirsiniz ki, aldığım qəpik-quruşa görə dizimi yerə atıb liftin içərisini yuyum?
Ümumiyyətlə mən bu söhbətlə çox tez-tez rastlaşıram ki, süpürgəçilər, zibilyığanlar və digər təmizlik sahəsi ilə məşğul olan işçilər çox az maaş alırlar. Və bunun üçün də onlar elə fikirləşirlər ki, gördükləri işi keyfiyyətsiz yerinə yetirməyə tam haqqları çatır.
Əzizilərim, əgər tutaq ki, liftləri təmizləməyə görə sizə hər ay əlli manat maaş verirlərsə və bu sizi qane etmirsə, o zaman həmin işdən imtina edin. Axı əvvəlcədən işin ağırlığını və maaşın azlığını bilə-bilə işləməyə razılıq verirsiniz, sonra da başlayırsınız camaatın başına it oyunu açmağa.
Axı həmin zibilli yollardan sizin də uşaqlarınız, nəvələriniz, onların həkimləri, müəllimləri ötüb keçirlər. Əgər siz onlara qarşı hörmətsizlik və vicdansızlıq edirsinizsə, onda onlardan niyə hörməti qoyaq bir kənara, vicdan umursunuz?!
İndi siz bir küçəni rahat süpürməyə, bir qutu zibili atmağa ərinirsizsə, onda onlar da müalicələrini etməyə, dərslərini keçməyə ərinəcəklər. İnanın, ki, bu həyatda baş verən hər şey qarşılıqlıdı.
Müəllim demişkən bilməyənlərə də agah olsun ki, müəllimləri təzə dərdlərə ürcah ediblər. Bu ildən bütün müəllimlər imtahan verməyə təşviq olunurlar. Bu təşviqetmə cavan müəllimlərlə yanaşı otuz illik təcrübəsi və iş stajı olan müəllimlərə də şamil edilir.
Avropanın bütün yar-yaraşığını məmləkətimizə "daşımağa" qərarlı olan təhsil bilginlərimiz bir məsələni yaddan çıxardırlar ki, tətbiq etdikləri dərs sistemləri çox ağır və acınacaqlı nəticələr verir. İldən ilə belində, onurğa sütununda ciddi problemləri, kifoz, skalioz kimi xəstəlikləri olan məktəbli uşaqların sayı çoxalmaqdadır. Hər il gözləri zəifləyən uşaqların sayı durmadan artır. Biz hara gedirik?! Tutaq ki, savadlı, lakin xəstə gələcəyə?!
Xatırladım ki, məktəbli uşaq gün ərzində ən azı beş dəfə normal qidalanmalıdır. Bu qidalanmanın daxilinə süd, bal, təzə ət, göyərti, meyvə və tərəvəzlər aiddir. Hər bir normal şagird həftədə iki dəfə təzə balıq əti ilə qidalanmalıdı. Bizim məmləkətdə isə elə ailələr var ki, balıq ətini ildə heç iki dəfə də dada bilmirlər.
Axı halva halva deməklə deyil gərək ağız da şirin olsun ki, gələcəyə sağlam və uzun, incə yollarla yürüyək.

Samirə Mirəşrəf
  • Sentyabr:
  • 5

TƏQVİM / ARXİV