adalet.az header logo
  • Bakı -°C

“Avropanın Ukraynaya qoyduğu 350 milyard dollardan çox “sərmayə” batır”

68 | 2025-12-17 11:19
A- A+

“Almaniya kansleri Fridrix Merts partiyalarının qurultayında deyib ki, əgər Ukrayna məğlub olsa, Putin dayanmayacaq və keçmiş SSRİ-ni yenidən bərpa etməyə çalışacaq. Bu, əslində, Ukrayna savaşı başlayandan bəri Rusiya əleyhinə daha geniş koalisiya yaratmaq və Cənubi Qafqaz - Mərkəzi Asiya oxu boyunca ikinci cəbhə açmaq məqsədiylə aparılan Qərb təbliğat tezisinin indi də NATO-nu və Avropa Birliyini gözləyən siyasi təlatümlərdən və parçalanmaqdan qorumaq üçün təkrar dövriyyə buraxmaq cəhdindən başqa bir şey deyil”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. 

Onun sözlərinə görə, hazırda "Qoca qitə"də - Avropada çox böyük bir təlaş var ki, Tramp Amerikası Rusiya ilə əlbir olaraq Ukraynanı bölüşdürəcəklər və bu da müharibəyə milyardlarla vəsait xərcləmiş, ciddi bahalaşma və infilyasiya ilə üzləşmiş avropalıların kəskin etirazlarıyla, öz hakimiyyətlərindən hesabat tələb etmələriylə qarşılaşacaq, sonda isə NATO daxilində dərin çatlar yaradaraq, onu parçalayacaq:

“Axı bu müharibənin ilk aylarında Avropa liderləri öz xalqlarını inandırmışdılar ki, onlar ən böyük müttəfiqləri – ABŞ ilə birgə Putini çəkib Ukrayna bataqlıqlarına salıblar və elə oradaca onun axırına çıxacaqlar; bu məqsədlə nəinki büdcələrini Ukraynaya davamlı yardımların üzünə açmışdılar, hətta NATO-ya üzvlük haqlarını da artırmaqla vaxtlı-vaxtında ödənişə başlamışdılar, Zelenski hakimiyyətinin qələbəsi üçünsə üst-üstə 350 milyard dollardan çox “sərmayə” yatırmışdılar. İndi isə bu "sərmayə" batır: avropalıların əsas müttəfiqi – ABŞ, faktiki olaraq, “barışmaz düşmən” elan etdikləri Rusiya ilə eyni cinahda yer alıb və Putinin 2022-ci ilin fevralındakı şərtlərindən hansını qəbul etməyin Ukraynada müharibəni daha tez dayandıra biləcəyini müzakirə edirlər. 3 il əvvəl amerikalı və avropalı siyasətçilərin ayaqüstü alqışlarından vəcdə gələrək məqsədlərinin 1991-ci il sərhədlərinə çıxmaq olduğunu bəyan edən Zelenskinin önünə isə nəinki rusların 2014-cü ildə işğal etdikləri Krımı, üstəlik, Donetski, Luqanskı, Xerson və Zaporojyeni də Rusiya ərazisi kimi tanımaq tələbi qoyulub: ya qəbul etməli, ya da tezliklə seçkiləri təyin edib hakimiyyətdən əl çəkməlidir. Görünən odur ki, bu savaşın yekunu olaraq, Ukrayna ərazilərini birdəfəlik itirməklə bölünəcək, Rusiyaya tətbiq edilən sanksiyalar götürüləcəck, yeraltı-yerüstü sərvətlərlə zəngin Rusiyadan çıxan Avropa şirkətlərini ABŞ şirkətləri əvəzləyəcək, Avropa Birliyinin qazancı isə Ukraynanın bir hissəsini və bir də ağbəniz miqrantları ağuşuna almaq olacaq”.

Politoloq bildirib ki, hazırda Ukrayna üçün ən böyük təhlükəsizlik zəmanətinin Avropa Birliyinə üzvlük olacağı deyilsə də, Ukraynanın hansı sərhədlər çərçivəsində bu ittifaqa qəbul ediləcəyi haqda bir kəlmə belə, açıqlama verilmir:

“4 il əvvəl Ukrayna və Avropa üçün daha yaxşı şərtlər varkən, buna imkan verilməməsi və indi daha ağır şərtlərlə həll variantına gedilməsi böyük uğursuzluq və məğlubiyyətdir. Şübhəsiz ki, Ukraynadakı bu uğursuzluq, ilk növbədə, Avropa Birliyinin daxilində, həmçinin Böyük Britaniyada siyasi hakimiyyətlərə qarşı çıxışları xeyli gücləndirəcək. Bu uğursuzluğu ört-basdır etmək üçün də Avropa liderləri yeni bir uğur hekayəsinə ciddi ehtiyac duyurlar: guya, Putin SSRİ-ni bərpa edəcəkmiş, bunlar da yığışıb Ukraynanı bölməklə, Rusiyanın onu tam ələ keçirməsinə və irəliləməsinə imkan vermədilər! Reallıqda isə hazırki Rusiyaya ən böyük zərbə və onu birdəfəlik məhv edib tarix səhnəsindən çıxaracaq ideya elə məhz SSRİ-ni yenidən bərpa cəhdi olar. Bunu vaxtilə Putin özü belə ifadə etmişdi: “SSRİ-nin dağılmasına təəssüflənməyənin ürəyi, onu yenidən bərpa etmək istəyəninsə başı yoxdur”. Bugünlərdə Hindistana səfəri zamanı Putin SSRİ-nin bərpasıyla bağlı suala cavabında isə bütün strateqlərin uzun illərdir söylədikləri həqiqəti dilə gətirməklə, faktiki, bu məsələyə nöqtə qoydu: “SSRİ-nin bərpası Rusiyanın etnik və dini kimliyinin itirilməsi olar”. Bəli, Rusiyanın öz milli və dini kimliklərini son 35 ildə daha yaxşı dərk etmiş keçmiş sovet respublikalarıyla yenidən SSRİ-ni bərpa etməsi dünyanın həm ərazicə ən böyük və ən zəngin, həm də ən çox nüvə başlığına malik bir dövlətini könüllü şəkildə müsəlmanlara təhvil verməsi deməkdir! Doğrudanmı, siz hesab edirsiniz ki, Putin artıq İslamı qəbul edib və böyük bir İslam dövlətinin qurulması üçün çalışır?! Ən böyük əraziyə və xammal ehtiyatına, ancaq olduqca məhdud insan resursuna (cəmi 146 milyon nəfər) malik Rusiyaya hazırda öz etnik-dini kimliyini itirəcək SSRİ-ni bərpa etmək yox, keçmiş sovet respublikalarının NATO-ya, Avropa Birliyinə inteqrasiya olunmaması və ərazilərində NATO bazlarının yerləşməməsi - özünü qorumaq lazımdır ki, Ukrayna nümunəsində də bunu digərlərinə göstərməyi bacardı”.

Vasif

TƏQVİM / ARXİV