Günahlarımızın şəriki çiçəklər - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
521 | 2022-06-30 13:57

Sabir Abdinlə çözdüyüm bir günahın mənzərəsi

Səhərin gözü yenicə açılmışdı. Radio dalğasında tanış bir musiqi dinlədim. Həmişəki kimi müğənni Eyyub Yaqubov yenə üzünü Xəzərə tutmuşdu və yenə deyirdi ki, mənə dəniz verin. Şeirin müəllifi, daha doğrusu ifa edilən nəğmənin sözlərini yazan şair dostum, tələbəlik yoldaşım Sabir Abdindir. Ona görə də bu mahnını dinləyən kimi həmişə özümdən asılı olmadan mobil telefona əlimi uzadıram. Amma bu dəfə çox erkən olduğundan Sabiri yuxudan oyatmaq istəmədim. Onu düşünə-düşünə iş otağımın qapısını açdım. Kitab rəfimdən Sabir Abdinin «Adını sən seç...» kitabını götürdüm. Dəfələrlə oxuduğum, barəsində yazdığım bu kitabın bir şeiri məni dayanmağa, düşünməyə məcbur etdi. Mən də könüllü şəkildə bu məcburiyyətə təslim oldum və Sabirin «Sənə deyəcəyim sözüm qalmadı» şeirinin ovqatına köklənərək    Səni düşündüm, Səni gözlərimin önünə gətirdim. Ölməz şairimiz Mikayıl Müşfiqin təbirincə desək, ağlımdan gəlib keçdi ki, yenə o günlər olaydı və yenə o günlərin bir filmə bənzəyən səhnələrini səninlə baş-başa qalıb yaşayaydım. Amma...

Bəli, o düşüncələrin içərisində mənimlə yol yoldaşlığı edən Sabir Abdin özünəməxsus şeir oxumaq tərzi ilə mənə üz tutdu. O səs o andan qulaqlarımdadı. Sabir şeir oxuyurdu:

 

Əllərim titrədi, soldu çiçəklər,

Baxıb gözlərimə doldu çiçəklər,

Görüş yerimizdə qaldı çiçəklər,

Sənə deyəcəyim sözüm qalmadı.

 

Şairin bir az qətiyyəti, bir az kəskin, amma bir az da duyğusal bir tərzdə dediyi, yəni verdiyi qərar mənim də ürəyimdən idi. O deyirdi ki, «sözüm qalmadı», amma bu bir şair yalanı idi. Çünki sevgidə söz qurtarmır və Sabir Abdin də sadəcə olaraq oxucusunu, indiki məqamda isə məni yerimdən oynadırdı, məni dindirirdi. Mən də dost sözünün ip ucundan tutub havalandım və bir də gördüm ki, qoşulmuşam ona. İndi də mən deyirəm, Sabir dinləyir. Deyirəm ki:

 

Səbri böyük Allahım,

Onun çəkdiyi ahın

Yaz, Sən mənə günahın –

çəkim can bahasına!

 

Hə, Allahın böyük səbri yaşadığım sevgi günahımı boyuma biçib. O günah iki başlı, iki canlıdı. Yarısı mənim payıma düşür, yarısı da Sənin. Amma mən sənin payına düşən günahı da canla, başla çəkməyə hazıram. Axı sənin sevgin yaşadır, sənin sevgin qanadlandırır və ən vacibi sənin sevgin mənə ayaqda durmaqda köməkçidi. Odur ki, Allahım özü izn verər və mən  də sənin payına düşən günahı da çəkərəm, hətta canım bahasına olsa da. Çünki məndə bu inamı yaradan səbəblərdən biri də elə Sabirin güya deməyə qalmayan sözüdü! O söz ki, Sabir onun ardını əvvəlkindən də gözəl deyir. Deyir ki:

 

Günəşin üzünü örtdü buludlar,

Yalqız çiçəkləri gördü buludlar,

Qaldırdı çiyninə dərdi buludlar,

Sənə deyəcəyim sözüm qalmadı.

 

Görürsünüz, «sözü qurtaran» şair  nələrə üz tutdu, nələrə əl uzatdı, nələri sözə çevirdi... Əgər yalqız çiçəklərin, buludların çiyninə qaldırılan dərdin varlığını şair dayandığı nöqtədən görürsə, deməli onun içindəki söz bitəsi söz deyil. Sadəcə o fantanla yox, zümzümə ilə süzülüb gəlir. Və mən  bir oxucu olaraq o bulağın zümzüməsini dinləyirəm. Dinləyə-dinləyə də ruhumda, varlığımda, düşüncəmdə, həyatımda, bir sözlə, bu anımda səni bir nəfəs məsafəsində görürəm. O məsafədə ki:

 

Ruhum, sən ha gəvəzi

Bitməz şair həvəsi!

Nəfəsi əl əvəzi –

çəkim mən yaxasına...

 

İndi mənim nələr yaşadığımı, nələri canımdan keçirtdiyimi yəqin siz də gördünüz və yaşadınız. Və hətta inanıram ki, sevgiyə yoluxmuş oxucu indiki anda mənim nəfəsimin  onun yaxasında gülə çevrildiyini də  görə bildi. Bu gücü, bu təpəri mənə verən   isə  təbii ki, məni o sevginin oduna atan Allahdı. Allahın iradəsi qarşısında isə bəndə yalnız susur. Mən suduğum anda da ruhumun səninlə danışdığını gizlədə bilmirəm. Çünki hər halınla, hər hərəkətin və münasibətinlə bunu sən məndən istəyirsən, buna sən məni yönəldirsən. Hətta üşüyən, küsən çiçəklərin də, tapdalanan, solan çiçəklərin də halı mənim söylədiklərimin rəsmi kimi təqdim olunsa da, onun buketini Sabir yaradır, Sabir ifadə edir:

 

Üşüdü çiçəklər, küsdü çiçəklər,

Həsrətdən, kədərdən əsdi çiçəklər.

Ayaqlar altında gəzdi çiçəklər,

Sənə deyəcəyim sözüm qalmadı.

 

Sözün gücü də, istisi, soyuğu da təbii ki, onu deyənin varlığının göstəricisidi. Yəni söz hansı dildən, hansı ruhdan, hansı ürəkdən qanadlanırsa, olduğu və ona təkan verən həmin yerin mahiyyətini də ortaya qoyur. Deməli, nə qədər qaçmağa, qovmağa cəhd etsən də heç bir mənası yoxdur. Axı söz haqdan gəlir. Özü də sevgi sözü və deməli:

 

Günüm günə daşına

Günümdən gün aşına...

Ürəyimin başına –

Oxu, o, çaxa...sına...

 

Hə, ürəyimin başına sancılan ox da, kürəyimdən vurulan zərbə də, dayanmaq, durmaq qərarını heç ağlımın ucuna da gətirmir. Ona görə ki, döyünən ürək mənzil başına, görüş yerinə can atır. Xatirələrin izi ilə gedir. Yollar da, küçələr də, söykəndiyiniz ağaclar da, üstündə oturduğumuz daşlar da, bir sözlə, təmasda olduğumuz hər şey, hər kəs məni sənə tərəf çəkir. Bu maqnit gücüdü. Amma biz ikilikdə onu sevginin gücü adlandırmışıq. Bu güc həsrətə qalib gəlir. Ona görə də əlimizdəki çiçəyin də, gülün də ən böyük mənası, ən böyük yaşamı sənin sinənə sığınmaqdı, sənin əlində dəstəyə çevrilməyidi. Bunu da Sabir yazır:

 

 

Çiçəklər həsrətli yoldu, cığırdı,

Nəmli gözlərindən yağış yağırdı,

Çiçəklər qəfildən məni çağırdı...

Sənə deyəcəyim sözüm qalmadı.

 

İndi gördünüzmü, çiçək adamı necə çağırır, gül adamın əlindən tutub görüş yerinə necə aparır? Etiraf edin, yaşamısınızmı bu hissləri? Əgər yaşamısınızsa, mənimlə razalaşacaqsınız. Görüşə gəlməyənin çiçək payını görüş yerində qoyub getdiyinizi də yada salacaqsınız. Elə mənim kimi. Onda özümü o qədər kimsəsiz, tənha, atılmış saymışam ki. Yerdən də, göydən də, az qala Allahdan da küsmüşəm onda. Düşünmüşəm ki, atılmış çağa kimi heç kimə gərək deyiləm daha. Bir də ki, əl boyda qundaq kimə gərək ola bilər ki. Özü də  kimliyi bilinməyən qundaq. Bax, onda həmin o düşüncələrimi elə dediyim kimi də misralamışam:

 

Kömək üçün ün yaya

Həftə yaya, gün yaya...

Bu hərsifət dünyaya –

atılmış çağasına!

 

Dünyada hər kəsin günahı və günah payı var. Amma bir məqam da var ki, bəzən günahkar özü bilə-bilə başqasını da günaha batırır, özünə günah şəriki edir. Bu mənada  sevənlərin ən böyük günahı da gülləri, çiçəkləri özlərinin günah şərikinə çevirmələridi. Bir soyuq baxış, bir əsəbi anın mimikası, hərəkəti, bəzən güllərin yerə atılmasına, çiçəklərin tapdalanmasına səbəb olur. Axı gülün, çiçəyin günahı nədir? Əgər sən sevginin fövqündə deyilsənsə, sevgini Tanrı dərgahına qədər yüksəltməmisənsə, özündən küs, özünü günahlandır, gülləri, çiçəkləri yox. Və mən bu məqamda Sabirlə həmfikir oluram. O deyir ki:

 

Günahsız çiçəklər günaha batdı,

Qəlbimdə kədəri, qəmi oyatdı,

Çiçəklər alışıb bir ocaq çatdı,

Sənə deyəcəyim sözüm qalmadı.

 

Bax belə, bu yerdə inanıram ki, Sabirin, bütövlükdə isə sevənin sözü qalmır. Barışıram Sabirlə. Məhz bu məqama görə, bu ana  görə və alşıb-yanan çiçəklərin odunda, tüstüsündə mən Səni də, özümü də görürəm. Həmişəki təbəssümlə, həmişəki duruşla, baxışla seyr edirsən məni. Mən də Səni. Bu an üçün sondu bu, bu an üçün nöqtədi. Amma görünən bu andakı yolun soludu. Sevgi yolunun sonu deyil. Mən də bunu bildiyimdən sənə demişəm ki:

 

Yolun sonu göründü

Hər halımı gör, indi!

Keşikçiyəm, könüllü –

dərdimin ağasına!..

 

Bəli, biz Sabirlə, daha doğrusu, Eyyub Yaqubovla dəniz səyahətinə çıxmaq istəyəndə sevgi tutdu yaxamızdan. Çiçəklərin, güllərin əli ilə. Və biz də bir şair olaraq, könül-könülə, ruh-ruha öz sevgimizin görüşünə getdik. Getdik ki, batdığımız günahı günahımıza şərik etdiyimiz çiçəkləri əfv etdirək. Əgər bacarırsınızsa, əfv edin bizi. Heç olmasa çiçəklərin xatirinə.

TƏQVİM / ARXİV