adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Gözəllik işığı hopmuş misralar - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
981 | 2022-04-18 17:44

Kamran Nəzirlinin bir şeirinin fonunda

 

Təbii ki, hər görüntünün, hər bir varlığın öz adı, öz mahiyyəti, öz missiyası və bir də özünüifadəsi olur. Bu nə mənim, nə də çevrəmdəki hər hansı bir Allah bəndəsinin istəyindən qaynaqlanmır. Ta yaranışdan belədir və bu gün də yeni nəsə yaranıbsa, onun da adı, mahiyyəti, məramı hansısa bir sözdə özünü təsdiqləyir. Bu mənada insanın ən çox meyl göstərdiyi, münasibət ifadə etdiyi və çevrəmizdə olmaqla xoş aura yaratdığı bir incə nüans var. Bu, həm varlıqdı, həm reallıqdı, həm görüntüdü, həm zənginlikdi, həm də çalar baxımından əbədidi. Bu dediyim parametrləri özündə ifadə edən həmin o varlıq, o mövcudluq bir sözlə ifadə olunur, bir sözlə tanınır. Bu söz:

- GÖZƏLLİK!- dir.

Bəli, gözəllik həm təbiətdə, həm cəmiyyətdə, həm əxlaqda, həm sosial məişət sahəsində, ən çox da insanın çöhrəsində özünü təsdiqləyir. Elə ona görə də biz hər yerdə onu axtarırıq, onun sorağında oluruq. Və inanmıram ki, hansısa bir Allah bəndəsi gözəlliyə, gözələ baxmadan yan keçib gedə bilsin. Burda söhbət insanın qadın yaxud kişi olmasından getmir. Söhbət bütövlükdə insandan gedir. Doğrudur, kişilər qadınlara nisbətən gözəlliyə daha çox diqqət ayırırlar. Yəni onu görmək, onu gözünə, könlünə köçürtmək istəyi,   kişilərin  fikrinin həm alt, həm üst qatında qərar tutub. Amma qadınlar isə daha çox öz gözəlliklərinə diqqət aryırmağa fikir verirlər. Əslində bunun özü də kişilərin arzuladığı gözəlliyə bir töhfədir. 

Masamın üstündəki kitablardan birini götürüb vərəqləyəndə gözümə bu misra sataşdı:

 

 - Güldən gözəlsən, gözəl!

 

Təbii ki, misra, fikir cəlbedici idi. Mən də sözə meyilli olduğumdan bu misranın izinə düşüb çözməyə, yol getməyə başladım. Və şeiri oxuduqca yavaş-yavaş həmin auraya səyahətim başladı. Sadə, səmimi bir şəkildə sıralanan misralar bir gözəlliyin, bir gözəlin vəsfi və tərənnümü idi. Şair yazırdı ki:

 

Sular axdı, çay demədim.

Günəş çıxdı, yay demədim.

Mən ki, sənə Ay demədim

Aydan gözəlsən, gözəl!

 

Bəli, çox sadə, çox səmimi sözlərin bir usta qələmdə ardıcıl düzümü poetik mənzərəni lövhəyə köçürüb. Bu, hardasa həm də rəssam işidi...naturadan çəkilmiş bir rəsm işidi. Özü də naturanın özü ilə müqayisə olunan bir rəsm...

 Şeirə kökləndiyimdən  bir də gördüm ki, mən də həmin rəsmin olduğu nöqtəyə, o müstəviyə başqa bir rəsm də gətirib qoydum. Daha doğrusu, yaddaşımdaq süzülən bir işıq seli mənə dedi ki:

 

Çiçək ətirli səhər –

Bilirsən, gözəl olur...

Üzünü şehi ilə –

Silirsən, gözəl olur!

 

Bəli, bax indi iki rəsmə baxa-baxa yaranmış reallığı, yəni gözəlliyin çalarlarını sıralamaq, onun müqayisəsini aparmaq istəyimə tabe olaraq mən misralar arasında fikir tutumunu, məna yükünü ölçən bir əşya, bir alət, ümumiyyətlə nəysə axtarıram. Çünki dəyərləndirmək, dəyərini bilmək istəyi  mənə bunu diktə edirdi. Elə həmin zaman şeirin ikinci bəndi köməyimə çatdı:

 

Könlüm sızladı, neylim,

Sinəm buzladı, neylim.

Ömrüm yazladı, neylim,

Yazdan gözəlsən, gözəl!

 

Doğrudan da, ömrün bütün məqamlarında, hətta yazında da, hər şeydən gözəl olan elə gözəlin özüdür, gözəlliyin özüdür. Bunu sadə bir dildə, necə deyərlər, hər kəsin anlaya biləcəyi üslubda təqdim etməyin özü də gözəllikdir. Və bu gözəllik mənə deyir ki:

 

Ömrün ziyası kimi

Günəş şüası kimi...

Tanrı duası kimi –

Gəlirsən...gözəl olur!

 

Görürsünüzmü, daha doğrusu duyursunuzmu, gözəllik necə ağuşuna alır bizi?! Və biz də o gözəlliyin həm əsrinə çevrilirik, həm də fanatına. Bu iki məqam da bizi özümüzdən alıb özümüzün xəyalən getdiyimiz, qovuşduğumuz, sarıldığımız gözəlliyin bir parçasına, bir hissəsinə çevirir. Əgər belə olmasa, onda biz gözəlliyi bütünlüklə anlaya bilmərik. Çünki:

 

Dözüm yox, dözəm sənə,

Gözüm yox, süzəm sənə.

Sözüm yox, deyəm sənə

Sözdən gözəlsən, gözəl!

 

Həqiqətən, insan azacıq duyqusal olarsa, iynə ucu boyda könlündə, ruhunda azadlıq, dəyər vermək və bir də dərk etmək qabiliyyəti olarsa, o mütləq dözür və dözəcək! O mütləq görür və görəcək! Və bir də o mütləq dözdüyünə, gördüyünə münasibətini bir sözlə də olsa ifadə edəcəkdi. Ona görə ki, onu ilhamlandıran, onu pıçıldamağa məcbur edən ilahi gözəllik var və o gözəllik də:

 

Pəncərədə dan nuru

Əhval gözəl, qan durru!

Açır ruhun zənburu –

Gülürsən – gözəl olur...

 

Yəqin ki, bu məqamda mənimlə razılaşarsız. Axı söhbət sizin də hər gün müşahidə etdiyiniz, qarşılaşdığınız, həyatınızda, həyətinizdə olan gözəllikdən gedir. Bu  gözəllik həm yaşanır, həm də yaşadır. Bax, elə misralarını bir-bir yaddaşıma köçürüb işığına bələndiyim şeirdə olduğu kimi. Şair yazır ki:

 

Nə qədər çölü gəzdim,

Çöldə bülbülü gəzdim.

Bağ əkdim, gülü gəzdim

Güldən gözəlsən, gözəl!

 

Mən gözəllik aşiqi olan bir bəndə kimi bu məqamda bir anlıq susuram. Və Şeyx Nizamidən, Füzulidən, ondan öncə Nəsimidən üzü bəri sözlə gözəlliyin və gözəlin rəsmini çəkənlərin, eləcə də fırça ilə gözəli və gözəlliyi tərənnüm edənləri xatırlamağa çalışıram. Görürəm ki, onların hər birinin öz gözəli olduğu kimi, gözəlliyə də öz yanaşmaları olubdur. Bu mənada dəyərli ruh dostum Kamran Nəzirlinin şeirindəki yanaşma da, təqdimat da həm gözəldi, həm də özəldi! Mən bu gözəl və özəl olan gözəlliyin tərənnümçülərindən biri kimi sözümün, daha doğrusu şeirimin sonunda deyirəm ki:

 

Dağılır qəm sürəyi

Eşqdir ruhun dirəyi!

Mənlə sevən ürəyi –

Bölürsən – gözəl olur!

 

Deməli, bütün bu söylədiklərim, yazdıqlarım hələ gözəllik haqqında demək, yazmaq istədiklərimin yüzdə biri deyil. Çünki əvvəldə vurğuladığım kimi, gözəlliyin min bir çaları var. Gözəlin də min bir nazı, qəmzəsi. Həm də baxışı, yerişi, duruşu, saç düzümü və sairə və ilaxır. Odur ki, hələ gözəllikdən və gözəldən Kamran da, mən də, sən də, bütövlükdə hamımız hələ çox yazıb, çox danışıb, çox tərənnüm edəcəyik...

TƏQVİM / ARXİV