adalet.az header logo
  • Bakı -°C

Dünyanın bölüşdürülməsi... - Səxavət Məmməd yazır

40 | 2026-11-22 16:40
A- A+

Rusiya-Ukrayna, ABŞ/İsrail-İran müharibələri və münaqişə coğrafiyalarının genişlənməsi fonunda Çində ABŞ, Çin və Rusiya liderlərinin görüşü mühüm əhəmiyyət kəsb edirdi. Niyə məhz bu üç ölkə liderlərinin görüşü vacib sayılır? Çünki hər üç ölkə dünyada baş verən müharibələrdə birbaşa və ya dolayı yollarla iştirak edir. ABŞ İrana qarşı birbaşa əməliyyatlar keçirir, Ukrayna ərazisində gedən müharibədə isə silah, "Starlink", geoməkan kəşfiyyatı və maliyyə ilə iştirak edir; Venesuelada istədiyini aldı, Danimarka Qrenlandiyada ABŞ-yə hərbi imkanlarını genişləndirməyə icazə verdi – yəni oradakı maraqlarını da təmin etdi.

Rusiya Ukrayna ərazisində birbaşa müharibə aparır, Fars körfəzində İrana silah və geoməkan kəşfiyyatı ilə dəstək verir, Suriyadakı proseslərdə maraqlarını təmin edərək bazalarını qoruyur, Baltik dənizini təhdid altında saxlayır və məlum olduğu kimi, nüvə potensialını daha da artırıb. Çinə gəldikdə isə, rəsmi Pekin Sakit okean hövzəsində imkanlarını artırır, Pakistan vasitəsilə Hindistana dərs verir, Ukrayna müharibəsində dolayı yolla iştirak edir – Şimali Koreya əsgərləri hər halda Pekinin xeyir-duası olmadan müharibəyə qoşulmazdı – İrana isə geoməkan kəşfiyyatı və silahlarla dəstək olur. Bunların hər birini daha da genişləndirə bilərəm, sadəcə vacib olan detalları yazdım. Sual ortaya çıxır: dünya bölüşdürüləcəksə, bu üç dövlətdən başqa kim böləcək? Hesab edirəm ki, dünya müəyyən mənada İkinci Dünya müharibəsinin nəticələrindən dərs alıb. Alman generalı fransızları qaliblər masasında görəndə verdiyi "Biz bunlara da uduzmuşuq?" sualı, hesab edirəm ki, hazırkı dünyada keçərli olmayacaq.

Gələk "qoca qitə"yə. Açığı, "qoca qitə" qoca qarılar kimi deyinməklə məşğuldur. Dünyanın harasında hansı proses baş verirsə, məsələ ilə bağlı ancaq və ancaq danışır, ortada isə real hərəkət yoxdur. Rusiya-Ukrayna müharibəsi ilə bağlı masa qurulur, Avropa İttifaqı özünü orada görmək istəyir? Ümumiyyətlə, bu nə anlayışdır ki, sən sahədə yoxsan, müharibədə qan tökmürsən, iqtisadi gücünü hərbi-siyasi iradəyə çevirə bilmirsən, amma masadan pay istəyirsən? Bu yanaşmaya çox yerdə rast gəlirəm: deyirlər ki, 21-ci əsrdir, dünyanı bölmək nə deməkdir? Yəni bunu gülünc yanaşma kimi qəbul edirlər. Harada yazılıb ki, 21-ci əsrdə dünyanı bölmək olmaz? Avropa İttifaqı maliyyə və texnologiya nəhəngi olsa da, Ukraynaya ancaq pul ayırmaqla, qaçqınları saxlamaqla, ABŞ silahlarının pulunu ödəməklə və sanksiyalar tətbiq etməklə kifayətlənir. Nəticədə pulu ödəyən tərəf olur, ancaq söz sahibi ola bilmir; üstəlik, sanksiyalar da qayıdıb özünü vurub. Müasir dövrdə sanksiyalar iqtisadiyyatı zəiflədə, inkişafı ləngidə bilər, ancaq cəbhədəki tankı saxlamağa, müharibənin taleyini meydanda həll etməyə yetmir. Dünyada qara bazar və alternativ təchizat zəncirləri var? Var! Bitdi! İsveçrənin snayper tüfəngləri üçün mərmilərini Rusiya Ukraynaya qarşı istifadə edib. Rusiya bunu haradan alıb? Rusiya istehsalı olan mərmiləri isə Ukrayna Rusiyaya qarşı istifadə edir. Ukrayna bunu haradan alıb? Xüsusilə Böyük Britaniya ilə bağlı belə bir fikir ortaya atılır ki, harada nə baş verirsə, krallığın orada barmağı var. Çönüb tarixə baxırsan: Böyük Britaniya dünənə qədər əldə etdiklərini qanla əldə edib. Böyük Britaniya hər iki dünya müharibəsinin birbaşa iştirakçısı olub. Birinci Dünya müharibəsində təkcə ada 800 mindən çox əsgər itirib, İkinci Dünya müharibəsində isə bu rəqəm 400 minə yaxındır. Ada qaliblər masasında təkcə siyasi gedişlərə görə yox, birbaşa savaşaraq oturmuşdu. İndi bunu görə bilirik? Təkrar edirəm: qaliblər masasında oturmaq üçün sahədə savaşmalısan.

Çində üç ölkə liderinin görüşü dünyanı bölmək deməkdir? Qətiyyən! Bu, o zaman bölgü anlayışına gələcək ki, tərəflər bundan sonra bir neçə dəfə də bir araya gəlsinlər. Bu görüşün ümumi nəticəsi kimi onu anlamaq olar ki, nüvə silahından heç kim istifadə etməyəcək və hər kəs maraqları uğrunda savaşını davam etdirəcək. Son dönəmlər ən çox ABŞ-nin nüvə silahından İrana qarşı istifadə edəcəyi deyilirdi. Bu görüşlə bu məsələ də ortadan qalxmış oldu. Ancaq bu görüş o demək deyil ki, ABŞ ilə İran arasında toqquşma baş verməyəcək, yaxud Rusiya Ukraynadakı müharibəni dayandıracaq. Avropa İttifaqı bəyan edir ki, Rusiya Gürcüstan və Moldovadan ordusunu çıxarsın. Rusiya da cavab versə ki, çıxarmıram, Avropa İttifaqı necə çıxaracaq o ordunu? Sanksiya ilə? BMT 4 qətnamə çıxarmışdı ki, Ermənistan ordusunu Kəlbəcərdən, Ağdamdan, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan çıxarmalıdır. Çıxardı? Azərbaycan güc yolu ilə çıxarmadı o ordunu? Dünyada nəinki indi, dünən də hər şey güc yolu ilə həll olunub, sabah da belə olacaq.

Görüş ərəfəsində Ukrayna Krım körpüsü ilə bağlı əməliyyat həyata keçirdi. Dolayısı ilə Zelenski bu addımla mesaj verirdi ki, Ukraynanı yaddan çıxarmayın, Ukraynanı müdafiə edin, Rusiyanın qarşısında dayanmışıq, zərər veririk. Ciddiyə aldılar? Ciddiyə alsaydılar, görüş bitər-bitməz Zelenski özünü Avropaya çatdırmazdı. Görüşün nəticəsində hansı fikir ortaya atıldı? Qışda enerji infrastrukturuna qarşılıqlı zərbələrin dayandırılması. Tramp isə Avropa liderlərini Ukraynaya hərbi dəstəyi dayandırmağa çağırıb. Tramp da, Putin də fərqindədir ki, Avropa ölkələri, konkret olaraq liderləri qorxurlar, ən azı bunu hiss etdirirlər. Ümumiyyətlə, Putinlə Tramp müəyyən mənada oxşar tiplərdir – yırtıcıdırlar. Trampın biznes praqmatizmi və Putinin siyasi xarakteri təsadüf deyil – onlar mənsub olduqları dövlətlərin gücə söykənən soyuqqanlı maraqlarını ifadə edirlər. Bu sistemlər və bu tipli liderlər zəifliyi, tərəddüdü bağışlamır; qorxunu dərhal duyurlar və üzərinə gedirlər. Avropa ölkələrinin bir nömrəli problemi məhz bu iradə və lider çatışmazlığıdır.

Qəbul etsək də, etməsək də, bugünün dünyasının da, gələcəyin dünyasının da nizamını müharibələr və güc həll edəcək. Hazırkı dünya deyir ki, sahədə olmalısan; sahədə olmasan, masa arxasında yox, masanın üstündə olacaqsan. Ötən dəfə də yazmışdım: zamanında müharibə qərarı alınmasaydı, Azərbaycan da (Qarabağ) masanın üzərində olacaqdı.

Dünyanın bölüşdürülməsi deyəndə bir çoxlarının ağlına sərhədlər gəlir. Qətiyyən! Hətta ola bilər ki, siyasi xəritələrdə heç böyük dəyişikliklər baş verməsin. Böyük ehtimalla müəyyən korrektələr olacaq, ancaq böyük dəyişikliklər inandırıcı deyil. Sadəcə olaraq indiki müharibələr resurslara çıxış və logistika yollarına nəzarət uğrunda gedir. Bu da o deməkdir ki, bölünmə sərhədlərlə yox, təsir dairələri ilə baş verəcək. Kobud formada belə deyək: "Gedin müstəqil-müstəqil oynayın, ancaq bizi nəzərə alın".

 

TƏQVİM / ARXİV