adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

FÜZULİ OLMASAYDI... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1144 | 2023-03-14 10:50

"Ədalət"in   baş redaktoru məni iş otağına dəvət edib bir kitab verdi. Elə otaqdaca kitabın  adını oxudum və...

Bu kitabdakı esseləri mətbuatda,xüsusilə "Ədəbiyyat” qəzetində oxumuşdum, xəbərim var idi. Amma istənilən əsəri   hissə-hissə deyil, bütövlükdə oxuyanda hadisələrin axarına uyğun olaraq əvvəldən axıra kimi müəllifin və elə o  əsərin ruhunun da yol-yoldaşına çevrilirsən. Bax, bu mənada mən Füzuli ilə əsrlərəbərabər bir yolun başlanğıcından bu gününə qədər çox ləngərli, çox tutumlu, hətta   mən deyərdim bəzən də dizlərimi titrədib, ayağımı büdrədən bir yolçuluq edəsi   oldum. Bu yol- yoldaşlığı ,tam səmimi deyirəm, mənə, düşüncələrimə, illah da ki,yurdsuzluq  yaşamış  ürəyimə baha başa gəldi. Amma ağrılara, fikir yükünün basqılarına   baxmayaraq, oxudum Füzulini. Özü də öncə   adi oxucu kimi, sonra bir addım adilikdən çıxıb dərk etməyə cəhd göstərən, sözə  könül verən kimi. Oxudum Kamal Abdullanın Füzulisini! Oxuduqca da Füzulini bu qədər  az tanıdığıma, Füzulidən bu qədər az bildiyimə üzüldüm. Çünki...

Düşünürəm ki, müdriklərin  dediyi "bilməmək eyib deyil, öyrənməmək eyibdi" kəlamı indi mənim əlimdən   tutacaq. Və bu kəlam məni həm də dərindən bilmədiyim Füzuli dünyasına doğru yönəldəcək.Baxıb görəcəm ki, öndə bir ADAM gedir. Həmin şəxs Füzulini söz-söz, misra-misravərəqləyir. Vərəqlər o qədər səssiz, o qədər ustalıqla çevrilir ki, onu oxumaq,onu izləmək mümkündür. Hələ üstəlik, o çevrilən vərəqlərdə Füzulinin bütövlüyü   işığa bürünür. O işıq da Füzuli ruhuyla, cismiylə, sözüylə birlikdə görünür.Göründükcə də sanki ətə-qana dolur... dil açır... və başlayır danışmağa.Danışdıqca da özünü ifadə edir... özünü sərgiləyir... yaddaşa hopdurur... ruha   sintez edir... canında Füzuli yenidən doğulur, dünyaya gəlir   sənin- mənim  üçün  ...

Bəlkə də sizə qəribə gələcək.Hardasa məni qınayanlar da olacaq. Amma necə deyərlər, vecimə də deyil. Çünki mən   ilk dəfə "Deyildim mən sənə mail..." fəlsəfəsini Kamal Abdullanın   yozumunda bütünlüklə həzm elədim. Anladımki, mənim, yəni Füzulinin "sənə mail deyiləm" etirafı adi   şeir misrası deyil, adi qəzəl misrası   kimi yaddaşa yazılmır. Burda neçə qat dərinlik var... burda neçə qat əlçatmazlıq  var... Və mail olmayanın yerlə göy arasında nəhayət ki, tapdığı bir nöqtə var.Ona görə də o, Füzuli fövqüylə, Füzuli hayqırtısıyla çox rahat şəkildə   pıçıldayır. Siz o pıçıltıya fikir verin...

...Deyildim mən sənə mail...

Eşidə bildinizmi? Əgəreşitdinizsə, onda akademik Kamal Abdullayla, daha doğrusu, onun şərhiylə həmfikir  olacaqsınız. Necə ki, mən bu pıçıltıdan doğulan, boy göstərən Füzulini bütöv  halda gördüm, dinlədim. Həmin o işığın içində bir ağ yol da var idi. Orada hərkəsin getmək istədiyi, amma gedə bilmədiyi, hər kəsin olmaq istədiyi, amma ola   bilmədiyi ilahi bir aşiqlik var. O aşiqlik akademik Kamal Abdullanın şərhindən  sonra mənə Füzulini ruh kimi göstərdi. Hamıya nüfuz edə bilən, özü  də hamıda zərrələri   olan ruh kimi. Düşündüm və inandım ki, akademik Kamal Abdullanın Füzulini Allah  bəndəsi - insan kimi deyil, yerlə göyün arasındakı ruh kimi görməsi ən böyük   tapıntıdı. Özü də elə bir tapıntı ki, heç kəsin cismən gedib dönmədiyi, qayıtmadığı məkandan da Füzulinin ruhu bizə qayıdıb bizimlə ola bilir. Digər tərəfdən, bu   ruh heç kimi usandırmır. Hətta bir aşiq olaraq cəfadan da bezmir, yorulmur. Ona  görə ki, o ruhun nəfəsi də, cismi də, yerişi, duruşu, nüfuz etmək qüdrəti də   Sevgidi!

 

"Mənim Füzulim"in bir  nüansı da mənim yaxamı buraxmır. O da akademik Kamal Abdullanın məni    inandırdığı daha bir gerçəkdi. O gerçəyin adı Füzulinin Səyyah olmasıdır. Elə bir səyyah  ki, hər yerə gedə bilir... hər məqamı dəyərləndirməyi bacarır... hər mənzərəni özünə və özünü də ona köçürməyi   diqqətindən yayındırmır... Eyni zamanda, bu Səyyah dayanmır, yatmır, dincəlmir.Həyatın özünü də özündə görür. Ona "tən eyləyən" qafili də, onun"əqlini zair" edəni də tanıyır. Bunların heç birinə isə iynə ucu  boyda da olsun təpki gəlmir, acı münasibət göstərmir. Çünki o, Füzulidi! İnsan   kimi, bəndə kimi çoxdan Yer üzündən köçmüş, amma şeyx kimi, ruh kimi, ŞAİR kimi bütün  zamanları keçib gələn və keçib  getməkdə də davam edən Füzuli!

Akademik Kamal Abdullanın"Mənim Füzulim" kitabındakı "Deyildim mən sənə mail"essesini oxuyarkən içimdən belə birfikir gəlib keçdi. Hörmətli Kamal müəllim bu esseni yazarkən həkimlərin istifadə   etdikləri maqqaşdan istifadə edib. Sözü, fikri bir-bir, yorulmadan, usanmadan seçib, sıralayıb. Necə ki, sovet dönəmində mətbəələrdə çap sexində hərfləri,durğu işarələrini bir-bir axtarırdılar, seçirdilər. Sonra sıraya düzüb söz,cümlə yaradırdılar. Bax, bu essenin dünyaya gəlişi də mənə o anları xatırlatdı.Çünki mən hər sözdə, hər bir vurğunun altında Füzuli işığını gördüm...

Bəli, bu mənim bir oxucu olaraqKamal Abdullanın "Mənim Füzulim" kitabındakı ilk esse barəsində   yaşantılarımdı. Və vurğulamaq istəyirəm ki, hər gün təkrar-təkrar oxuduğum bu  esselərin digərləri barəsində də yaşantılarımı oxucularımla bölüşəcəm.

 

TƏQVİM / ARXİV