adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

FUTBOLÇULAR BAHALI QULLARDI…  - Aqil ABBAS yazır

AQİL ABBAS
341 | 2022-11-14 15:16

Guya dünyada quldarlıq ləğv olunub və indi qul yoxdu. Amma əslində elə deyil, bir adamı işlədirlərsə və onun gördüyü işlər müqabilində, hətta ailəsini dolandıra bilməyəcək qədər qəpik-quruş verirlərsə, bu da qul əməyidir. Dünyanın hər yerində də var.

Bir də var bahalı qullar, bunlar da futbolçulardı. İstədikləri pulları verirlər və onlardan qul kimi istifadə edirlər. Həftədə bəzən 3 dəfə yaşıl meydançaya çıxarırlar. Ona görə də son illər nə qədər futbolçu elə meydançada da həyatını itirib, ya infarkt olub, ya da aldığı xəsarətdən futbolu ömürlük tərk edib. Bəxti gətirənlər isə 6-7 ay, 1 il meydanlardan uzaq düşür və sonda da formasını itirib gedir «Bakkuş» satmağa.

Futbol gözəlliyini itirib. İndi çeviriblər qumara. Əvvəllər futboldan ləzzət alanlar indi əzab çəkirlər. Hətta ev-eşiyini satıb futbol qumarına qoyanlar var, sonda da müflisləşib intihar edirlər. Korrupsiya futbola da ayaq açıb. Qətərdə dünya çempionatının keçirilməsi də buna bir misaldır.

Fransanın o vaxtkı prezidenti Sarkozi Qətərə 15 milyard dollarlıq təyyarə satmaq üçün UEFA-nın prezidenti Platinini yanına çağırıb göstəriş vermişdi ki, 2022-ci il Dünya çempionatını Qətərə sal. İndi bu işdə Sarkozi və Platini nə qədər pul qazanmışdı, bir Qətərin prezidenti bilir, bir də özləri.

VAR da təzə hoqqadır, guya hakim səhvini düzəldəcəklər. Amma artıq VAR-ın da necə «ədalətli» olduğu haqda müzakirələr gedir.

Və sonda. Azərbaycan çempionatı niyə keçirilmir? Niyə deyilmir Azərbaycan çempionatı? Niyə «Misli» çempionatı deyirlər?

La Liqa, Premyer Liqa, Bundes Liqa və bizdə də «Misli» Liqa…

Ötən il «Topaz» Liqa idi, bu il «Misli» Liqa, yəqin ki gələn il də «Poz Qazan» Liqa olacaq.

TƏQVİM / ARXİV