adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Filosoflar gəmisi - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
1145 | 2022-05-05 17:00

Görünür tale  məsələsidir – zamanla təkrar olunur. Rusiya azacıq qalxınmağa  başlayanda bir  zərbə mütləq gəlir və  eyni istiqamətdən gəlir. Qərb hər  zaman buna  hazır dayanıb – layihə hazırdı  hər  zaman. Çarlıq  üsulu yıxılanda Lenin  adlı  avantüristi topluma  yedirtmək lazım  idi. Heç  bir dəyişikliyə imkan  verilmədi və  Lenini  hər vəchlə təchiz  etdilər kapitalla... Lenin də  para verənlərin sözündən çıxa  bilmədi – dediklərini  həyata keçirdi... Əvvəl Vətəndaş müharibəsini  başlatdılar. Hər iki tərəf silah və ərzaqla təmin olundu. Və   “siz savaşa, biz tamaşa” prinsipi çalışmağa başladı. Ölkənin ağıllı, zadəgan, köklü nəsilləri sıradan çıxarılmağa başladı. Aşağı zümrələr  isə aclıqdan qırıldı.  Azacıq etiraz, asi, müxalif düşüncə qəbuledilməz hala  gəldi. 

Öncə ÇK (çrezvıçaynaya komissiya) repressiya  maşınını  işə saldı, sonra isə  zaman öz  işini gördü. 

1922-1923-cü illər arasında adamları  məcburi  şəkildə  ölkədən  çıxarmağa başladılar. Lenini  qəzəbləndirən Qərbin oyunları  idi – “aclıq çəkənlərə yardım” adı  altında ölkədə  qarışıqlıq yaratmaq istəyən qüvvələr daxil olurdu və  nə  şəkildəsə  bunlardan  qurtulmaq lazım gələcəkdi. İlk  olaraq gəmi və qatar yolu  ilə göndərdilər.  Simvolik olaraq “ Filosoflar gəmisi” adlandırılırdı... Pulsuz, parasız... Amma  ilk  gedənlərin  taleyi müqayisədə daha uğurlu oldu... Leninin  ölümündən sonra isə Stalinin mövqeyi güclənməyə  başladı və  zamanla baş  verənlər  məlumdu... Nə  qədər qırğınlar yaratsalar da, yenə köklü şəkildə silə  bilmədilər rus ruhunu.  Bolşeviklər “beynəlmiləl” zümrəyə aid  idi. Və  bu yığma toplum xalqın taleyini, taleyüklü məsələləri adamları ölkədən  qovmaqla, sonra isə kütləvi edamlarla həll edirdi... (Yenə adamlar Rusiyadan qaçır)... İmperiya iddiası Qərbi narahat  edir. Fərq eləmir – yenə qalxır Rusiya. Bu  dəfə SSRİ adı ilə. İkinci  Dünya Müharibəsi  ərəfəsində də yüksəliş başlamışdı...  Savaş, itkilər, dağıntılar və  yenidən sıfırdan başlamaq... Sıfırı qaldıra  bilmək bacarığı var... Bəlkə də  səbəb çoxmillətli toplumun birlikdə var ola  bilməsidir. Hər halda “Filosoflar gəmisi”ylə ölkədən  köç  edənlər həm ölkəni boş  qoydu, həm də getdikləri yerdə ölkənin emissarı olmağı bacardılar... Ən  qüdrətli, ən çevik xüsusi xidmət orqanları yarada bildilər. 

***

 ...1954-cü ilin payızında Norveçdən bir xanım SSRİ-yə gələn nümayəndə heyətinə başçılıq edir. Xanımı gəzdirirlər – gördükləri onu heyrətləndirir... Asfalt salan, yer qazan, yük daşıyan qadınları gördükcə etiraz edir – sizin bu qadınlara verdiyiniz bərabər hüquq budumu? Ona izah edirlər ki, müharibə yenicə bitib, kişilərin çoxu həlak olub, qadınlar məcburdu bu işləri görməyə. Rəsmi görüşlər bitəndə onu ölkənin gəzməli yerlərinə aparırlar və təbii ki, onları KQB-nin xüsusi qrupu müşayiət edir. Bu qrupun içində göyçək cavan oğlan da olur.  Romantik bir ortam –  Sevan gölünün sahilində həzin payız axşamı, günəş qürub edir və iki nəfər sahildə dayanıb. Qadının üşüdüyünü hiss edən kişi pencəyini onun çiyninə salır. Xanım minnətdarlıqla onun əlini sıxır, vəəəəə...... Ardını özünüz bildiniz ... Verna Herhardsen kimə təslim olduğunu anlamışdımı? Hər halda siyasətçi xanımı belə məsələlərdə daha məsuliyyətli ola bilərdi... Yəqin rəsmiyyətdən bezib və özünü hadisələrin axarına buraxmaq istəyib. O da insandı, hissləri var... Moskvadan Osloya qayıdanda xanım Yevgeni Belyakovdan (KQB zabitinin adı belə olur) xahiş edir ki, onu unutmasın və yanına gəlsin. Zabit izah eləməyə çalışır ki, özbaşına deyil, dövlət işindədi, amma cəhd edəcək... Bir il sonra xanımın əri Eynar Herhardsen Norveçin Baş naziri olur. Sovet kəşfiyyatı üçün bundan gözəl nə fürsət ola bilər??? Zabit "cəhd" edib Norveç səfirliyində ikinci katib vəzifəsinə gəlir. Və xanıma deyir ki, birlikdə keçirdikləri bütün anları çəkiblər, bundan sonra onların dediklərini eləmək lazım gələcək )))) Amma özünün bundan xəbəri olmayıb yəni… Təsəvvür edin də - Sovet səfirliyinin əməkdaşları bütün görüşlərə dəvət alırlar, ən istəkli qonaq olurlar Baş nazirin evində... Hətta NATO-nun önəmli şəxslərinə yol tapırlar (nəzərə alaq il 1955 və soyuq müharibə tüğyan edir). Xruşşova məruzə olunur ki, Baş nazirin iş otağına dinləmə cihazı qoya bilərlər. Amma o qəti etiraz edir, deyir birinci şəxslərə bunu eləmək olmaz… Ancaq Amerika səfirliyinə gedən naqilə dinləmə cihazı qoşulur. Bu arada sevgi macərası tam sürətlə davam edir. Oğlan çox boy-buxunlu olduğundan onu baqajda gizlədə bilmirlər və qadınla görüşə xüsusi düzəldilmiş oturacaqda gətirirlər. Azacıq təhlükə hiss edəndə görüş təxirə salınır. Yazılanlara görə, münasibətlər çox adi səbəbdən bitir – oğlan içib arvadını döyürmüş və bu səs-küy səfirlik əməkdaşlarını narahat etdiyindən şikayət olunur. Zabiti geri çağırırlar... Yəqin ki Norveç kəşfiyyatı bu münasibətlərdən şübhələnirmiş... Amma fakt olmayıb əllərində...  Hər halda romantik birinci ledinin sevgi hekayəsi Sovet kəşfiyyatına nə qədər yardımçı olub...
 
Bir  az şəxsi fikirləşdim... Gör  bizim kəşfiyyatçının  əlindən nə qədər belə qadınlar keçibeeee…

***

Bəzən yaradılan nağıllar həddən artıq gözəl olur... O qədər gözəl ki, şübhələnirsən. Hətta nağıl kimi ölkələrdə yaransa belə... Hazırlayırlar bir gözəli, ulduzlaşdırırlar, Oskar verirlər... Sonra şahzadə yapırlar. De Qoll dikbaşdı. Yola gəlmir. Kennedi fransız dilini öyrənməyə başlayır, xanımı da fransız əsillidi zatən... Şahzadə xanımdan da istifadə edirlər... Alınmır. Və Fransada iğtişaşlar başlayır... De Qoll istefaya gedir. Oxuyanlar bilir, bilməyənlər də oxuya bilər... Nağıl isə şahzadə xanım haqqında idi. Gərək olanda, vaxtı gələndə nağıl kimi qəza da yaradırlar. Qreys Kellinin nağılı bitir. Sonra Diana üçün də yaratdılar və bitirdilər... Bütün nağılların bir müəllifi var... Bəzən də müəllif qrupu. Müəlliflər qrupunun içində mütləq KQB də olur.
Happy end olmayan nağıl...

İkinci  Dünya Müharibəsindən sonra dünyada belə nağıllar çox yaşanıb...

Səbəb  nə  oldu çöküşə? Qarşı tərəfin dirənməyi? Ya İmperiya  iddialarının güclənməsi? Bu  iddialar məhv edir onları. Amma inanmıram KQB nağılı bitəcək. Ölkənin başında duran yaradır bu  mifləri. Xalqlar dostluğu xalqlar həbsxanasına döndü... Xalqın özü isə qeyri-fəlsəfi tərzdə qaçır ölkədən. Dönük  adı  ilə, filosof  yox... Bəlkə yeni agentura şəbəkəsi yaranacaq  yenə?

***


Yevgeni Şvartsın əsəri əsasında bir film çəkib Mark Zaxarov – «Əjdahanı öldürmək». Qısacası belədi. Bütün günü özünü xoşbəxt göstərən şəhər əhalisinə bir əjdaha qənim kəsilir. Lanselot adlı bir cəngavər əjdahanı öldürmək qərarına gəlir. Əjdaha onu yanına çağırıb deyir ki, bunu niyə eləyirsən, görmürsənmi onlar öz hallarından necə xoşbəxtdilər? Mənəviyyatları necə şikəstdi? Lanselot deyir ki, onları şikəst eləyən sənsən, mən səni öldürəcəm və hamı xilas olacaq. Əjdahayla vuruşur və qələbə çalır. Bütün şəhər toy-bayram eləyir və şəhərin burqomisterinə dua eləyirlər ki, əjdahanı o öldürüb. Lanselot deyir ki, axı siz gördünüz, o əjdahanı mən öldürdüm?! İnsanlar cavab verirlər ki, bunu biz evdə deyə bilərik, küçədə yox. Və Lanselot başa düşür ki, insanların hərəsinin içində bir əjdaha var, o, həmin əjdaha ilə mübarizə aparmalı, onu öldürməliymiş. Burda hər adamın içində bir əjdaha var və o əjdahaları bir-bir öldürmək mümkün deyil.
 

Deyəsən, bunu demək istəyirdim…


 

TƏQVİM / ARXİV