adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Bizə savad lazımdı, yoxsa diplom?!

FAİQ QİSMƏTOĞLU
1055 | 2021-11-29 12:04

...Savadsız adam mənən kor, kar və lal olur. Yəni, bu adamın dünyadan xəbəri qətiyyən olmaz. Və olsa da elə-belə olar. Yəni, kimsə desə ki, qatıq qaradı, o dəqiqə həmin adam deyəcək ki, qatıq əlbəttə, qaradı. Yaxud, bir başqası bildirsə ki, qatıq qara yox, yaşıldı, yenə o deyəni deyəcək. Başqa biri Allahını danıb səsləndirsə ki, balam, qatıq nə qaradı, nə ağdı, nə də yaşıldı, qatıq qıpqırmızıdı. Və həmin adam yenə deyəcək ki, bəli, bu insan düz deyir, qatıq qıpqırmızıdı. Çünki qatığın ağ və qara olmasını həmin savadsız adam heç cür anlayıb başa düşə bilməz. Ən azından ona görə ki, o, özü bilmir ki, qatıq ağdı, yoxsa qara...

...Bizim millət təhsil almaq yox, diplom almağı daha çox düşünüb və bu gün də elə-belə düşünənlər var. Yoxsa əksər adamlar ölkədə və xaricdə qeyri-qanuni yolla qəbul aparan ali məktəblərdə «oxumaz» və oranın diplomunu almazlar. Axı biz diplom sevən millətik. Sovet dönəmində bu diploma çox böyük önəm verirdilər. Çünki diplomun vardısa, birinci onu səndən soruşurdular. Deməli, işə girmək asan olurdu. Savad isə bir o qədər tələb olunmurdu, yəni, əsas məsələ savad yox, diplom idi. Diplomsuz adamı heç bir vəzifəyə qoymazdılar. Hətta hansısa bir adamın qapısına elçi gedəndə soruşurdular ki, oğlanın diplomu var, ya yox?! Diplomu vardısa, qızın «hə»sini elə həmin an verirdilər. Bilirdilər ki, diplomu varsa, bu gün, sabah işi də olacaq...

Bax, Sovet dönəmində bu diplom məsələsi çox böyük önəmli əhəmiyyət kəsb eləyirdi. Hətta müstəqillik dövründə də diplom öz sözünü deyirdi. Ona görə də bizdə əksər insanlar övladlarına təhsil verməkdən öncə diplomu almaq istəyirdilər. Biz o qədər qəribə millətik ki, rüşvət veririk, pul veririk ki, bizim övladlarımıza diplom verin. Ancaq təhsil bizi bir o qədər də maraqlandırmır və bu diplomlu gənclər də bu gün çox yerlərdə işləyirlər. Bunun əziyyətini isə bu xalq, bu millət çəkir. Çünki onları başa salana qədər adamın özü az qala havalana...

Həmin gəncin diplomu var, savadı yoxdu. Savadı olmayan adamla da danışmaq çox çətin olur. Eşşəyə başa salmaq olur, amma o savadsız adamı başa salmaq müşkül məsələyə çevrilir. Məsələn, eşşək bir dəfə palçığa batır, ikinci dəfə nə illah eləsən də, o palçığa girməz. Amma savadsız adam nəinki ikinci, üçüncü dəfə, elə tutduğu vəzifədə ömrünün sonuna qədər cahilliyini göstərəcək və qarşısındakı insana dəyər verə bilməyəcək.

Artıq biz Avropaya, Amerikaya üz tuturuq. Çünki məmləkətimizdə çox istedadlı, savadlı və zəhmətkeş gənclər var. O gənclər diplom dalınca yox, elm, savad dalınca, adını çəkdiyimiz yerlərə üz tuturlar. Düz də edirlər. Çünki dünyanın gələcəyini yalnız və yalnız elm müəyyənləşdirəcək. Hansı millətin ki, dünya səviyyəsinə çıxa bilən savadlı, bilikli və istedadlı gəncləri var, onlar da dünyaya hökmranlıq edəcəklər. Elmin hökmranlığı bütün silahlardan və var-dövlətdən üstündür və nə yaxşı ki, bizdə bu yolu tutan, bu yolla gedən gənclər var...

Mənim bir əmim nəvəsi var – Hüseyn Hüseynov. Bu il 630 balla ADA Universitetinin perstijli bir fakültəsinə daxil olub. Bax, bu cür gənclər dünyaya açılan pəncərədən Avropa təhsilinin həm ab-havasını hiss edəcək, həm də gələcəkdə millətinə, xalqına vicdanla, namusla xidmət göstərəcəklər. O gənclər ki, Avropa təhsilinə uyğun savad alırlar, onlar gün işığı kimidir və bu

millət üçün bütün təbii sərvətlərdən – neftdən, qazdan, qızıldan da qiymətlidirlər. Belə ki, neft, qaz nə vaxtsa tükənə bilər, amma onların beyninin işığı, elminin nuru heç vaxt tükənməyəcək. Həmişə əmim oğlu Ramilə deyirəm ki, imkanın varsa, o uşağı göndər gedib Avropada təhsil alsın. Çünki Hüseyn ingilis dilini və eləcə də bir neçə əcnəbi dili çox gözəl bilir. Bu yaxınlarda bir status yazmışdım. Çoxları da onu oxuyub. Bir daha həmin statusu xatırlayıram: «Övladlarınıza ev, maşın almayın, öncə onlara savad, təhsil verin!. İmkanınız varsa, Avropada, Amerikada oxudun. Evin, maşının pulunu onların təhsilinə xərcləyin. Sonradan onun xeyrini on qat görəcəksiniz. İnanmırsınız? Sınayın!!!»

Sözümüzün canı ondan ibarətdir ki, başqa millətlər elm dalınca gedəndə biz isə ya xoruz döyüşdürmüşük, ya da it boğuşdurmuşuq. İndi nə yaxşı ki, xoruz döyüşdürənlərimizin və it boğuşduranlarımızın sayı azalır. Və gec də olsa anlayırıq ki, balam, bizə xoruz döyüşdürmək, it boğuşdurmaq lazım deyil. Bizə elm lazımdır. Və bizə diplom da lazım deyil. Amma təəssüf ki, bunu anlayanlar çox deyil, azdı. Az da olsa, min şükür! Çünki artıq bu millət yüz ilin, min ilin yuxusundan oyanıb və özünü dərk edib. Özünü dərk edən millətin isə axırı tərəqqi və inkişaf olur.

Bir az da özümüzü silkələməliyik, bir az da dərindən düşünməliyik ki, övladlarımıza elm, təhsil, savad verək. Onlara qiymətli maşınlar, ev almaq haqqında az düşünək. Belə ki, həmin savadı Avropada və digər inkişaf eləmiş ölkələrdə alandan sonra o gənclər yeni düşüncə ilə ölkəyə gələcək, rüşvətə, pula meyl eləməyəcək və vətənə xidmət eləyəcəklər. Evi də, maşını da öz halal pulu ilə ala biləcəklər. Mən belə gənclərə çox böyük ümid bəsləyirəm. Onlar gün işığı kimidi. Nə vaxtsa, o gün işığı bu xalqın və bu millətin üstünə düşəcək...

TƏQVİM / ARXİV