adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Sayğac oyunu

FAİQ QİSMƏTOĞLU
538 | 2022-01-17 12:37

... Bu, elə bir oyundur ki, camaatımız o tamaşanın tez-tez şahidinə çevrilir. Məsələn, camaatımız görür ki, 3-4 ildən bir və bəzən də daha tez «Azəriqaz» köhnə sayğacları çıxarıb yenilər ilə əvəz edir. Buna bəzən insanlar sevinir, bəzən də dilxor olur. Sevinirlər ki, bəlkə yeni sayğacların quraşdırılması onların işini asanlaşdıracaq, əlavə xərcə düşməyəcəklər. Amma elə ki, görürlər sayğac dəyişdi, onların işi bir qədər də ağırlaşdı. Yəni, yeni sayğaclar əvvəlkindən o qədər də keyfiyyətli olmadı. Başqa sözlə demiş olsaq, bu sayğaclar əhalinin xeyrinə yox, ziyanına işləyir. Məsələn, bir vaxtlar Bakıda hər evdə, mənzildə, mexaniki sayğaclar quraşdırıldı, inanın o mexaniki sayğaclar ancaq camaatı aldatmağa xidmət edirdi. Elə biri bizim özümüz. Məlum olurdu ki, mexaniki sayğaclar həddindən çox abonentin ziyanına işləyir. Yəni, biz ayda 4 manat ödəmək əvəzinə, 7-8 manat pul ödəməli olurduq. Bunu çoxları yaxşı bilir.

Son 2-3 ildə Yeni Günəşlidə, elə bizim yaşadığımız 13 nömrəli binada bütün mənzillərin blokunda smartkart sayğacları quraşdırılıb. İnsaf naminə deməliyik ki, bu sayğaclar mexaniki sayğaclardan daha yaxşı işləyir. Yəni, abonentlərə mexaniki sayğaclarda olduğu kimi, nəzərdə tutulanlardan çox qaz pulu gəlmir. Məsələn, bizim özümüz bu sayğaclardan istifadə edirik. Bir ayda uzaq başı 5 manat karta pul yükləyirik. Və o 5 manat bizə bir ay çatır. Amma əvvəllər 7-8 manat pul ödəyərdik.

Həmişə sanki kimlərsə bu xalqdan, bu millətdən işlətmədiyi qazın, işığın, suyun, istiliyin pulunu almaq istəyirlər. Və hər dəfə də fikirləşib bir sayğac oyunu qururlar. Məsələn, «Azərsu» sayğacları dəyişdi və bu sayğaclar elə işləyirlər ki, ancaq abonentlərin zərərinə olur. Əvvəlki sayğaclar işləyəndə biz ayda suyun pulu qalxmamış öncə 5-6 manat pul ödəyirdik. İndi bir neçə ildir ki, suyun pulu yüz faiz qalxıb və kubu olub 1 manat. Biz də 3 nəfərik. Hər ay 22-25 manat arasında pul gəlir. Təkcə dekabr ayında 17 manat pul ödədik. Amma buna çox sevindik. Çünki noyabr ayında 25 manat pul ödəmişdik. Bax, belə-belə əlləm-qəlləm işlərin nəticəsidir ki, insanların bizə xidmət edən qurumlara bir o qədər də inamları qalmayıb.

İndi qayıdaq, smart tipli sayğacların mexaniki sayğaclara əvəz olunmasına. Bütün abonentlər deyir ki, smart tipli sayğaclar bizim üçün çox sərfəlidir. Amma nə olsun? Bu məlum qurum üçün sərfəli deyil. Çox fikirləşib, çox düşünəndən sonra belə qərara gəliblər ki, smart tipli sayğacları mexaniki sayğaclarla əvəz eləsinlər. Sərf eləmirəmsə, artıq bu işə başlanılıb. Ay qardaşlar, ay vəzifə sahibləri, ay məlum qurumun rəhbərləri, ölkəmiz müharibə şəraitindədir. Dövlət vaxtilə milyonlarla pul xərcləyib binalarda smartkart sayğacları quraşdırıb. İndi sizə nə düşüb ki, iqtisadi cəhətdən dünyanı böhran ağzına götürdüyü bir dövrdə, pandemiyanın tüğyan etdiyi anda iki daşın arasında bu sayğac oyununu davam etdirəsiniz?! Bəlkə də hansısa məmura, hansısa qurumun rəhbərinə bu sayğac oyunu sərf edir. Ancaq Allaha and olsun, nə dövlətə, nə də əhaliyə bu yeni sayğacların quraşdırılması heç cürə sərfəli deyil. Çünki sözün açığı, camaat deyir ki, yeni sayğacları ona görə quraşdırırlar ki, məlum qurumlar bizdən daha çox pul qoparsınlar.

Onsuz da bu yazıq camaatın qazandığı pul ya kommunal xərclərə gedir, ya da ərzaq və qida məhsullarına. Biz hələ onu demirik ki, kimsə orta səviyyəli dolanışıqla yaxşı yaşayacaq, geyinib- keçinəcək, özünə maşın, ev alacaq. Bunlar mümkün deyil. Heç olmasa, camaatın aylıq qazancı, təqaüdü və müavinatı kommunal xərclərə və yeyib-içməyə çatsa, min şükür!

Amma bu cür sayğac oyunu ilə çətin ki, orta təbəqənin adamları aldıqları o məvacib, təqaüd və müavinatlarla normal dolana bilsinlər. Əgər xidmət sahələri camaatı işlətmədiyi enerji daşıyıcıları ilə, məsələn, işıqla, qazla, su ilə, istilik ilə əlavə yükləməsələr, o pulla da birtəhər yaşamaq olar. Təki Allah-Təala müxtəlif xidmət sahələrinə bir insaf versin ki, camaata işlətmədiyi enerji daşıyıcılarının pulunu yükləməsinlər...

TƏQVİM / ARXİV