adalet.az header logo
  • Bakı -°C

Faiq QİSMƏTOĞLU: SAĞLAMLARI “ƏLİL”, XƏSTƏLƏRİ ZƏLİL ELƏYƏNLƏR

FAİQ QİSMƏTOĞLU
45122 | 2019-01-22 18:32
A- A+

Bu gün kimdən soruşsan əvvəllər əlillik dərəcəsinin verilməsində üzləşdiyi süründürməçilikdən, haqsızlıqdan və özbaşınalıqdan istənilən qədər danışa bilər. Ən çox da o adamlar danışa bilər ki, onlar əlillik dərəcəsi almaq üçün bir vaxtlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yaradılımış Həkim Tibb Komissiyasına gedib gəlməkdən ayaqları qabar olub. İki əli, iki ayağı, iki gözü olmayan xəstəyə də bəzi hallarda ədalətli yanaşılmayıb və onlar illərlə süründürülüb. Bu haqsıqlıq, bu ədalətsizlik tək bir yerdə deyil, respublikamızın rayonlarında fəaliyyət göstərən və əlillik dərəcəsi verən Həkim Tibb Komissiyalarının əksəriyyətində baş verib.

İnsanlar var ki, sağlam ola-ola əyri yolla, lap xalq dilində demiş olsaq, o komissiyalara pul verib bir neçə həftənin içərisində yüksək dərəcəli əlillik hüququ qazanıblar və yaxşı da təqaüd alıblar. Xəstələrsə aylarla, illərlə bayaq dediyimiz kimi, o qapıların ağzında qalıb, halal haqlarını qazana bilməyiblər. Mən ailə tanıyıram ki, onun 5-10 il bundan qabaq bütün üzvləri sağlam ola-ola pul verib əlillik dərəcəsi alıblar. Amma xəstələr isə get-gələ salınıb və incidilib.

Bu yaxınlarda səhiyyə naziri Oqtay Şirəliyev əlillik dərəcəsinin verilməsi ilə bağlı öz fikrini səsləndirib. Nazir deyib: "Bu il əlilliklə bağlı problemlərin, narazılıqların aradan qaldırılması üçün işlər görülüb, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası yaradılıb və araşdırmalar aparılıb. Doğrudur, səhiyyə işçilərində də müəyyən problemlər var. Amma əvvəllər təxminən 50 faiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib. Biz bunları araşdırmışıq və o nazirliyə müraciət etmişik”.

Həmin fikirləri adi insan deyil, səhiyyə naziri hörmətli Oqtay Şirəliyev səsləndirib. Bizim belə xalq deyimimiz var: "Elin sözü əvvəl-axır düz olur”. Camaat isə deyirdi ki, 90 faiz insana saxta yolla əlillik dərəcəsi verilib. Cənab nazir də bildirir ki, 50 faiz xəstə insana əlillik dərəcəsi verilməyib. Göründüyü kimi, rayonlarda və Bakıda fəaliyyət göstərən Həkim Tibb Komissiyaları hər şeyi öz arşınları ilə ölçüblər. Bu da elə-belə başa gəlməyib. Yəni sağlam adamlara əlillik dərəcəsi veriləndə camaatın dediyinə görə, 3000 manatdan 5000 manata qədər pullar alınıb. Bunu da hesablayanda yüz milyonlarla pul eləyir. Bu yüz milyonu da heç vaxt həkimlər və komissiya üzvləri "tək yeyə” bilməzlər. Yəni onlara "qorxma” deyənlər olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin apartdığı yoxlama nəticəsində 1055 nəfərə saxta əlillik dərəcəsi verilməsi faktı üzə çıxıb. Bu faktı da Səhiyyə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni yaradılmış birgə komissiyası aşkarlayıb. Həmin şəxslərin əlillik dərəcəsi ləğv olunub və ödənilmiş 3 milyon vəsait o şəxslərdən tutularaq geri qaytarılıb. Bunlar dövlət vəsaitinin dağıdılması və korrupsiya faktıdır. Çünki ayrı-ayrı Həkim Tibb Komissiyalarının bilərəkdən sağlam adamlara əlillik dərəcəsi verilməsi cinayət tərkibi yaradır və həmin sənədlərə imza atmış şəxslər bu cinayətdən yaxa qurtarmamalıdılar.

Saxta əlillik dərəcəsinin verilməsi prosesi üç mərhələdə davam edib: birinci mərhələ xəstəxana şəraiti, ikinci mərhələ poliklinika, üçüncü mərhələ isə mərkəzi həkim tibb komissiyalarıdı! Bu mərhələnin hər birində epiqris yazan həkimdən tutmuş, anketi dolduran və rəy verən poliklinika həkimi, eləcə də tibb komissiyasının sədri bir-birilə birmənalı olaraq əlbir olublar. Bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, cinayəti törədən şəxslər məsuliyyətdən kənarda qalmamalıdılar.

Heç kimə sirr deyil ki, bu cinayətləri uzun müddət çox vəzifəli şəxslər görüb, göz yumub və onu ört-basdır ediblər. Və bu gün yeni nazir, prezidentin güvəndiyi Sahil Babayev cəsarətli bir addım ataraq bu cinayətlərin üstünü açır. Bu cinayətlərin üstünün açılması onu göstərir ki, nazirlik əlillik dərəcəsinin verilməsində obyektivliyi və şəffaflığı təmin etmək istəyir. Bunların hamısını alqışlamaq olar. Amma gəlin onunla razılaşaq ki, Həkim Tibb Komissiyalarlında işləyənlərin çoxu əvvəllər bu cinayətə əl qoymuş və iştirak etmiş adamlardılar. Hətta onların eləsi var ki, rayonda komissiya sədri işləyib, bu gün də baş həkim vəzifəsini daşıyır. Saxta əlillik dərəcəsi ver, sonra o pullarla gəl çıx baş həkim kreslosuna. Camaat da deyir ki, həmin komissiya sədri rayonda sağlamların əksəriyyətinə əlillik dərəcəsi verdirib. İndi də baş həkim işləyir. Biz bundan hansı haqq-ədaləti gözləyəcəyik?!

Əvvəllər dəfələrlə biz də bir jurnalist olaraq əlillik dərəcəsinin hansı çətinliklə verilməsinin şahidi olmuşuq. Sadə şizofriniyadan 5 il müalicə olunan, ancaq sağalmayan xəstəyə əlillik dərəcəsi vermirdilər. Deyirdilər ki, gedib bir az da müalicə olunsun. Axırıncı dəfə də həmin adamın sənədləri mərkəzi tibb komissiyasından geri qaytarılmışdı. Valideynlərini ikinci dəfə komissiyaya ərizə yazıb müraciət edəndən sonra hansısa vicdanlı həkimin rəyi əsasında həmin xəstəyə ikinci dərəcəli əlillik verildi. Amma poliklinikada da ondan yüz bəhanə ilə pul qoparmışdılar. Elə bir "qanun” var idi ki, xəstə olsan da mütləq hərləyib-fırlayıb səndən bir şey qoparmalıydılar.

Bir dəfə də Suraxanı rayonu Həkim Tibb Komissiyasında bir həkim vardı, səhv eləmirəmsə adı Katib idi. Xəstələr onun əlindən boğaza yığılmışdı. Əsl əlillik dərəcəsi düşəni süründürməçiliyə salır, pul almasa, o dərəcəni verməzdi. Varikoz xəstəliyindən əməliyyat olunmuş iki ayağı 6-cı dərəcəli ağır xəstə olan bir xanımı illərlə get-gələ saldı. Ondan da 1000 manat qoparandan sonra o dərəcəni verdi. Bax, əvvəllər demək olar ki, həm xəstələrdən, həm də sağlam insanlardan pul alaraq əlillik dərəcəsi verilib.

İki barmağı olmayan yaxın tanışlarımdan biri deyir ki, 10 il bundan qabaq həkim komissiyasının yanına getmişdim, əlillik dərəcəsi almaq istəyirdim. Komissiyanın sədri gülə-gülə mənə dedi ki, biz xəstələrə yox, sağlamlara əlillik dərəcəsi veririk. Razı olmarıq ki, sənin kimi xəstə müalicəsiz qalsın. Biz səni müalicə edəcəyik, axırı da yaxşı olacaq. Mən də dedim ki, ay həkim, barmaqlarım bitəcək? Dedi yox, bitməyəcək! Əgər bitməyəcəksə, onda əlillik dərəcəsi verin. Bax, onda həkim susdu...

Xəstəni görmədən əlillik dərəcəsi təyin etmək o qədər asan deyil. Bilmirəm, indi necədir, amma epiqrizlə xəstəyə əlillik dərəcəsi vermək bir o qədər də adalətli deyil. Çünki ən yaxşısı o xəstəni komissiyada görmək və bundan sonra ona əlillik dərəcəsi təyin etməkdi. Hər halda, yeni nazir bu məsələlərə çox böyük önəm verir və əlilliyin təyin edilməsində haqq-ədalətin, şəffaflığın qorunmasını diqqət mərkəzində saxlayır.

İnsanlar öz haqlarını, ədalətlərini tələb edirlər. Onlar arzulayırlar ki, əvvəllər olduğu kimi, Həkim Tibb Komissiyalarının qarşısında həftələrlə, aylarla vaxt itirməsinlər və öz halal haqlarını ala bilsinlər. Çünki onların bu gün yaradılmış şəffaflığa və obyektivliyə çox böyük inamları var. Bax, o inamları qırmaq və məhv etmək olmaz. Və cəmiyyətimizdə unutmaq olmaz ki, kifayət qədər namuslu, vicdanlı məmurlar da var.


TƏQVİM / ARXİV