adalet.az header logo
  • Bakı 18°C

Faiq QİSMƏTOĞLU: Kim qazana, kim yeyə...

FAİQ QİSMƏTOĞLU
599 | 2022-05-31 12:19

...Halal zəhmətlə, alın təri ilə pul qazanmaq, çörək qazanmaq elə də asan deyil. Çünki halal zəhmətlə evinə çörək pulu aparan adamlar bütün günü əlləşir, vuruşur, əziyyət çəkir və sonda da ailəsinə bir tikə halal ruzi aparır. Və belələri o halal ruzini çox rahatlıqla və sakitliklə yeyir. Yəni başqa sözlə demiş olsaq, həmin ruzi balıq sümüyünə dönüb onların boğazına batmır.

Amma elə adamlar da var ki, həyatı, ömrü haramlıqdan yoğrulub. Belə ki, həmin adamlar alın təri ilə, zəhmətlə deyil, kiminsə ilboyu qazandığı halal ruzini onun əlindən alaraq yeyir. Düşünür ki, bu, elə ən yaxşı çıxış yoludur. Nə əziyyət çəkirsən, nə tər tökürsən, nə də 10-12 saat əlik-dəlik olursan. Ancaq onu düşünmürlər ki, bu haram yolla qazanılan pul və ruzi gec-tez onların burunlarından töküləcək və həmin adamlar çox çıxılmaz vəziyyətə düşəcəklər.

Nəyə görə bu fikri səsləndirirəm?! Ona görə bu fikri qabardıram ki, bu gün də ölkəmizdə başqasının alın təri ilə qazandığı pulu, ruzini əlindən alıb yeyən adamlar heç də az deyil. Çox uzağa getməyək, ilboyu kəndlərdə, rayonlarda əziyyət çəkib yer şumlayan, məhsul əkən, mer-mevyə becərən, tərəvəz məhsulları yetişdirən adamlar qəpik-quruş qazanırlar, sahədən gəlib onlardan su qiymətinə o məhsulları alan işbazlar isə qaz vurub, qazan doldururlar.

Heç də uzağa getməyək. Mənim tanıdığım bir market sahibi var. Gedib topdansatış mərkəzlərindən kartofu, soğanı, meyvə-tərəvəz məhsullarını, məsələn, kiloqramını çox ucuz qiymətə alır və gətirib o marketdə 6-7 dəfə baha qiymətinə satır. Almanı, gilası, gilanarı və eləcə də digər meyvələri marketdə yerləşdirərək kiloqramını üç-dörd manatdan on manata qədər satışa çıxarır. Biz demirik ey, kimsə pul qazanmasın. Kim halal yolla pul qazanırsa, halal xoşu olsun. Amma bu yolla pul qazanmaq heç də halallıq deyil. Həmin adam son vaxtlar 3-4 mənzil və 3-4 də bahalı maşın alıb. Bəs görəsən o məhsulları əkib-becərən, əli qabarlı kəndli nə qazanıb? O da heç olmasa özünə bir gün ağlaya bilibmi? Yarımçıq evini tikib başa çatdırıbmı, ya da Sovet istehsalı olan və sökülüb-dağılan «Jiquli»sini dəyişə bilibmi? Mən belə zəhmətkeş insanları yaxşı tanıyıram və bir neçə qohumum da var. Onlar ancaq əkib-becərdikləri və satdıqları məhsulla şələlərini sudan güclə çıxarırlar. Yəni ilboyu tər tökür, əziyyət çəkir, ancaq onun xeyrini görə bilmirlər. Onların xeyrini ayrı-ayrı işbazlar görürlər.

Bu gün də bazar-dükanlarda qiymətlər od tutub yanır. Gilasın, gilanarın bir kiloqramı 6 manat və 10 manat arasındadır. Göyçə alçaı 3-4 manatdan aşağı düşmür. Amma həmişə bu vaxtı qiymətlər bu qədər kəllə çarxa çıxmamışdı. Onda da işbazlar var idi, onda da həmin adamlar at oynadırdı. Ancaq indi onlar əməlli-başlı meydan sulayırlar və qabaqlarını da heç kəs ala bilmir. Bilirsiz niyə? Çünki Bakıda və digər yerlərdə cəmi 3-4 topdansatış mərkəzi var və həmin topdansatış mərkəzlər də nə mənə məxsusdu, nə Xalaoğlu Tərxana, nə də cındırından cın hürkən Əliş kişiyə. Onlar hamısı ayrı-ayrı oliqarxlara və böyük biznes şəbəkəsi olan insanlara məxsusdu.

Təbii ki, kənddən gələn məhsullar ən azından 3-4 əldən keçir. Və bu 3-4 əldən keçəndən sonra qiymət də 1-2 manat bahalaşır. Məsələn, kənd yerində sahədə soğanın kiloqramını 20-30 qəpiyə, xiyarı 15 qəpiyə, kartofu 40 qəpiyə və eləcə də göy-göyərtinin bir dəstəsini 3 qəpiyə almaq olur. Amma burda göyün bir dəstəsini 15-20 qəpikdən aşağı satmırlar.

Kənd Təsərrüfatı Nazirliyi camaatın gözünə kül üfürməklə məşğuldur. Onların həyata keçirdiyi «islahatlar» heç bir bəhrə verməyib. Bilmirik, onlar xalqı və milləti, dövləti niyə aldadırlar? Hər həftə Bakının bir neçə yerində «Kənddən şəhərə» devizi altında yarmarkalar keçirilir. O yarmarkalar kimə lazımdır? Əgər orda qiymətlər bazardakından bahadırsa, təbii ki, istehlakçılar ora üz tutmayacaqlar. Ən yaxşı halda alıcılar gedib bu qiymətlərə baxacaq, sonra da ordan uzaqlaşıb bazarlara üz tutacaqlar. Çünki 8 km bazarında mer-meyvənin, bostan-tərəvəz məhsullarının qiyməti həmin yarmarkalarla müqayisədə dəfələrlə ucuzdur.

Ancaq başa düşmürük ki, Kənd Təsərrüfatı Nazirliyi bu yarmarka «oyunu»nu nə vaxta qədər davam etdirəcək. Yarmarkanın bir şeyə xeyri var; o da onu açanlara və təşkil edənlərə aiddi. Demək yarmarkanın xeyri sadə insanlar deyil, o yarmarkanı idarə edən adamlar görürlər.

Əgər doğurdan da Kənd Təsərrüfatı Nazirliyi ucuzluq yaratmaq istəyirsə, Sovet dövründə gözəl bir sistemi vardı: dövlət kooperativ ticarəti. Həmin qurum kəndlərdən pomidoru, xiyarı, kartofu, meyvə-tərəvəz məhsullarını çox ucuz qiymətə alıb gətirirdi və imkansız adamlar da gedib o məhsulları alırdılar. Məsələn orda xiyarın 1 kiloqramı 15 qəpik, pomidor 20 qəpik, kartof 15 qəpik və digər bostan-tərəvəz məhsulları da su qiymətinə satılırdı. İmkanlı adamlar gedib bazarlardan baha qiymətə məhsul alsalar da, amma kasıb insanlar o kooperativ köşklərdən çox ucuz qiymətə həmin məhsulları alıb gətirib yeyirdi.

İndi Kənd Təsərrüfatı Nazirliyi həmin sistemi bərpa etsə, görün bunun millətə və xalqa nə qədər xeyri dəyər. Həm ucuzluq olar, həm də arada milyonlar qazanan işbazlar geri çəkilər və nəticədə isə o addımın əhaliyə və dövlətə çox böyük xeyri ola bilər. Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi belə bir təşəbbüslə və yeniliklə çıxış eləmir. Sadəcə olaraq köhnə metodlardan və görüntülərdən istifadə edərək bir mənzərə yaradıb. O mənzərəni də yarmarkalarda görən adamlar istər-istəməz ordan uzaqlaşır və heç kimə, heç kəsə etibarı və ümidi qalmır.

Bu gün dünyanın hər yerində bahalıqdır. Xaricdən gətirilən məhsulları deyə bilmərik. Amma ölkəmizdə istehsal olunan məhsulların qiymətini aşağı salmaq mümkündür. Ən azından topdansatış mərkəzlərini çoxaltmaqla və aradakı işbazları uzaqlaşdırmaqla. Amma sadəcə olaraq bu, kimlərəsə sərf etmədiyi üçün həmin addımı atmaq istəmirlər, bazarlarda, marketlərdə qiymət artımına süni şərait yaradırlar.

Süni qiymət artımı isə həm dövlətə, həm də xalqa xəyanətdir. Ona görə də kimsə məhsulu əkirsə, becərirsə, onun xeyrini ilk növbədə həmin adamlar görməlidir, nəinki işbazlar və topdansatış mərkəzləri. Hər halda, görünən odur ki, bu gün ölkəmizdə yerli məhsulun istehsalında çox bahalıqdır və süni qiymət artımı ilə bağlı dövlət qurumları hələ ki elə bir ciddi addım ata bilmir.

TƏQVİM / ARXİV