adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Dünyanın ən təmənnasız rəssamı

FAİQ QİSMƏTOĞLU
588 | 2022-07-13 12:04

Bu Şəki rayonunda anadan olmuş və bu gün Göygölün Murovdağ qəsəbəsində yaşayan Tural Qələndər oğlu Səlimzadədir

 

...Şəhidlər bizim and yerimiz, müqəddəs ocağımız, xalqımızın və millətimizin başını uca edən igid oğullarımızdı. O şəhidlər ki, onlar qan töküb işğal altında olan bütün torpaqlarımızı azad elədi. O şəhidlər ki, bu gün torpaqdan gül kimi, çiçək kimi, palıd kimi, çinar kimi boylanır... Boylanır və bir daha özlərini bu Vətənə, bu millətə sədaqətli olduğunu təsdiqləyir...

Mənim bir şəhid bibim nəvəsi var – Elçin Tehran oğlu Süleymanov! O, 2020-ci ilin sentyabrın 30-da Cəbrayılın azad olunması uğrunda gedən qanlı döyüşdə qəhrəmancasına həlak olub. Elçin kimi oğullar şəhid oldu. Bayaq dediyimiz kimi, işğal altında olan bütün torpaqlarımız azad edildi. O torpaqları Elçinlər yağı düşməndən geri aldılar...

...O torpaqları Elçinlər öz qanları ilə suvardılar və o torpaqlar da bizim üçün çox müqəddəs oldu. Elçin Süleymanov Qarabağ uğrunda gedən döyüşlərdə «Cəbrayıl uğrunda», «Cəsur döyüşçü», «Vətən uğrunda» və «Füzuli uğrunda»  medalları ilə ölkə Prezidenti İlham Əliyev tərəfindən təltif edilib.

Atası Tehran Süleymanov o, şəhid olandan sonra özünə heç cürə yer tapa bilmir. Deyir ki, təsəlli olaraq Elçinin bir ev muzeyini yaratmaq istəyirəm. Bu arzu mənim bibim oğlunun çoxdan ürəyində özünə yer salıb. Amma öz muzeyini yaratmamışdan öncə Elçinin portretini çəkə biləcək rəssamın sorağında olublar. Oğlu Telman axır ki, sosial şəbəkədə belə bir rəssamın olduğunu axtarıb tapır və onu   Bəhmənliyə dəvət eləyirlər. Bu rəssam əslən Şəki şəhərində anadan olan, sonradan isə Göygöl rayonunun Murovdağ qəsəbəsində məskunlaşan Tural Qələndər oğlu Səlimzadədi. Və Tural öz həyat yolunu çox qəribə bir seçim üstündə qurub. O, onlarla şəhidimizin portretini yaradır və onlardan heç bir təmənna ummadan bu işi başa çatdırır. Hətta şəhid ailələri nə illah eləsə də, Tural ona verilən zəhmət haqqından imtina eləyir. Ən yaxşı halda işlətdiyi boyaların, rənglərin, fırçanın və digər portret üçün lazım olan ləvazimatların pulunu götürür. Heç onu da götürmək istəmir. Amma şəhid ailələri bir halallıq üçün və övladlarının ruhunun sakitliyi üçün bu pulu ona zorla verirlər...

Tural Bəhmənliyə gəlir və orda şəhid Elçin Tehran oğlu Süleymanovun portreti üzərində işləyir. O, Elçinin portretini yaradarkən o qədər incəliklə və o qədər zərifliklə iş görür ki, adam o portretə baxanda bilmir ki, bu portretdir, yoxsa Elçinin özü! Tural portreti çəkərkən həmin anları şəhid atası, şəhid anası və şəhid qızı Xalidə də izləyir. Və körpə Xalidə atasının qey     ri-adi portretinə baxıb onu qucaqlayır və hətta öpür. Elə bilir ki, atası bu dəqiqə onunla danışacaq, bağrına basacaq, atıb tutacaq, sonra da gəzməyə aparacaq. Əllərini atasının portreti üzərində gəzdirən balaca Xalidə sanki bundan bir təsəlli tapır...

Belə xeyirxah işləri görmək, insanların yaralı qəlbinə məlhəm qoymaq hər rəssamın işi deyil. Bu o rəssamın işidir ki, o vətənpərvərdir, xalqı və milləti üçün döyüşüb şəhid olan igidlərimizə öz hədiyyəsini bağışlamaq istəyir. Tural Elçinin portreti üstündə işləyərkən onun, hətta gözünün dərinliyinə, kipriklərinə, çöhrəsindəki cizgilərə və alnındakı qeyri-adi izlərə belə diqqət yetirir və onu gözəl bir portretə çevirir. Rəssam  çox orijinal və qeyri-adi formalardan istifadə edərək şəhidə yeni bir ömür bəxş eləyir...

Bu ömrü bəxş eləməklə rəssam, həm də bir şəhid ailəsinin qəlbinə, ürəyinə sevgi gətirir və onları bir qədər də ümidləndirir ki, övladları Vətən yolunda şəhid olan insanların heç biri yaddan çıxmır, nə o şəhid yaddan çıxır, nə də onun ailəsi, balası...

...Boyaların bir-birindən zəngin çalarları, portretdəki incə ştrixlər və detallar rəssamın bir daha necə istedad və ürək sahibi olduğunu ortaya qoyur. Ortaya qoyulan həm də Tural Səlimzadənin böyük ürəyidir. O ürək ki, Elçinin portretini yaradandan sonra Şəmkirə, Gəncəyə gedir, ordakı şəhidlərin də portretlərini yaratmağa can atır. Çəkir demirik ha, yaratmağa! Çünki bu portretdən çox insanın yenidən dünyaya gəlməsinə bənzəyir. O portretə hər gün baxan şəhid atası, şəhid anası və şəhid övladı elə bilir ki, övladı  sağdır, o nəfəs alır, danışır və hər an, hər gün onların yanandadır.

Əlbəttə, rəssamın belə bir istedadı və qeyri-adi bir peşəkarlığı onu deməyə əsas verir ki, şəhid oğullarımız kimi vətənpərvər, millətini və xalqını sevən rəssamlarımız da var. Tural Qələndər oğlu Səlimzadə kimi!

Portret hazır olandan sonra şəhid Elçin Süleymanovun ev muzeyi yenidən təşkil edilib. Bu muzeydə nələr yoxdu?! Elçinin döyüşdə geydiyi hərbi paltar, müxtəlif şəkillər, cənab Prezident tərəfindən təltif edildiyi medallar  və hətta qızı Xalidə ilə olan şəkillər... Düzdü, o görüntülürə baxanda adam kövrəlir və istər-istəməz qəhər insanı boğur. Amma bir də görürsən ki, toxdayırsan və bu ev muzeyini görüb Elçini ziyarət edərək bir daha onun ruhunun şad olduğunu hiss edirsən. Hiss edirsən ki, muzeydə qoyulmuş onun bütün əşyaları Elçini yada salır... Onun uşaqlığını,  gəncliyini və ən nəhayət sentyabrın 27-dən başlayan döyüş yolunu görürsən...

...Həm də gördüyün odur ki, bu mənzərəni seyr edən hər bir adam cəmi şəhidlərimizi xatırlayır və onların ruhuna dua oxuyur. Muzeydəki portretlər və əşyalar bir daha təsəllidir ki, Elçin Tehran oğlu Süleymanov kimi şəhidlər heç vaxt ölmürlər və onlar bizim aramızdadır. Onları həm də bizə qovuşduran istedadlı rəssam və dünyanın ən təmənnasız rəssamı olan Tural Qələndər oğlu Səlimzadədir. O portretə baxan hər bir insan rəssamın ölənlərinə rəhmət oxuyur, özünə və sağ qalan doğmalarına can sağlığı arzulayır...

TƏQVİM / ARXİV