Faiq QİSMƏTOĞLU: Boş vədlər

FAİQ QİSMƏTOĞLU
410 | 2022-01-24 12:33

...Bu gün biz bir çox məhsulların qıtlığından əziyyət çəkirik. Daha doğrusu, bəzi hallarda burnumuzdan qabağı görə bilmirik. Əgər görə bilsəydik, bax, bu gün yaşadığımız çətin anların şahidi olmazdıq. Amma ölkəmizdə görün nə qədər nazirliklər və qurumlar var. Hansı ki, onlar bir çox məsələləri vaxtında və zamanında həll etməlidilər...

...Hər il dövlət tərəfindən kənd təsərrüfatını - pambıqçılığı, taxılçılığı, tərəvəzçiliyi, heyvandarlığı inkişaf etdirmək üçün milyonlarla vəsait ayrılır. Bəs, milyonlarla vəsait ayrılırsa, dövlət bu qədər kənd təsərrüfatı üçün xərc çəkirsə, nəyə görə biz bir çox məhsulların qıtlığından, azlığından əziyyət çəkməliyik?! Subsidiyaların verilməsi bir çox halda sahibkarların incidilməsi ilə tamamlanır. Məsələn, elə sahibkar var ki, subsidiyanı vaxtında ala bilmir və əkin işlərini aparmaqda çətinliklər çəkir. Çünki bu vəsait olmadan əkin sahəsini şumlamaq və digər aqrotexniki qaydaları yerinə yetirmək elə də asan deyil...

...O günü televiziya kanalının birində bir sahibkar gileylənirdi ki, subsidiyanı vaxtında ala bilmədiyimə görə əkin işlərimi görə bilmirəm. Hansı ki, hökumət bu vəsaiti bizə ayırıb. Amma Kənd Təsərrüfatı Nazirliyi onu vaxtında vermir. Bax, belə-belə işlər istər-istəməz bir çox sahibkarları, fermerləri ruhdan salır və işdən soyudur. Üstəlik də onların istehsal etdiyi məhsullar bir çox halda bazarı tapılmadığına görə satılmır və nəticədə həmin sahibkar növbəti ildə torpağı əkmir, əli, qolu işdən soyuyur...

Çünki o sahibkarı da qınamalı deyil. Becərdiyi məhsul heç onun maya dəyəri eləmir. O da düşünür ki, ilboyu əziyyət çəkirəm, kartof, soğan yetişdirirəm, onu da su qiymətinə satıram, alan yoxdur! Ona görə də növbəti ildə o fermer məhsulu əksə də, ancaq özünün və ailəsinin ehtiyacını ödəmək üçün becərir.

Bu günün özündə də meyvə bağlarından alma, nar və digər meyvələr yetişdirib yığan sahibkarlar çıxılmaz vəziyyətdə qalıblar. Ona görə çıxılmaz vəziyyətdə qalıblar ki, artıq qışın oğlan çağıdır, onların məhsulları anbarda qalıb xarab olur. Məsələn, mən Qubada bir fermer tanıyıram, almanın kiloqramını 15-20 qəpiyə verməyə məcburdur. Deyir ki, əgər 15-20 qəpiyə verməsəm, o almalar çürüyəcək. Hətta bəziləri əsəbləşib alma bağlarındakı alma ağacını çıxarıb, odun kimi istifadə edirlər. Deyir, qazımız gəlmir, meşədən də gətirilən odunun bir maşınını 200 manata verirlər. Elə ondansa, ağacları çıxarıb yandırmaq daha yaxşıdır.

...İndi görün, rayonlarda bəzi fermerlər hansı çətinliklə üzləşirlər. Kənd Təsərrüfatı Nazirliyi Bakıda belə bir yarmarka təşkil edib: «Kənddən şəhərə». Bu yarmarkada kənddən gətirilən məhsullar guya şəhərdə ucuz qiymətə satılır. İnanan, daşa dönsün! Bizim özümüz də dəfələrlə həmin yarmarkalara baş çəkmişik, orda satılan məhsulların 8-ci kilometr bazarı ilə müqayisədə çox bahalı olduğunu görmüşük. Əsl kəndli qalıb qıraqda, kimlərsə özlərinə yaxın adamları həmin yarmarkalarda yerləşdirib pul qazanırlar. Məgər, o qədər çətin işdir ki, əsl fermer və sahibkarı tapasan, o da gətirib almanı, narı və digər meyvələri ucuz qiymətə satalar?! Məsələn, bizim həyətə alma gətirib satırlar, kiloqramı 30-40 qəpiyə. Amma həmin almanı kənddən şəhərə təşkil edilmiş yarmarkada 50-60 qəpikdən aşağı satmırlar.

Hələ biz bazarları demirik. Amma hər bazarın da öz satıcısı var. Əgər nabələd adam hər hansı bazara bostan-tərəvəz məhsulu gətirsə, gecə saat 4-də, 5-də ya onu su qiymətinə alacaqlar, ya da bazara buraxmayacaqlar. Əcəba, bəs bu insanlar neyləsinlər? İlboyu əkib-becərdiyi məhsulları harda satsınlar və başlarına nə çarə qılsınlar?!

Ona görə də əlaqədar qurumlar insanlara yağlı vəd verib onları aldatmamalıdılar. Ay bağ belə, bostan belə! Çünki insanlar, daha doğrusu, fermerlər tay yalan söz-söhbətlərə, vədlərə inanmırlar. Ən azından onlar danışılanlara yox, gördüklərinə inanırlar. Gördükləri isə odur ki, onların ilboyu tər töküb əziyyət çəkdiyi və becərdiyi alma, soğan, nar anbarda qalıb xarab olur. Xaricdən isə ölkəmizə keyfiyyətsiz mer-mevyələr idxal edilir.

Görünür, oliqarxlar istəmirlər ki, ölkəmizdə yerli istehsal inkişaf eləsin, fermerlər və sahibkarlar yaxşı dolansın və eyni zamanda məmləkətimzdə bol məhsulun olmasını arzulamırlar. Ən azından ona görə ki, yaranmış qıtlıq zamanı özlərinin keyfiyyətsiz və dadsız bostan-tərəvəz məhsullarını baha qiymətinə əhaliyə sırısınlar.

TƏQVİM / ARXİV