adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Acından ölürəm...

FAİQ QİSMƏTOĞLU
394 | 2022-07-20 13:20



...Bir neçə gün bundan əvvəl Milli Elmlər Akademiyasının qarşısındakı parkda yaşlı qadın qışqıra-qışqıra deyirdi ki, acından ölürəm, mənə kömək edin! Onun bu səsinə ordan ötənlərin heç birisi reaksiya vermirdi. Düşündüm ki, bəlkə acından ölən qadının səsini eşitmirlər. Amma yenə o qadın qışqıra-qışqıra deyəndə ki, acından ölürəm, bu səsi eşitməmək mümkün deyildi. Eşitməyinə eşidirdilər, sadəcə olaraq ona kömək etmək istəyən yox idi. Sanki insanlar hamısı bir robota bənzəyirdi və bu anı, bu məqamı soyuqqanlıqla seyr edirdilər...
Təbii ki, ürəyi və insanlıq sevgisi olan adam həmin qadına laqeyd münasibət bəsləyə bilməzdi. Qadına yaxınlaşdım, niyə acından ölməyinin səbəbini soruşdum. Dedi ki, cibimdə bir manat yoxdu ki, gedim bir çörək alım, onu yavan da olsa, yeyim. Doğurdan da həmin qadın dilənçi deyildi və dilənməyə də utanırdı.
...Cibimdən çıxarıb ona pul verdim, amma götürmədi. Dedi acından ölsəm də heç kimin köməyini istəmirəm. Axır ki, çətinliklə də olsa mənim verdiyim pulu qəbul elədi və gedib yaxınlıqdakı köşkdən bulka, bir şüşə də şirəli su aldı. Qayıdıb yaxınlıqdakı çinar ağacının kölgəsində əyləşib şirin-şirin yeməyə başladı. Elə bil ki, qadının gözlərinə işıq gəldi. Onun səsi də, çöhrəsi də dəyişdi. Səsində bir nikbinlik yarandı, çöhrəsində isə sevinc hissi oyandı...
...Hər kim bir ac adamı doydursa, onun yeri cənnətdir. İndi də zəmanə o qədər çətinləşib ki, hər bir adam öz dərdinin, sərinin içindən çıxmağa bir yol axtarır. Yəni başqasına kömək etməyə bir o qədər də gücü, qüvvəsi çatmır. Söhbət ondan getmir ki, bu gün kimlərsə acından ölür. Hələ ki, ölkəmizdə bir nəfər olsun belə acından ölməyib. Başqa sözlə demiş olsaq, insanların gündəlik ehtiyacını ödəmək üçün aldıqları təqaüd və eləcə də digər müavinatlar onları çətin vəziyyətdən çıxmasına yardım edir. Düzdür, indi ölkəmizdə dünyada gedən bahalaşma ilə əlaqədar olaraq qiymətlər sürətlə yüksəlməkdədir. Yəni az qala hər gün, hər həftə ərzaq məhsullarının, qidaların qiyməti qalxmaqda davam edir.
Bu gün dünyada 200 milyondan çox insan aclıq şəraitində yaşayır. Yəni onlar adi çörək belə tapıb yeyə bilmirlər. Somalidə minlərlə insan acından qırılır. Amma onlara baxanda bizə min şükür. Mağazalar, marketlər, bazar-dükanlar ərzaq və qida məhsulları ilə dopdoludur. Əlbəttə, bayaq dedik axı, qiymətlərin bahalaşması vəziyyəti bir qədər çətinləşdirsə də, çıxış yolu tapmaq da mümkündür. Bu çıxış yolu da bütün ərzaq və qida məhsullarına, o cümlədən, çörəyə qənaət etməkdir.
...Səhər-səhər evimizin yanındakı zibil qutularına baxanda ürəyimdən qara qanlar axır. Neçə-neçə selofan torbanın içinə çörək yığılıb və zibil qutusunun yanına asılıb. Elə adam da var ki, asmağa yer tapmayıb, selofan torbaya yığdığı çörəyi zibil qutusunun yanına qoyub. Bir başqası isə çörəyə hörmətsizlik edərək selofan torbanı zibil qutusuna atıb.
Bizim bir qonşumuz var - Əli müəllim. Zibil qutusunun yanındakı quru çörəkləri götürüb məktəbin həyətinə aparır, çörəyi ovaraq ordakı göyərçinlərin qabağına tökür və göyərçinlər də Əli müəllimin ovcunda xırdaladığı çörək tikələrini gözlərinə təpirlər. Bu səhnəni dəfələrlə seyr etmişəm və axırda da Əli müəllimə demişəm ki, çox böyük savab iş görürsən. O çörəklər zibil qutusunda qalmaqdansa quşlara verilsə, daha savab işdir. Sən də belə savab iş görürsən.
Qonşum Tahir isə zibil qutusunun yanındakı çörəkləri görəndə cin vurur başına və deyir ki, bunu zibil qutusuna atanlar aclıq nə olduğunu bilmirlər. Bax, bu dəqiqə, bu an Ukraynada bu bir tikə çörək üçün acından ölən insanlar var. Mənim anam deyərdi ki, bala, kəndimizdə 1941-1945-ci illər müharibədə ölənlərdən acından ölənlər daha çox idi. İndi düşünürəm ki, anam nə gözəl deyibmiş. Bax, zibil qutularında çörəyi görəndə hirsimdən bilmirəm neyniyim, qoy çörəyin qiymətini qaldırıb iki manat eləsinlər ki, camaat evdə qalan çörəyi zibil qutusuna atmasın. Vallah, mən buna qudurğanlıq deyərəm. Tay bunun başqa adı yoxdu.
Sovet dövründə Ali Sovetin sədri işləmiş İskəndərovun xidmətçisi deyir ki, mən onun evində uzun illər ailəyə qulluq eləmişəm. Bir dəfə görmədim ki, bir tikə çörək zibil qutusuna atılsın. Əksinə rəhmətlik İskəndərov süfrənin üstündəki çörək qırıntılarını ovcuna yığır və axırda da ağzına atıb yeyirdi. Deyirdi ki, siz bilməzsiniz aclıq nə olan şeydir. Bax, bu çörək qırıntısı üçün minlərlə insan acından ölüb.
Görürsünüzmü, yaşlı nəslin çörəyə nə qədər böyük hörməti var. Çünki onlar bilirlər ki, aclıq nə deməkdir, yalavaclıq nə deməkdir. İnsanlar başa düşmürlər ki, bir tikə çörək üçün adam acından ölə bilər. Çörək tapılmayanda və qəhətə çıxanda biz onun qədrini bilirik. İndi çörək boldursa, o demək deyil ki, onu hara gəldi atmalıyıq, aparıb zibil qutusunun yanına qoymalıyıq. Hansı ki, bir neçə gün bundan əvvəl bir qadın qışqıra-qışqıra deyirdi ki, acından ölürəm. Düzdü ey, bizdə acından ölən yoxdur, amma çörəyə belə hörmətsizlik bəsləyiriksə, bu Allaha da ağır gedər və biz aclıqla sınağa çəkilərik və hətta acından ölərik...


 

TƏQVİM / ARXİV