EŞŞƏK HAQQINDA BALLADA

22662 | 2007-07-31 14:32
gədəbəy kartofu, Sabirabad qarpızı, Kəlbəcər balı, Quba alması, Bərdə pambığı, Ağcabədi pendiri, göyçay narı, Şamaxı çaxırı... Bizdə hər şey öz adı ilə, öz yeri ilə məşhurdu. Dağlı çörəyinin arasına bir-iki tikə Ağcabədi pendiri qoyub, Şamaxı çaxırından içə-içə, Xırdalan pivəsinə lağ eləmək adətimizdi. Axşamüstü də Lənkəran ləvəngisini qabağına qoyub Xanlar samaqonu ilə onu həzm-rabedən keçirəndə yuxunda mütləq Salyan balığından hazırlanmış uxa (balıq supu) görərsən.
   
   Qarabağ atı, ağdaşlı yabısı, Yevlax ağcaqanadı, Tərtər quzusu, Lerik çəpişi... də yaddan çıxan canlı deyil. İndi də... Qədəşoba eşşəyi. İndiyə qədər "Həmədan eşşəyi" deyib importnı adla canımızı qurtarırdıq. Axır ki, "mestni" ad tapıldı - Qədəşoba eşşəyi.
   
   Ə, bu eşşəyin eşşəkliyinə bax ki, günün günorta çağı o boyda kişinin qarnını dişləyib. Biz görmüşük ki, eşşək fağır olar, yazıq olar. Və onu da bilirik ki, dünyada ən kədərli göz eşşəyin gözüdür. Amma bu heyvanın başqa özəllikləri də var. O, ancaq bulağın gözündən, ən təmiz yerindən su içər. Yeganə canlıdır ki, balası, yəni qoduğu anasından qabaqda gedər. O da məlumdur ki, eşşək palçığa batdığı yerdən bir daha keçməz.
   
   Düzdür, arabir eşşək-eşşək hərəkətlər də eləyir. Məsələn soncuqlayır. Aha, bilirəm ki, "soncuqlamaq" sözünü anlayan az oldu. Soncuqlamaq, yəni bir də görürsən ki, eşşək vəhyə gəlib şıllaq ata-ata ora-bura atdanıb-düşür. Bax, buna soncuqlamaq deyirlər.
   
   Eşşəyin bir xüsusiyyəti də onun anqırmasıdır. Əvvəlcə çox uzun bir "hava" çığırır, sonra ia-ia-ia deyərək "mahnısını" bitirir.
   
   Həm də çox namuslu heyvandır. Məsələn, qatır at ilə eşşəyin cütləşməsindən, yəni sevişməsindən əmələ gəlir, amma unutmayın ki, bu qatır nə doğur, nə də törəyir. Fəqət onu da bilin ki, həmin sevişmədə eşşəyin dişisi yox, erkəyi iştirak edir. Yəni o, atın razılığı ilə onunla... o söz. Və at da qatır doğur ki, bu qatır çox güclü heyvandır, ən ağır yükləri daşıyır, həm də ata da oxşayır, eşşəyə də.
   
   Birdən elə düşünərsiniz ki, mən eşşəkşünasam. Əsla! gördüklərimi və eşitdiklərimi söylədim. Amma Qədəşoba eşşəyinin o cür eşşəklik eləməsini nə mən, nə də günəşli respublikamızın eşşəkşünas alimləri gözləyirdi. Həm də o gün eşitdiyim bir söz məni xeyli düşündürdü. Yaşlı kişi kiminsə qarasına dedi:
   
   - O qudurub, bala. Qədəşoba eşşəyi kimi qudurub.
   
   Dedim ahaa, təzə ifadə qazanmışıq. Və doğrudan da fikir verin - yazığın, fağırın biri, qulaqlarını sallayıb gecə-gündüz sənin qulluğunda durur, əziyyətini çəkir. Elə ki, pullanır, yaxud vəzifə sahibi olur, daha üzünü görmə. Qədəşoba eşşəyi kimi dörd yanını dalayır. Bir də görürsən ki, dünənə qədər "ağa", "bəy" dediyi adamdan eşşək-eşşək xəbər alır:
   
   - Sən kimsən? Nə istəyirsən?
   
   Sonra anqırır:
   
   - İ-aaa! Ə, mən səninçün nəyəm? Nə istəyirsən? Qoymazsan işimizi görək?
   
   Bir xeyli həmin vəzifə kreslosunda ağnayandan (ağnamaq - eşşəyin arxası üstə uzanıb belini yerə sürtməsi, qaşınması deməkdir) sonra qudurur. Başlayır tabeliyində olanları qapmağa (dişləməyə). Yəni qudurur - Qədəşoba eşşəyi kimi.
   
   Odur ki, ehtiyatlı olun. Eşşəyə minmək bir ayıb, düşmək ikinci ayıbdır. gəlin köçüb üzüqara çıxan lotu-beçələri də tərsinə mindirirlər eşşəyin belinə. Başını da qırxırlar. Tak şto, eşşəyə tərsinə minmiş qız-zad görsəniz, bilin ki, üzüqara çıxıb.
   
   Eşşək haqqında elmi fikirlərimizi hələlik bu qədər nəzərinizə çatdırdıq. "Ölmə, eşşəyim, ölmə, yaz gələr yonca bitər". "Eşşəyə min ata çatınca". "Dəvəni eşşəyin noxtasına bağlayıblar" və sairə və ilaxır məsəllər barədə özünüz bilirsiniz. Təkrara ehtiyac görmürük. Rəhmətlik Molla Nəsrəddin də eşşəklə çox gəzib dolanıb. Qızılcaya qarşı eşşək südünün xeyrindən də xəbərdarsız.
   
   Amma elmdə, yəni eşşəkşünaslıqda yaranmış yeni termini də unutmayın: "Qədəşoba eşşəyi".
   
   Quduran, yolunu azan, dünənini unudan, yerli-yersiz anqıran, onu-bunu dişləyən görsəniz, elə-belə də deyin:
   
   - Qədəşoba eşşəyi!
   
   Tem bole bu eşşəyi çaqqallar qudurdubmuş...
   
   

TƏQVİM / ARXİV