Əlikram talış xalqına aid deyil!

618 | 2022-12-24 15:20


Hələ lap qədimlərdən bu günə qədər yurdumuz çətinliklərlə üzləşəndə, yadellilər torpağımıza işğalçılıq meyilləri ilə tamah salanda, qoşun çəkəndə bu torpağın üzərində bərqərar olan hər kəs, hər kişi silaha sarılıb, yurdunu qoruyub. Türklərlə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, malakanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar yaşadığı vətən torpağı üçün canlarından keçiblər.


Azərbaycanda 1990-cı illərə qədər “milli mənsubiyyət” söhbəti olmadı, Hamı bir-birində qız aldı, qız verdi, qohumlaşdı, lap doğmalaşdı (İndi də belədir, buna şübhəniz olmasın).

.Amma sovet ittifaqı dağılandan, Azərbaycana düşmən olan dövlətlər, gizli qurumlar içimizdəki birliyi-bütünlüyü parçalamaq üçün təlimat alandan sonra bir çox düşüncəsi, birliyi, zəif azərbaycanlılar həmin qurum və düşmən dövlətlərin tilovuna asanca düşə bildilər. Yəqin ki, unutmamısınız: Ermənistan xüsusi xidmət orqanlarının "qarmağına ilişmiş" Azər Aslanov 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" və "Gənclik" stansiyası arasında qatarda terror aktını həyata keçirmişdi. Azərbaycan kimi “yağlı tikə”nin əlindən çıxmasına qəzəblənən Rusiyanın yaradıcısı olduğu separatçı, terrorçu “Sadval” ləzgi milli hərəkatı” adlı təşkilatın üzvü olan ekstrimistlərə qarşı ən çox mübarizə aparan elə qardaşımız ləzgilər oldu. “Sadval”ın da, onun yaradıcılarının da ləzgilər arasında apardığı antiazərbaycan təbliğatına ləzgi vətənpərvərləri, ləzgi ziyalıları yumruq kimi birləşdi və Allaha şükür ki, artıq belə təhlükə yoxdur. Artıq “Sadval”ın çərənləmələrinə inanan ləzgilər də yoxdu! Qarabağ müharibəsində də, Vətən müharibəsin də  döyüş meydanına atılan igid ləzgi oğulları bunu bir daha təsdiq etdilər!Separatizm ölkəmizin şimalında baş tutmadı!

Sosial şəbəkələr artıq beyinlərin yuyulması, separatizmin genişlənməsi, insanların yanlış yola yönləndirilməsi üçün adını qeyd etdiyim düşmən dövlətlərin, gizli qurumların geniş meydanına çevrilib. Ləzgiləri necə deyərlər “yerindən tərpədə bilməyən” , əqidəsindən döndərə bilməyən qüvvələr 10 ildən çoxdur ki, yönlərini cənuba çeviriblər!

 

"Talışlar"ı problemə çevirmək istəyənlər...


Əlikram Hümbətov hələ 1992-ci ildən düşmən dövlətlərin "qarmağına keçmiş", separatçılıqla xalqının nümayəndələrini üz-üzə qoyaraq "boynuna biçilmiş öhdəlikləri" yerinə yetirməyə başlayır. O, 1993-cü ildə avqustunda ölkədə mövcud gərginlikdən sui-istifadə edərək Cənubda yerləşdirilmiş hərbi hissələri, icra aparatlarını və hüquq-mühafizə orqanlarının tabeçiliyini ələ keçirir.  Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarını özünə tabe edir. Qondarma "Talış-Muğan Respublikası"nın yaradaraq özünü də prezident elan edir. Qondarma da olsa,  burda vəzifə tutmaq bir çox separatçının arzusu olur. Separatçılıq və bu ideyanın daşıyıcıları əməli işə keçirlər. Beləliklə, gənclərin beyinlərinin yuyulması, separatizmə təşviq başlayır. Amma 2013-cü il sentyabrın 24-də İrəvana Talış-Muğan Respublikasının prezidenti kimi səfər edərək İrəvan Dövlət Unversitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr pilləsinin açılışını etməsi və daha sonra işğal altında olan Dağlıq Qarabağa səfər edərək Xankəndində yerləşən universitetlərin birində çıxış etməsi Əlikramın maskasını yırtır. Onun murdar siması hər kəsə daha aydın bəlli olur. Düzdür, indi də onun “ideyasının” bir ovuc davamçısı var. Ziyalı, əxlaqlı, mərd, vətənpərvər, dövləti-xalqı üçün canından keçməyə hazır olan talışlar isə indiyənə qədər nə "Talış-Muğan Respublikası"nı nə Əlikram Hümbətovu, nə Fəxrəddin Abbaszadə, Zabil Məhərrəmov, Marieta Vartanyan(Kərimova Marieta Məhərrəm qızı- teleaparıcı İlhamə Cəfərzadə), Şahin Mirzəyev kimi tör-töküntüləri, nə də onların əlaltılarını qəbul edib.

 

 Separatizmlə xalqı qarışdırmayaq


Dünya xalqlarının, dövlətlərinin təcrübələrinə baxaq: Nəhəng türk dünyasının lideri Qazi Mustafa Kamal Atatürk hər hansı çıxışında Türkiyədən söz açarkən "Türklerin ve Kürtlerin müşterek vatanı" deyə sözünə davam etmişdir. Mustafa Kamal Paşa deyib ki, türklər və kürdlər “bir-birinə hörmət və fədakarlıqla dolu, bir-birinin irq və sosial vəziyyətinə, ətraf mühit şəraitinə tam hörmət edən doğma qardaşdırlar”.

(Əminəm, biz də beləcə davam edəcəyik!)

PKK isə kürd xalqı demək deyil. Elə qondarma "Talış-Muğan Respublikası” da, Əlikram da, Şahin də, Fəxrəddin də, digər separatçılar da talış xalqı demək deyil! Çunki bu ünsürlərin igid talışlarla heç bir əlaqəsi yoxdur! “Talışlar” deyiləndə mənim gözümün qarşısında ilk öncə müqəddəs şəhid,  vətən üçün əməyi, xidməti dastana dönən igidimiz Pəncəli Teymurovun nurlu siması canlanır!

Yaşasın türklərin, talışların və diğər Azərbaycan əsilli xalqların birliyi, sevgisi, qardaşlığı! Vətən uğrunda şəhid olmuş Talış oğullarının simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!

 Əntiqə Rəşid 

 

  • May:
  • 2

TƏQVİM / ARXİV