adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ƏBüLFƏT MiSiRO?LU VARDI...

62063 | 2006-11-25 09:29
İstedadlı, əqidəli bir dostumuz vardı - Əbülfət Misiroğlu. Dənizi, göy səmanı xatırladan gözlərində minbir arzu yaşayırdı. "Molodaya qvardiya"da dərc olunmuş "Gözlər" hekayəsi onu bütün İttifaqda tanıtmışdı. Ünvanına saysız-hesabsız məktublar gəlirdi. Amma ömür vəfa etmədi. Cəmi bir neçə kitab nəşr etdirə bildi. Onun ölümünə ömür-şün yoldaşı, "bacı" dediyimiz Məryəm də dözmədi. Sevdiyi Əbülfətin arxasınca köç elədi.
   
   Bütün bunlar kədərli xatırlatmamızdır. Amma Əbülfət Misiroğlu mənim yaddaşımda bir yumor, gülüş yaradıcısı kimi heç vaxt silinmir. Bir-iki əhvalatı sizə də danışmaq istərdim.
   
   ... Günlərin birində kirayə ev axtarırdıq. Nəhayət, keçmiş Basin küçəsində cuhud arvdla söhbətimiz tutdu. İçəri keçib evə baxdıq. "Klassik" Bakı evlərindən idi. Spesifik qoxusu, ab-havası da öz yerində. Bizə təklif olunan otaqda bir çarpayı, divan və şifoner vardı. Arvadla razılaşıb, ayın-oyunu gətirməyə getdik.
   
   Amma kimin harada yatacağını hələ də ayırd etməmişdik və heç birimiz bu söhbətin üstünə gəlmirdik. Təbii ki, belə davam edə bilməzdi və yatacaq yerlərimizi bölüşməliydik.
   
   Birdən Əbülfət dilləndi"::
   
   - Qardaş, öz aramızdı haa, sənin divanın çox rahat idi.
   
   Yəni bu sözlə o, çarpayıya yiyə çıxdı və küçənin ortasında ikimiz də şaqqanaq çəkib güldük. Tanıyanlar Əbülfətin gülüşünə bələddirlər. Onun qəhqəhəsi daşı-divarı titrədirdi. Və elə həmin anda keçib-gedənlər dayanıb onun gülüşünə qulaq asdılar. Ümumiyyətlə, onun qəhqəhəsindən hamı ləzzət alırdı.
   
   ... Yenə günlərin birində Əhmədli qəsəbəsi tərəflərdə yeyib-içirdik. Qayıdanda bircə rubl pulumuz qalmışdı. O vaxtlar taksi-filan da çox az olurdu. Bir xeyli gözlədik. Nəhayət, "Volqa" QAZ-21 göründü. Gecənin bu vədəsində maşına əyləşdik. Bir az getmişdik ki, Əbülfət həmin bir rublu çıxarıb sürücüyə uzatdı"::
   
   - Al, qardaş!
   
   Sürücü pula baxdı"::
   
   - Bu nədi?
   
   - Bir manatdı.
   
   - Hara gedəcəksiniz?
   
   Əbülfət dərindən nəfəs alıb dilləndi"::
   
   - Qardaş, getməyinə şəhərə, Nərimanov prospektinə gedəcəyik. Bilirəm ki, o qədər yola bir manat azdır. Sən sür, bir manat harada qurtarsa, orada da saxla düşək.
   
   Sürücünü gülmək tutdu. Maşınını saxlayıb doyunca güldü və həmin pulu Əbülfətə uzatdı"::
   
   - Qardaş, Allah köməyin olsun! Qanım bərk qara idi. Sən məni azı on-on iki manatlıq güldürdün. Al bu pula da pivə için. Sizi dediyiniz adresə pulsuz-parasız çatdıracam.
   
   ... Bir gün mənə zəng elədi ki, gəl görüşək. Görüşdük. Dedi bizim dostumuz var, həyasızın birinə ilişib. Yəni oğlanla beş-altı dəfə görüşəndən sonra iki ayağını bir başmağa dirəyib ki, mən bakirə idim. İndi ata-anası qanlarını qaşığa qoyublar ki, şikayət edəcəyik. Gəl gedək görək nə olur.
   
   Gəldik Yasamala. Qızın anası rayondan durub gəlmişdi ora. İçəri girəndə arvad üz-gözünü cırdı"::
   
   - Qızımı bədbəxt eləyib! Namusuna toxunub! Onu türmələrdə çürüdəcəm!
   
   Bir təhər sakitləşdirdik. Arvad məni dinməz görüb "dərdini" danışmağa başladı"::
   
   - A bala, yazıq uşağım düz altı aydır ki, sızıldayıb bu üzünə dönür, inildəyib o üzünə dönür.
   
   Mən də avam-avam xəbər aldım"::
   
   - Nə olub ki?
   
   Arvadı od götürdü"::
   
   - Necə yəni nə olub? Sizin dostunuz qız uşağımı altı ay bundan qabaq bədbəxt eləyib də!
   
   Əbülfət diqqətlə onun üzünə baxdı"::
   
   - Neçə yaşın var?
   
   - Əlli bir.
   
   - Ay sağ ol! Rəhmətliyin qızı, sən də ərə getmisən, zifaf gecən olub, görüb-götürmüş adamsan. Necə yəni qızım altı aydır ki, sızıldayıb, inildəyir? Nə olub ki? Dostumuz onun yatağına bomba tullayıb, mina qoyub partladıb, nədir? Altı ay iş olar?
   
   Arvadın nitqi tutuldu, əli üzündə qaldı.
   
   ... Bax, belə! Şahid olduğum bir-iki hadisə danışdım. Söylənməli əhvalatlar isə çoxdur, lap çox! İnşallah, xatırlayıb, yadıma salıb, yenə danışacam.

TƏQVİM / ARXİV