adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: -Şeirimizin Şuşa günü Səfər qeydləri

ƏBÜLFƏT MƏDƏTOĞLU
346 | 2022-07-21 13:04

Artıq hər kəsə məlum olduğu kimi bu ayın 13-15 arası Şuşada möhtəşəm söz bayramı keçirildi. Bu  il  işğaldan azad edilmiş Qarabağın və bütövlükdə Azərbaycanın ürəyinin döyündüyü Şuşa şəhəri ikinci dəfə söz bayramı, şeir bayramı gerçəkləşdirdi özündə. Ən yüksək səviyyədə keçirilən bu bayramın özəllikləri və gözəllikləri danılmazdır. Öncə özəlliklərindən danışım...

Hələ ötən əsrin 80-ci illərində, daha dəqiq desəm, 1982-ci ildə Şuşada Molla Pənah Vaqifin abidəsi ucaldı, məqbərəsi tikildi. Və elə həmin ildə Şuşada Vaqif poeziya günlərinin ilk açılışı oldu. Bununla da ədəbiyyatımızda, ictimai-siyasi həyatımızda bir ənənənin başlanğıcına start verildi. Həmin ildən 1989-cu ilə qədər davam etdirilən Vaqif poeziya günlərindən iştirakçı olmaq, söz bayramını dinləyici, izləyici kimi seyr etmək, o illəri yaşamış insanlar üçün önəmli və əziz xatirədir. Heç də təsadüfi deyil ki, həmin illərdə Şuşaya gələn hər kəs birmənalı şəkildə bu müqəddəs ünvanı ziyarət edir, Vaqifin şeir dünyasına baş vururdu. Bununla da şeirimizin, Vaqifimizin ruhu da, ovqatı da, şeiri də təzələnirdi. Adamlar, xüsusilə ədəbiyyatsevərlər bir addım da Vaqifə yaxınlaşırdı...

Həmin illərdə Azərbaycan ədəbiyyatının ən ünlü simaları, eləcə də keçmiş sovetlər birliyinin tanınmış söz adamları Şuşada keçirilən poeziya günlərinə qatılır, onun çervəsini, əhəmiyyətini bir az da genişləndirir, onu bir az da əzəmətli edirdilər. Təəssüf ki, Azərbaycanın zorla müharibəyə cəlb edilməsi bir çox tədbirlərimizi, mədəni həyatımızı dondurdu, torpaqlarımızın işğalı Qarabağda həyatı söndürdü. Nəticədə Xarı bülbül festivalı da, Vaqif poeziya günləri də digər möhtəşəm və kütləvi bayramlarımız kimi əsirlik yaşamağa məhkum oldu. Amma unudulmadı, xatirələrdə, yaddaşlarda, bir də ki, lentlərdə, video yazılarda qaldı!..

44 günlük Zəfər müharibəmiz həm torpaqlarımızın azadlığını, həm də dondurulmuş, əsir götürülmüş mənəvi sərvətlərimizin yenidən həyata qayıtmasına bir START verildi. Məhz Azərbaycan əsgərinin şücaəti xatirəyə çevrilən yuxularımıza gələn keçmiş özəllikləri oyatdı, diriltdi, ayağa qaldırdı. Elə Şuşada da öncə Xarı bülbül festivalı, onun ardınca da 30 ildən sonra Vaqif poeziya günləri bir növ qapısını hər birimzin üzünə açdı. Mənə bu bayramın hər ikisində iştirak etmək nəsib oldu. İlk dəfə Şuşaya, məhz ötən il Vaqif poeziya günlərində getdim.  Bu işğal edilmiş torpaqlarımızın azadlığının mənə yaşatdığı ən həyəcanlı anlar idi. Ona görə də yazdığım silsilə yazımı «Ay camaat, Şuşaya gedirəm!» adlandıraraq sevincim hər kəslə bölüşmüşdüm. Elə bu dəfə də Şuşaya getdim. Yenə Vaqifin ziyarətində oldum, yenə Cıdır düzünü gəzdim, yenə Şuşanı dolaşdım və bu dəfə Şuşanı bir az da dirçələn, bir az da qamətini düzəldən gördüm. Artıq Şuşada həyat əlamətləri daha çox hiss olunurdu. Xüsusilə dağıdılmış evlərin divarlarına, giriş qapılarına yazılmış «minadan təmizlənib»  sözlərini görüb oxumaq məndə qəribə hisslər, duyğular yaratdı. Deməli Şuşada düşmənin ölüm xofu yoxdu, aradan qaldırılıbdı. Bu həm Şuşa üçün, həm də buraya dönməyə başlayan, işləməyə gələn, ziyarət edən hər kəs üçün çox böyük anlam kəsb edir. Bunu da Azərbaycan əsgəri yerinə yetirib. Eşq olsun əsgərimizə!

Vaqif poeziya günlərində mənim üçün ən önəmlisi qazi şairlərimizə verilən meydan idi. Onların qəhrəmanlıqları, oxuduqları şeirdə də ən həssas duyğu kimi gəlib keçirdi. Bu mənada Emin Pirinin və onun digər qazi dostlarının döyüşçü paltarında, məqbərə önündə qətiyyətli və məğrur bir görkəmdə səsləndirdikləri şeirlər qələbəmizin əbədiliyinə daha bir inanc idi.  Tədbirə ağsaqqallıq edən tanınmış yazıçı və şairlərimiz, o cümlədən AYB-nin sədri, xalq yazıçısı Anarın, həmçinin Mədəniyyət naziri Anar Kərimovun və digərlərinin burada olması təkcə əhval-ruhiyyəni deyil, ovqatı deyil, həm də sözə verilən dəyəri mənim gözümdə bir az da ucaltdı. Təbii ki, bu günlərin ən möhtəşəm məqamı Cıdır düzündə keçirilən səhnələşdirilmiş bayram - Söz-musiqi təqdimatı idi. İnanın ki, mən həmin o təqdimatın aurasından hələ də çıxa bilməmişəm. Azərbaycanın mədəniyyət xadimləri, poeziyamızın nəhənglərinin – Nəsiminin, Nizaminin, Füzulinin,  Zakirin, Nəvvabın, Natəvanın, Məhsətinin, Xətainin, Vidadinin, Vaqifin şeirləri əsasında musiqinin dili ilə əsl ədəbi-bədii gecə yaratmışdılar. Heç kim bu möhtəşəm kompozisiyadan gözünü çəkib diqqətini yayındıra bilmirdi. Hamı sözün, musiqinin içərisində idi...

Mən Vaqif poeziya günlərində iştirakımla təbii ki, qürur duyuram və mənə bu anların iştirakçısı olmaq imkanı yaradan hər   kəsə ürəkdən minnətdaram. Baxmayaraq ki, mən orada özümün bir az kədərin əlindən xilas edə bilmədim. Bu kədər də həmin günlərin iştirakçısı olmayan ruhları Vaqifin ruhunu salamlamağa gəlmiş şairlərimizin haqq dünyasına qovuşmasından qaynaqlanırdı. Ona görə də mən elə məqbərə önündə ürəyimdə öz-özümə pıçıldayırdım:

 

Burda – ön cərgədə Məmməd Arazın,

Burda Bəxtiyarın yerin görünür...

Burda Zəlimxanın, burda Şahmarın –

Nüsrətin coşqulu şeiri görünür...

 

Ürəyi atlanan Xəlil Rzanın

Sakit görkəmində Nəbi Xəzrinin...

Hüseynin, Qabilin, Fikrət, Cabirin -

Yeri  önündədi Şuşa vəzirinin...

 

Familin, Eldarın, Rəfiq Zəkanın,

İlyasın, Davudun, Əlifoğlunun

Vaqif İbrahimin,  həm Laçının –

Yerini görürdüm mən Kürdoğlunun...

 

Şuşa şölənində, Vaqif günündə

Ruhlar da, sözlər də ləpələnirdi.

Sevgilər, sevinclər Xarı bülbültək -

Şuşa  səmasına səpələnirdi...

 

Bəli, Şuşada işğaldan sonra ikinci Vaqif poeziya günləri keçirildi. Mən bu günlərin təşkilatçılarına, söz adamlarına yaratdıqları şəraitə, göstərdikləri diqqətə görə ürəkdən minnətdarlığımı bildirirəm. Xüsusilə, adamların yerləşdirilməsi, onlara qayğı ilə yanaşılması təqdirəlayiq idi. Təbii ki, həyat davam edir və inşallah, növbəti poeziya bayramı daha möhtəşəm olacaq. Mənim buna şübhəm yoxdu. Çünki bu tədbirin mayası halal söz, halal şeirdi. Hər zaman sözün və bütövlükdə halallığın işığı daha gur yansın və o işıq hər birimizin ömründə özünü ifadə etsin. 

P.S. Mən bu səfərimin bütün detallarını özüm üçün həm dəftərçəmə, həm də yaddaşıma qeyd etmişəm. İnşallah, bu səfərimdə həmsöhbət olduğum qələm dostlarımla, ruh doğmalarımla bağlı məqamları oxucularla bölüşəcəm.

  • Oktyabr:
  • 1

TƏQVİM / ARXİV