Əbülfət Mədətoğlu: İNAD

83 | 2025-07-22 10:17

Susdum daha, danışmağı öldürdüm   
Sözlərimi  baxışlarım bildirər...
Mən özümü  özümə də  güldürdüm - 
Tay özümü  özüm  çətin  dindirər!

Yaddı  mənə  lap əzəldən  ad  - sıra  
Gözüm  tutan, qəlbim  çəkən  öndədi...  
Xəyal   quran anımda  kim asqıra -   
O  mənimçün  sevmədiyim  bəndədi!

Nəm  çəkirəm  duyğulanan  anımda - 
Buluddan da, ağacdan da, daşdan da...
Hüceyrələr  var-gəl  edir qanımda - 
Keçib  gəlib  qurudan da, yaşdan da!

...Qərarlıyam , israrımda  qalıram  
Danışmadan  dan  yerini  sökəcəm...
Mən  kimdən ki,  ilhamımı  alıram - 
O  deyəndə , dizi  üstə  çökəcəm!

TƏQVİM / ARXİV